“Azəriqaz” Gəncədə rəsmi maxinasiyalara başladı - İLGİNC FAKT
Azərbaycan iqtisadiyyatının yeganə qarantı hesab edilən "SOCAR"-ın “Azəriqaz” İstehsalat Birliyi Gəncədə abonentlərinə qarşı kütləvi "borc maxinasiyası"na start verib. Əvvəlki illərdə müşahidə edildiyi kimi, qurumun başbilənləri müxtəlif ünvanlara debitor borc barədə qəbzlər yazaraq vətəndaşlara göndərir, istehlakçıların hüququnu pozaraq süni narazılıqlar yaradırlar.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Gəncə şəhəri, Cavadxan küçəsi bina 9, mənzil 11 ünvanı da "qazsatanlar"ın özbaşınalığa məruz qalıb. Belə ki, ötən ay abonent Nuranə Rzayeva mülkiyyətindəki mənzilə məxsus smartkart tipli sayğacın mexaniki sayğacla əvəz edilməsinə dair ərizə ilə quruma müraciətindən sonra ünvanın guya 2012-ci ildən bu yana 525 manat 45 qəpik debitor borc olması iddiası baş qaldırıb.
“Azəriqaz” İB-nin Gəncə şöbəsi ünvanda borcun olması tələbinə dair vətəndaşa 05 dekabr və 16 dekabr 2020-ci il tarixli rəsmi qəbzlər göndərərək yeni sayğac qoyuluşu üçün birdən-birə idarədaxili bilgisayarda boy göstərən 525 manatı tələb edir. Vətəndaşın narazılığı isə kimsənin umurunda deyil. Bundan başqa, 8 il borcu olmayan bir ünvanın 2020-ci ildə bu qədər məbləğə borclu duruma düşürülməsi, 2012-ci il üçün debitor borc iddiasının indi diqqətə alınması suallar yaradır.
Bu barədə "Demokratik.Az"-a evin keçmiş sahibi danışıb. Vətəndaş Rauf Hüseynovun bildirdiyinə görə, həmin ünvana borcun necə və niyə yazılmasını anlaya bilmir. Çünki həmin mənzil 2017-ci ilin aprel ayınadək Qurbanova Səmayə Hüseyn qızının adına olub, həmin ayda da evi Rauf alıb. Alarkən də ünvanın heç bir kommunal borcunun olmamasına dair "ASAN-Gəncə"-nin təsdiqlədiyi arayışlara istinad edilib.
06.04.2017-ci il tarixli müvafiq arayışdan da aydın olur ki, ünvanın "Azəriqaz İB"-nə həmin tarixədək borcu mövcud olmayıb.
Rauf Hüseynov onu da qeyd edir ki, evə cəmi bir neçə ay sahiblik edib və 2017-ci ilin avqustunda mənzili vətəndaş Nuranə Rzayevaya satıb. Həmin müddət ərzində isə mənzildə ümumiyyətlə mavi yanacaqdan istifadə edilməyib. Daha maraqlısı, 2017-ci ilin aprelindən bu yana ünvanda ümumiyyətlə qaz sərfiyyatı qeydə alınmayıb, yaşayış belə olmayıb.
Rauf Hüseynov bildirir ki, "Azəriqaz"-ın yerli şöbəsi özünün borc iddiasına məntiqi aydınlıq gətirmir, 2012-ci ilə dair əsassız və uydurma fakt irəli sürür. Bundan başqa, qurum ünvana iddia etdiyi borc barədə məlumatı elektron hökumət portalına yalnız ötən ay əlavə edib ki, bu da özbaşınalığın bir sübutudur.
Sadalananlar göstərir ki, rəsmi qurum ya 2012-ci ildə həqiqətən mövcud olan debitor borcu sistemdə 8 il gizlədib, ya da Bakıdan Gəncəyə axan və yekun hesabatlarda "itkin düşən" mavi yanacaq itkisi bu yollarla it-bat edilir. İndiyə qədər də məlumdur ki, Qaz istismarı idarələri qazpaylayıcı missiya icra edərkən aldıqları qazın həcmi ilə abonentlərdən yığılan ödənişlər arasında xeyli fərq ortaya çıxır ki, bu da əslində mavi yanacaq itkisi kimi deyil, "SOCAR"-a istehlakçıların debitor borcu kimi yansıdılır. Belə özbaşınalıqlar isə planlı şəkildə regional qazpaylayıcı qurumlarda korrupsiya və özbaşınalıqlara meydan açır.
Onu da bildirək ki, həmin ünvanda uzun illərdir ki, smart tipli qaz sayğacı quraşdırılıb. Və indiyədək bir dəfə də olsun borc barədə abonent məlumatlandırılmayıb. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 5-ci abzasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.1.4-cü bəndinə, hətta həmin Qaydaların 2-ci və 3-cü əlavəsində təsdiq olunmuş, məişət və sənaye qaz qurğusu istifadəçiləri ilə bağlanmış qazın alqı-satqısı müqavilələrinin müvafiq olaraq 2.2.6.4-cü və 2.2.7.4-cü yarımbəndlərinə əsasən, “qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” qazın verilişinin dayandırılmasına dair müddəalar mövcuddur. Belə halda da, 2012-ci ildən bu yana borcu olubsa, ünvana qazın verilişinin dayandırılmaması da abonentin haqlı olduğunu üzə çıxarır.
Ümumiyyətlə, müşahidə olunur ki, “Azəriqaz” İstehsalat Birliyi ilin yekunlarına dair hesabatlarında əhali sektoru üzrə debütor borc məsələsini daha çox qabardır və bu yolla digər irihəcmli borcluları kölgəyə alır. Məsələn, "Azəriqaz" İB vətəndaşlara münasibətdə "Azəristiliktəchizat"-ın 10 milyonluq borcuna, istilikxanalara axan qazın həcmindəki paradoksallığa o qədər də ciddi yanaşmır.
Sonda yalnız bunu düşünmək olar - "Azəriqaz"-ın yerli qurum yetkililəri ciblərinə və havaya sovurduqları mavi yanacağın pulunu gücləri çatan şəxslərdən almaq üçün yeni savaş açıblar.
Dövlət baba vətən və millət naminə "Azəriqaz"-ın fəaliyyətinə və debitor borclarına göz gəzdirsə yaxşı olar...
Qarşı tərəfin söz haqqına sayğılarla...
Osman Nərimanoğlu
Demokratik.Az