İrandan gətirilən 48 ton kartofda təhlükəli xəstəlik aşkarlandı
Qonşu ölkədən hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm – kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib.
Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib. Məhsulun geri qaytarılmasında əsas məqsəd, bu növlərin respublikamızın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İran İslam Respublikasının Milli Bitki Mühafizəsi təşkilatına da məlumat verilib.
Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin təhlükəli zərərvericisidir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2–3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25–80% məhsul itkisinə səbəb olur.
Gövdə nematodu 450–dən çox bitki növünü yoluxdurmaqla, ən təhlükəli bitki parazitlərindən biri hesab olunur. Bu endoparazit bitkilərin həm yerüstü, həm də yeraltı hissələrini yoluxdura bilir və bir çox təhlükəli bitki xəstəliklərinin törədicilərini (Clavibacter michiganensis subsp. insidiosus və s. kimi) yayır.