azia.az
azia.az

Tanınmış həkimdən BDU-ya ittiham: “Sözün bitdiyi yer, diplomlu fırıldaqçı hazırlayırıq?”

19-09-2020, 12:25


Son illər təhsil sahəsində şişirdilmiş, yalançı göstəricilər heç də elmin inkişafının göstəricisi sayılmır.
Tanınmış həkimdən BDU-ya ittiham: “Sözün bitdiyi yer, diplomlu fırıldaqçı hazırlayırıq?”
Orta və ali məktəblərdən tutmuş Milli Elmlər Akademiyasınadək təhsil və elm bərbad vəziyyətdədir. Cəmiyyətin orta məktəb müəllimlərinə yaranmış (və ya yaradılmış) inamsızlığı nəticəsində övladlarının gələcəyini məktəbə deyil, ödənişli əsaslarla repititorlara etibar etməsi, universtetlərdə milli kimliyin dərki ilə bağlı dərsliklərin tədris planından çıxardılması, BDU- nun tarix fakültəsində Azərbaycan tarixi dərslərinin saatının kəskin şəkildə azaldılması, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun maddi- texniki bazasının gücləndirilməsi üçün ayırdığı 2 milyon manat vəsaitdən 400 illik “Azərbaycan dilinin orijinal qrammatikası”nın nəşri üçün bircə manat da sərf edilməməsi, təhsil və elmin bütün sferalarında vəziyyəti göz önünə sərir. İlk günlərdə koronavirusun vaksinini tapacağı iddiası ilə çıxış edən AMEA, sonda ona şeir yazmaqla kifayətləndi. Üstəlik də bu gülünc vəziyyətə münasibət bildirib həmin şeirləri nəşr etdirəcəyini də açıqladı. Tanınmış həkimdən BDU-ya ittiham: “Sözün bitdiyi yer, diplomlu fırıldaqçı hazırlayırıq?”Amma nədənsə elmi nəşrlərə pul tapılmır. İndi də Bakı Dövlət Universiteti kimi elm ocağı hesab olunan bir təhsil mərkəzi, dünyanın 1 əsr bundan əvvəl araşdırıb, yalan və fırıldaq olduğunu sübut etdiyi Parapsixologiyanı doktorantura səviyyəsində tədris etmək üçün proqrama salıb. Məntiqə nə dərəcədə uyğun olduğunu söyləmək çətindir, amma dünyanın yalanının doktorantura səviyyəsində keçmək, nə maddi, nə zaman, nə də elm baxımından, heç məntiqli deyil.

Nəyə görə biz dünya yenilikləri ilə ayaqlaşmağa çalışarkən, kimlərsə ayağımızdan tutub bir əsr geriyə aparmaq istəyir ki, dünyanın tör- töküntülərini öyrənək? Axı hər cəhətdən isbat olunmuş, indisə Edinburq Universiteti tərəfindən ifşasına çalışılan bir sahəni biz niyə elm adıyla baş tacı edirik? Nəyə görə bu mənasız çalışma həm dövlət büdcəsinə, həm də cəmiyyətə ziyan vurmalıdır?



Həkim- nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, bu sahə dünyada çoxdan müzakirə edilib və fırıldaq olduğu sübuta yetirilərək bağlanıb:

“Parapsixologiya XIX əsrin sonlarında yaranıb. O zaman izah edə bilmirdilər ki, insan necə fikirləşir, biz niyə yuxu görürük, niyə insanların bəziləri aqressiv, digərləri isə mülayimdir və sair. O zaman yuxunun, düşüncənin, fikirlərin mexanizmi də məlum deyildi. Həmin vaxt çox sayda fırıldaqçılar peyda olub dedilər ki, mənim əlimdə enerji, bioenerji və ya çakralar var. Bəziləri iddia edirdi ki, fikirlərin köməyilə, baxışımla əşyaları hərəkət etdirə bilirəm. Hətta elmə oxşasın deyə müxtəlif terminlər də uydurmuşdular. Telekinez, telepatiya, ekstrasensorika və s. Dünyanın hər yerində çoxlu Şeyx Nəsrullahlar, İbrahimxəlil kimyagərlər peyda olmuşdu. Bəziləri iddia edirdi ki, guya kainatdakı hansısa müəyyən qüvvə onların beyninə enerji verir, beynimizi idarə edir və düşüncələr bizə kosmosdan gəlir. Fikrinin gücü ilə insanları idarə etmək mümkündür.

Alimlər belə iddiaları tədqiq etməyə bilməzdilər. Görkəmli alman alimi Maks Dessuar o zaman üçün izahı mümkün olmayan bu cür hadisələri parapsixologiya adı altında birləşdirdi və 1889-cu ildə elmə yeni termin-parapsixologiya sözü daxil edildi. Bu sahədə xeyli, əhəmiyyətli dərəcədə mühüm olan elmi tədqiqatlar aparıldı. Mən Cozef Raynin adını xüsusi qeyd etmək istəyirəm. Hətta 30-cu illərdə Amerika Birləşmiş Ştatlarında “Parapsixologiya” adlı xüsusi elmi jurnal da dərc olunurdu. 1957-ci ildə “Parapsixoloqlar assosiasiyası” yaradıldı. 80-cı illərə qədər bütün dünyada külli miqdarda elmi işlər aparıldı, bu sahədə bacarığı olan insanlar tədqiq olundu, xüsusi laboratoriyalarda telekinez, telepatiya, öncəgörmə, fikrin gücü ilə insanların və ya əşyaların idarə olunması öyrənildi. Məlum oldu ki, bunların heç bir elmi əsası yoxdur, firildaqçılıq, illüziya əsasında qurulmuş sadəcə, məharətli sirk artistlərinin apardığı fokuslardan heç nə olə fərqlənmir. Məsələn, məşhur gürcü ekstrasens Cuna Davitaşvili əlinin altında kompasın əqrəbini döndərirdi. Sonradan məlum oldu ki, bu adam dırnağının altına maqnit löhvəciyi yerləşdirib və bu maqnitin təsirindən kompasın əqrəbi hərəkət edirdi. Sonradan Volf Messinq, Vanqa tipli adamlar meydana gəldi. Onlar da gələcəyi gördüklərini iddia edirdilər. Sovet dövründə Vasilyevin və Vinoqradovun rəhbərliyi altında Elmi Tədqiqat İnstitutunda bu adamlar öyrənilməyə başladı. Məlum oldu ki, telekinez və digər parapsixologiyaya aid iddialar əsassızdır, cəfəngiyyatdır, düşüncənin mexanizmi beynin daxilində gedən mürəkkəb elektrik və biokimyəvi proseslərlə əlaqədardır, ümumiyyətlə, bu tip iddiaların heç bir elmi əsası yoxdur. Ona görə də bu sahədə olan tədqiqatlar dayandırıldı. Sonuncu Parapsixologiyanı öyrənən Prinstondakı Elmi Tədqiqat İnstitutu 2007-ci ildə fəaliyyətini dayandırdı. Hazırda Edinburq Universtetinin psixiatrlardan ibarət bir qrup yaranıb. Onlar da özünü parapsixoloq adlandıranları ifşa etməklə məşğuldurlar.

XX əsrdə müxtəlif mediatorlar tapıldı, elektrik siqnallarının beyində yaranması, necə getdiyi, müəyyənləşdi. Fikrin və düşüncənin necə əmələ gəldiyi məlum oldu. Mən dünyanın möhtəşəm neyrofizoloqları Pavlovun, Seçenovun, Levinin, Anoxinin, Rizalettinin, Montaliçinin və digər neyrofizioloqlarınadlarını xüsusi qeyd etmək istəyirəm. Məhz bu alimlərin sayəsində yuxu, yaddaş, düşüncə və bir sıra müəmma kimi görünən proseslərin mexanizmi aydınlaşdı və elmi tədqiqat işləri ilə sübut olundu. Adlarını çəkdiyim alimlər bu işlərə görə Nobel mükafatı qazandılar.

Məlum oldu ki, özündə fövqəltəbii qüvvə olduğunu elan edənlərin iddiası yanlışdır. 1996-cı ildə Amerikalı illüzionist xüsusi fond yaratdı və elan etdi ki, özündə fövqəltəbii qüvvənin olduğunu sübut edənə ekstrasens, parapsixoloq qeyri-adi bacarıq sahibi 1 milyon dollarla mükafatlandırılacaq. 24 il ərzində hər il yüzlərlə, özündə qeyri-adi bacarıq olduğunu iddia edən maq, cadugər, ekstrasens, falçı və s. insanlar bura müraciət etməsinə baxmayaraq hələ ki, bu mükafatı alan olmayıb. Məlum olub ki, bu adamlar ya psixi xəstədir, ya da ki, fırıldaqçı.

Artıq bütün dünyada parapsixologiyaya ciddi bir şey kimi baxılmır. Bu ancaq hazırda 3-cü dünya ölkələrində ola bilər. Yaxud telekanallarda reytinq xatirinə istifadə edilə bilər. İnsanın yarım saat sonra nə baş verəcəyini bilməsi mümkün deyil. Bioenerji deyilən şey yoxdur.

Q. Əsədov qeyd edib ki, BDU kimi mötəbər bir Universitetin bu sahəyə marağını anlaya bilmir.

“İndi psixologiyanın çox aktual məsələləri var. Bu gün psixologiya elmində yaddaşın kompüterə köçürülməsi, EMS istifadə etməklə insan beyninin müxtəlif bölgələrinə təsir edərək, onları depressiyadan çıxarmaq, psixoanaliz, koqnitiv psixoterapiya haqqında kimi fundamental, ciddi elmi işlər aparılır. Belə bir dövrdə Bakı Dövlət Universitetinin parapsixologiyanı öyrənən bir doktoranturanın yaraılması qəribədir. Bu ona bənzəyir ki, tutaq ki, Kənd Təsərrüfatı İnstitutunda kəl arabasının köməyi ilə yer şumlamanın perspektivləri araşdırılır. Bu, geriyə doğru bir addımdır. Parapsixologiya sahəsində tədqiqatlar çoxdan aparılıb da, bitib də.

Bu gün psixoloji gərginliyi dərmansız aradan qaldırmaq üzərində tədqiqatlar aparılır. Çünki bütün psixotrop dərmanlar asılılıq yaradır. Psixoloji metodların köməyi ilə yuxusuzluğun aradan götürülməsi, həyəcan-təşviş pozuntularının araşdırılması bu gün aktual problemlərdəndir. Belə bir zamanda bizimkilər araşdırmağa başlayıb ki, bizə kosmosdan eneri gəlir ya yox? Bunlar artıq sübuta yetirilmiş mövzulardır axı. Bununla biz aksiomada teorem axtarırıq. Bu həm maliyyə itkisi, həm insanların zamanını əbəs yerə sərf etmək deməkdir. İstənilən elmin məqsədi insanlara xidmət etmək, çətinləri asanlaşdırmaqdır. Keçən əsrdə sübut olundu ki, parapsixoloq iddiası, telekinezlər, ekstrasensorika yanlışdır. Bunu yenidən, özü də doktorantura səviyyəsində öyrənməyin mənası nədir? Bunlar perspektivi olmayan şeylərdir. Parapsixologiya üzrə doktoranturanı qurtaran hansısa fırıldaqçı, hətta sabah televiziya kanallarında özünü ekstrasens kimi təqdim edib insanları aldada bilər. Belə çıxır ki, biz diplomlu fırıldaqçı hazırlayırıq? Dövlətimiz həmişə belə adamları ifşa edib, dələduzları cəzalandırarkən, Bakı Dövlət Universteti onlara diplom verir. Yəni fırıldaqçılığı rəsmiləşdiririk, yoxsa? Bu, sözün bitdiyi yerdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi