azia.az
azia.az

"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...

1-11-2020, 00:43


Göyçayın Şəkili kəndində yaşayan Həmidovlar ailəsi payız başlayandan əziyyət çəkir. Ailənin kiçiyi Hamiz Həmidovun səhhətində ciddi problem yaranıb. DİA.AZ xəbər verir ki, ata Rəşad Həmidov oğlunun vəziyyəti ilə bağlı emosiyasız danışa bilmir. Söhbətin bir neçə yerində ağlayır, fasilə vermək lazım gəlir. Atanın dediyinə görə, Hamizin beyinlə bağlı problemi ortaya çıxıb. Bizə təqdim etdiyi xəstəxana sənədlərində dəqiq diaqnoz gözə dəymir. Amma həkimlər ona beynində su yığıldığını deyiblər.
"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...
“Heç vaxt səhhətində problemi olmayıb. Bircə keçən il yırtıqdan əməliyyat edilmişdi. Əməliyyatdan da yaxşı çıxmışdı. Sentyabrda bir gecə gördük ki, uşağın nəfəsi gəlmir. Süni nəfəs verdim. Sonra özünə gəldi. Aparmadığımız yer qalmayıb. Dərdini tapa bilmirlər”.

Ata oğlunun vəziyyətini beyin iflici kimi qiymətləndirir. Onun dediyinə görə, həkimlər də dəqiq danışa bilmir.

“Boğulma olur. Uşaq həmin anlarda heç məni də tanımır. Sanki iflic olur. Özündən gedir. Beyninə su yığılmağını Mingəçevirdə dedilər. Hər həkim müalicə yazır, eləyirəm, bir xeyri dəymir. İlk günlərdə müalicə yazdılar. Sakitləşdirici dərmanlar verdilər. Bir növ uşağı keyləşdirirdi. Amma heç nə dəyişmədi, yenə gecələr özündən getməkdə davam elədi”.

38 yaşlı kənd sakini deyir ki, oğlunun gündüzlər problemi olmur, yalnız gecələr əziyyət çəkir. İkinci sinif şagirdi tətildən əvvəl məktəbə də getmək istəyirmiş. Amma Rəşad Həmidov risk etmirmiş: “Sinif rəhbərinə də hər şeyi başa salmışdım. Hələ ki problemlər yatanda üzə çıxır. Buna görə evdə gecə növbə ilə yatırıq. Gecə düşən kimi halı qarışır. Birtəhər özünə gətiririk. Hava dəyir, sakitləşir. Yoxsa elə bilirsən ki, bu dəqiqə öləcək. Buna görə gecə yuxusu görmürük”.

Ailə necə davranacağını bilmir. Üz tutduqları bölgə xəstəxanalarında paytaxta getməyi məsləhət görürlər: “Deyirlər ki, Bakıda müalicə elətdir. Ona da mənim maddi imkanım çatmır. Onun-bunun həyətində fəhlə işləyirəm. Buna iş də demək olmaz. Günə uzağı 12-13 manat qazanıram. Mənim qazandığım heç evin ərzağına çatmır”.

Rəşad Həmidov indiyə qədər olunan müalicənin fayda vermədiyini bildirir. Prosesi davam etdirmək üçün isə pul lazımdır: “Həkimə bir dəfə gedirsən, deyirlər, yenə gəl. Pul yoxdu axı. Elədiyin müalicə də yarımçıq qalır. O yandan da nə qədər müalicə yazırlar, eləyirik, arada pul gedir. İmkansızlıqdan uşağımı müalicə elətdirə bilmirəm. Gözümün qabağında əldən gedir. Uşağımı sağaltmaq istərdim”.

Ata danışır ki, qohum-əqrəbadan kömək eləyən yoxdur. Ümumiyyətlə, dörd nəfərlik ailə təkcə onun qazancının ümidinə qalıb. Rəşad Həmidov sosial yardım üçün bütün sənədləri hazırlasa da, imtina cavabı alıb. Kənd sakini çox məntiqsiz qərar verildiyini düşünür: “Anamın pensiya almasını bəhanə eləyib vermədilər. Halbuki anam qardaşımla yaşayır, mən onun pensiyasını görmürəm. Təkcə iki dəfə 190 manatı ala bildim. Onu da mənim böyrək xəstəliyimə xərcləməli olduq. Daimi işim yoxdu. Amma mən həm işləməliyəm, həm də uşağımı müalicə elətdirməliyəm. Çox pis yaşayırıq. Heç ət aldığım yadıma gəlmir...”
"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...
"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi