azia.az
azia.az

QARALILARA QARA GÜN YAŞADAN KƏNDXUDA

3-05-2021, 16:44


Yəqin ki, oxucuların çoxu Azərbaycan kinosunun incilərindən sayılan “Qanun naminə” bədii filminə baxıblar. Filmdə bir epizod var. Kəndlilər fermanın arıq inəklərinin buynuzuna idmarıc yazılmış kağız parçası taxıb prokuror Mehmanın həyətinə sürürlər: “Sən bir bizim qabırğamıza bax, ay prokuror!..” Yəqin, çox keçməz ki, Beyləqan rayonunun Qaraalılar kənd sakinləri də öz qabırğası sayılan heyvanlarını rayon prokurorluğunun həyətinə haylayacaqlar.
QARALILARA QARA GÜN YAŞADAN KƏNDXUDA
Beyləqan Rayon İcra Hakimiyyətinin Qaralılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Kamandar Cəfərovun vəzifəsindən sui-istifadə etməsi, dövlət qulluqçusuna yaraşmayan əməllərə qol qoyması barədə redaksiyamıza məlumat daxil olub. Adının çəkilməsini istəməyən kənd sakini bildirir ki: “kəndxuda Kamandar ərazinin 70 hektar torpağını hənkirləyib, özü əkib. Hansı ki, həmin torpaqlar təyinatına görə örüş-otlaq sahəsir. Kasıb kəndliyə özünüməşğulluq proqramının xətti ilə iki-üç baş qabırğası sayılan arıq inək verilib, onları da otarmağa yer tapılmır”.

Dəryaz qəzetinin redaksiyasına bildirilir ki, Kamandar Cəfərov kəndin heç bir problemi ilə maraqlanmır. Sakinlər kənddaxili yolların bərbadlığından, içməli su bir yana, bağı-bostanı sulamaq üçün cod suyun olmamasından şikayətlənirlər. İcra nümayəndəsi kənd bələdiyyəsinin mülkiyyətində olan torpaqlara da özünün qazanc mənbəyi kimi baxır. Əkilən torpaqlar üçün kənd sakinlərinə verilən subsidiyaların alınmasında Kamandar Cəfərov öz maddi marağını hər şeydən üstün bilir.

Kənddə ailə başçısını itirmiş, imkansız ailələr var. Məlumatda qeyd olunur ki, Kamandar Cəfərov bir dəfə də olsun, onlara tərəf dönüb baxmır, vəziyyətlərini soruşmur. Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı vəziyyət acınacaqlıdır. Bütün arayışlar sakinlərə pulla verilir. Təsərrüfatbaşına uçot kitablarının işlənməsi və məlumatların elektron sistemə daxil edilməsi və digər istiqamətlər üzrə qanunvericiliyin tələblərinə də lazımi səviyyədə əməl olunmur. Nümayəndə yerli əhəmiyyətli sosial məsələlərin həllinə səy göstərmir. Redaksiyamıza verilən informasiyada ən ilginc məqam Kamandarın öz oğlunu xəstəlik adı ilə hərbi xidmətdən yayındırması ilə bağlıdır. İstər-istəməz düşünməli olursan: Görəsən, kəndxuda hərbi komissarlığa çağırdığı oğulları şəhid olmuş, əlil düşmüş, yaralanmış kənd sakinlərinin üzünə necə baxır? Və ümumiyyətlə, xalqına, vətəninə xeyri dəyməyən belə məmurları iş başında saxlamaq nə deməkdir? İnanmaq istəyirik ki, Beyləqan RİH-nin başçısı cənab Asif Ağayev Qaralılar ilə maraqlanacaq, kənd sakinlərinin haqlı narazılıqlarını dinləyib problemlərinin həlli üçün tədbirlər görəcək. Əks təqdirdə belə fikirləşənlər haqlı olacaqlar: “Nümayəndəsi (nümayəndələri) belə kiçik padşahlıq edirlərsə, demək, başçı özü yəqin onlardan beş çömçə yuxarıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi