azia.az
azia.az

Azərbaycanda koronavirus epidemiyası əkin-səpini də çətinləşdirib

7-04-2020, 16:09


Azərbaycanda koronavirus epidemiyası əkin-səpini də çətinləşdirib
Koronavirus pandemiyası və infeksiyanın qarşısını almaq məqsədilə tətbiq edilən karantin bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir edib. Əkin sahələrinə cəlb edilən muzlu işçilərin sayı azalıb. Bəzi dövlətlərdə ərzaq böhranı başlayıb, idxal-ixrac əməliyyatları məhdudlaşdırılıb.

Azərbaycanda martın 24-dən etibarən xüsusi rejim tətbiq olunur, aprelin 5-dən isə karantin qaydaları daha da sərtləşdirilib. Karantin qaydalarına əsasən, şəhərlərarası və rayonlararası hərəkət dayandırılıb. Dövlət və bəzi özəl şirkətlərin əməkdaşları istisna olmaqla, əhalinin sərbəst hərəkəti yalnız müəyyən edilmiş saatda, xüsusi icazə vasitəsilə mümkündür. Hazırda isə təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır.

Virtualaz.org pandemiyanın kənd təsərrüfatına təsirini öyrənib. Bəlli olub ki, hazırda idxal-ixrac əməliyyatları əvvəlki qaydasında davam edir. Lakin fermerlər təsərrüfatlara kütləvi işçi cəlb edə bilmirlər. Kənd Təsərrüfatı Nazirliyi isə nikbindir, məhsul qıtlığı, o cümlədən qiymət artımı proqnozlaşdırılmır.

Fermer: “Bir kənddən digər kəndə işçi gəlmir, amma...”

Adını açıqlamaq istəməyən lənkəranlı fermer bildirib ki, əkin sahələrinə kütləvi işçi çıxara bilmirlər, bir kənddən digər kəndə işçi gəlmir. Buna baxmayaraq ailə üzvləri və yaxınlarının köməyi ilə sahələrə qulluq göstərməyə çalışırlar: “Kartofdan tutmuş yoncaya qədər bir neçə məhsul əkmişəm. Torpağın şumlanması, əkinə hazırlanması texnika ilə görülüb. Amma 10 hektar sahədə 4-5 nəfərlə neyləyə bilərəm ki?”,-fermer belə deyib.

O əlavə edib ki, sahələrdə əsas iş aprelin sonu-mayın əvvəlindən başlayacaq. Ona qədər isə təhlükənin sovuşması üçün dua edirlər: “Doğrudur, bizim sahəyə getməyimizə məhdudiyyət qoyulmur. Amma texnikanı da insan işlədir. Zərərin olub-olmayacağını isə indidən söyləmək çətindir”.

Sahələrdə işlər davam etdirilir
Azərbaycanda koronavirus epidemiyası əkin-səpini də çətinləşdirib
Kənd Təsərrüfatı Nazirliyini Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, karantin tədbirlərinin kənd təsərrüfatına da müəyyən təsirləri var, qonşu rayonlardan işçilərin cəlb olunmasında problemlər yaranır. Nazirlik fermerləri tələb olunan gigiyenik-təhlükəsizlik normaları gözləmək şərtilə təlimatlandırır.

“Proseslər məhdudlaşdırıcı karantin rejiminin tələblərini nəzərə almaqla davam etdirilir. Nəzərə alaq ki, kənd təsərrüfatı istehsalçılarının 80 faizi öz torpağında ailəsi və yaxınları ilə birgə çalışır. Ona görə də kənar regiondan işçi gətirilməsi məsələsi problem kimi mövcuddur, lakin kəskin deyil”,- F.Fikrətzadə deyib.

Onun sözlərinə görə, nazirlik təlimat xarakterli maarifləndirici fəaliyyətini daha da genişləndirib.

Taxıl, kartof, meyvə-tərəvəz istehsalı...

Firdovsi Fikrətzadə onu da əlavə edib ki, bu il xüsusilə tərəvəz əkin sahələri genişləndirilib. Buna görə də yazlıq kartof-soğan, o cümlədən digər tərəvəz məhsullarının istehsalında artım gözlənilir. Yaxın bir neçə gündə təzə faraş kartofu, eləcə də soğan bazara daxil olacaq: “Bazarda kifayət qədər kələm var, üstəlik qiyməti də keçən ilə nisbətən ucuzdur. Faraş kartof və soğanın istehsalında da artım proqnozlaşdırılır. Bu qış havaların quraqlıq keçməsi taxıla təsir etsə də, kartof və soğan üçün əlverişli oldu”.

Mərkəz direktoru deyib ki, ümumilikdə taxıl da daxil olmaqla, bir neçə məhsula olan tələbatın müəyyən hissəsi idxal hesabına ödənilirdi. Məsələn, ərzaq buğdası ilə təminat 60-65 faiz səviyyəsində dəyişir. “Ölkənin 10 iri emal və taxıl anbarları infrastrukturu formalaşıb. Bununla yanaşı, Dövlət Taxıl Fondu var. Bu səbəbdən də çatışmayanları infrastrukturu gücləndirməklə kompensasiya edirik. Azərbaycan Rusiyadan taxıl alır, yenə də alacaq. Özəl şirkətlər bunun əsasında öz ehtiyatlarını kifayət qədər formalaşdıracaqlar. Necə ki, keçən il formalaşdırıblar, ölkənin yeni məhsul yetişənə qədər bol ehtiyatı var. Yəni bu gün buğda ununa olan tələbat tam ödənilir, kifayət qədər ehtiyatımız mövcuddur”,- Fikrətzadə bildirib.

Meyvə bağlarına gəldikdə, bu il əkin sahələri genişləndirilib. Apreldə hava yağışlı və küləkli keçməsə meyvə istehsalında artım gözlənilir. Ekspertlər xüsusilə çəyirdəkli meyvələrin bol olacağını proqnozlaşdırırlar. İkinci çörək hesab olunan kartofa olan tələbata gəldikdə isə, mərkəz direktoru deyib ki, Azərbaycanda 1 milyon tondan artıq kartof istehsal olunub. Cəmi 120-140 min ton arasında kartof idxal edilir.
Azərbaycanda koronavirus epidemiyası əkin-səpini də çətinləşdiribAzərbaycanda koronavirus epidemiyası əkin-səpini də çətinləşdirib
“Buna görə də kartof idxalı bizim üçün risk daşımır. Üstəlik ticarətə məhdudiyyət yoxdur. Azərbaycan yenə də idxal-ixrac əməliyyatları həyata keçirir. Məsələn, Azərbaycandan Rusiyaya pomidor ixrac olunur, yaxud İrandan kartof gətirilir. Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, bitkiçilik və ərzaq məhsulları ilə infeksiyanın daşınmasına dair elmi dəlil yoxdur. Hazırda ixrac-idxal əməliyyatları sabit templə davam edir, yəqin ki, edəcək”,-o qeyd edib.

Koronavirus göstərdi ki...

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə bildirib ki, koronavirus kənd təsərrüfatına təsirsiz ötüşməyəcək. Çünki hazırda payızlıq əkinlərə aqro-texniki qulluq işləri gedir. Bu işlərdə kütləvi insan əməyinə ehtiyac yoxdur, mexaniki yolla aparılır. “Məsələn, 10 hektar sahəni bir-iki mexanizator əkə bilir. Aprelin ikinci ongüngünlüyündən yazlıq əkinlərə başlanılacaq. Bu işlərin də 50-60 faizi mexanii yolla aparılır"-Nəsirli belə deyib.

Lakin biçin ərəfəsində kütləvi əməyə ehtiyac olacaq. Nəsirli əlavə edib ki, bu, avqust-sentyabra çəkəcək. "Müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdı. Bir hektar pambıq yığımında 170-180 nəfər iştirak edir. Bunun üçün növbəyə bölmək olar, qoruyucu vasitələrdən istifadə etmək olar”.

Nəsirlinin sözlərinə görə, koronavirus dünyada hər bir sahədə dəyişikliyə səbəb olur. Bundan sonrakı dövrdə də kənd təsərrüfatında mexanikləşməyə, avtomatlaşmaya üstünlük verilməlidir: “Koronavirus təhlükəsi də göstərdi ki, innovasiyaların tətbiqi vacibdir, hətta həyati əhəmiyyətə malikdir. Çünki kənd təsərrüfatı elə sahələrdəndir ki, burda insanların kütləvi hərəkətvar. Məsələn, üzüm sahəsində eyni zamanda 100 adam çalışır. Bu 100 adamın təhlükəsini təmin etmək üçün mexanikləşməyə keçilməlidir".

Yeni qaydalar…

Nazirlər Kabineti ötən gün kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib. Sənədə əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Kənd Təsərrufatı Nazirliyindən bildiriblər ki, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Fermerlərin rayonlararası hərəkəti Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən arayış ilə tənzimlənir.

Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır.

Ü.Xudiyeva

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi