azia.az
azia.az

Göygölün icra başçısı sahibkarı həbs etdirdi - SSİ-nin rəisinin əli ilə

17-04-2020, 22:57

Göygölün icra başçısı sahibkarı həbs etdirdi - SSİ-nin rəisinin əli ilə
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "qaynar xətti"nə şikayət edən Göygöl sakini, rayonun Hacımılik kəndində 20 ha torpaq sahəsində arpa-buğda əkən sahibkar Tağıyev Mahir Ağəli oğlu həbs edilib.
Bu barədə "Demokratik.Az"-a sahibkarın yaxını məlumat verib. Məlumata görə, sahibkar uzun müddətdir ki, Göygöl Suvarma Sİstemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun süründürməçiliyindən və özbaşınalığından əziyyət çəkir.
Əldə etdiyimiz və dəqiqləşdirdiyimiz məlumata görə, tərəflər arasında anlaşılmazlıq artıq pik həddə və şəxsi münaqişə həddinədək yüksəlib. Səbəb isə, torpaqların suvarılmasında öhdəlik daşıyan qurumun sahibkardan əlavə rüşvət tələb etməsi, bəzi əkin torpaqlarının suvarma imkanlarından məhrum edilməsidir.
Sahibkarın yaxınının saytımıza dediyinə görə, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmova tələb etdiyi rüşvəti verməyən Mahir Tağıyev dəfələrlə İqtisadiyyat nazirliyinə, hüquq mühafizə orqanlarına, prezident Administrasiyasına şikayət məktubları göndərib. Şikayətlərə baxılmadığından biçarə qalıb. Dünən isə problemin həlli ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin "qaynar xətti" ilə telefon əlaqəsi yaradıb. Qurumdan bildirilib ki, yerli SSİ ilə əlaqə yaratsın və problemi aradan qaldırılacaq.
Lakin, dünən idarəyə gedən sahibkar idarə rəisi və digərləri tərəfindən təhqir edilib, torpağının suvarılmasına imkan yaradılmayacağı cavabını alıb. Nəticədə, tərəflər mübahisə edib və prokurorluq orqanına müraciət edəcəyini deyən sahibkar barədə saxta akt tərtib edilərək özü polisə verilib.
Sahibkar bugün günorta saatlarında rayon məhkəməsinə gətirilib və hakim Rafiq Məmmədovun qərardadı əsasında barəsində 5 sutkalıq həbs qərarı çıxarılıb.
Olaya səbəb olan başqa bir iddiaya görə isə, sahibkarın tutulmasında başqa nüanslar da təsirsiz ötüşməyib. Belə ki, rayon ərazisində və Hacıməlikdə torpaqların suvarılmasında aracılıq edən "SU BİRLİYİ" illər əvvəl məhz Mahir Tağıyev tərəfindən yaradılıb və adıçəkilən yerli suvarma birliyin bir müddət sədri olub. Sonradan, Göygöl İHB-nin başçısı Arif Seyidovla aralarında yaşanan narazılıqlar sonucu işindən uzaqlaşdırılıb. Lakin əlində olan nizamnaməni, digər sənədləşməni və möhürü verməkdən imtina edib. Hazırda "Meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birliyi"nin Göygöl rayonu üzrə rəhbərliyi icra başçısı Arif Seyidovun yaxın qohumu Rəşid Veliyev tərəfindən həyata keçirilir və bu hal özlüyündə sonuncu iddianı tam sübut edir. Yəni, rayon üzrə bütün pay torpaqlarının pulla suvarılması işi Rəşid vasitəsilə icra başçısının öz nəzarətindədir. Görünür, icra başçısı və Göygöl SSİ-nin rəisi əlbir olaraq Mahir Tağıyevi sıxışdırır, hər vəchlə "əlindəkilərə" sahib olmaq istəyirlər. Bu məqsədlə ona su vermir, hətta əsassız yerə həbs etdirirlər. Yuh vallah!
Belə anlaşılır ki, Göygöl SSİ-nin iş strukturu rayon icra başçısının təsiri altına düşüb və bu kimi özbaşınalıqlar öz axarında davam edir. Kənd Təsərrüfatının inkişafına töhfə verməli olan bir qurumun ətəndaşlarla münasibətdə əlavə problemlər aşılaması, bir yarıtmaz cuvar rəisin əlində əsir-yesir olması ancaq təəssüf doğurur.
Olayın işığında daha mühüm bir faktı diqqətinizə çatdıraq ki, Göygöl SSİ-nin rəisi qanunvericiliyi saymadan sahibkarlardan rüşvət-haqq yığdırır, suvarılmaya görə, torpağın hər hektarından 1,5 manat əvəzinə 10 manatdan haqq tələb olunur. Bu səbəbdən rayonun təkcə, Hacıməlik kəndi ərazisində 10 hektarlarla perspektiv əkinəyararlı torpaqlar əkilmir, su əngəli sahibkarların normal məhsul yığımının qarşısını alır.
Sahibkarlara qarşı belə vandal hərəkətlər sonda baş melioratorun qocaman nüfuzunu da aşağılayır, bir SSİ rəisinin lap marionetka olduğunu üzə çıxarır...
Əlavə məlumat verməyə çalışacağıq, mövzu diqqətimizdədir...
Demokratik.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi