Təqaüd yaşı keçən hakimlər: onlar kimlərin qohumlarıdır? - SİYAHI
2019-cu il aprel ayının 3-də ölkə başçısı İlham Əliyev Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı.
Elspertlər bu fərmanı məhkəmə-hüquq sisteminin inkişafının yeni mərhələsinin başlanğıcı kimidə qiymətləndirdilər.
Təbii ki, bu fərmandan sonra cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində bir sıra tədbirlər görüldü. Bizim araşdıracağımız mövzu isə Məhkəmə-hüquq sistemində aparılan islahatların bir hissəsi olan ədalət mühakiməsini həyata keçirən hakimlər olacaq. Belə ki, Azərbaycanda ümumi olaraq 800 hakim ştatı var ki, bununda hazırda 537-si fəaliyyət göstərir.
Xatırladaq ki, bunların 34-ü Ali Məhkəmədə, 127-si apelyasiya məhkəmələrində, 42-si inzibati və kommersiya məhkəmələrində, 20-si hərbi məhkəmələrdə, 49-u ağır cinayətlər məhkəmələrində, 265-i isə şəhər və rayon məhkəmələrində fəaliyyət göstərirlər. Ötən il məhkəmə-hüquq islahatları çərçivəsində Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib. Bunlar Əli Rüstəmov, Teymurxan Hacıqayıbov, Fərhad Əliyev, Tatyana Qoldman, Ənvər Şadıyev, Əsəd Mirzəliyev və Gülzar Rzayevadır.
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanununun 93-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Bu qanuna nə qədər riayət olunur deyə bilmərəm, ancaq sadaladığımız qanunun 96-cı hakimlərin səlahiyyət müddəti ilə bağlı bənd həqiqətən də pozulur. Həmin bənddə göstərilir ki, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.
İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir. Deyəsən aşağıda adlarını sadaladığımız hakimlər yarımçıq işlərinə baxıb qurtara bilmirlər. Öz təcrübəmdən deyirəm ki, yaşı keçən hakimlərə təzə işlər də verilir, özü də ayda ən azı 4-5 iş.
Düz 20 il hakim işləyən 68 yaşlı Məmmədova Şəlalə Ağakərim qızı Ali Məhkəmənin Mülki Kollegiyanın sədridir. Həmçinin 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Yəqin Fikrət Məmmədov Şəlalə xanımı iyun ayında 68 yaşı olan kimi təqaüdə göndərəcək.
25 il hakim işləyən, onun 20 ilini Ali Məhkəmənin hakimi işləyən 65 yaşlı Allahverdiyev Qəhrəman Əli oğlunun isə hələ pensiya yaşına 1 ili var.
Ali Məhkəmənin digər hakimi, İnzibati-İqtisadi Kollegiyanın sədri Mirzəyev Hikmət Abbas oğlu isə nə az, nə çox, düz 35 ildir ki, hakim işləyir. Bu il 65 yaşı olan Hikmət Mirzəyevin iş stajını nəzərə alıb yəqin ki, onun səlahiyyət müddətini 70 yaşına kimi uzadacaqlar. Ancaq onun çıxardığı hökmlərin xalqa nə qədər xeyri olacaq onu deyə bilmərəm.
2017-ci ildən Salyan Rayon Məhkəməsinin sədri işləyən Paşayev Əlövsət Bəhrəm oğlu isə 33 ildir ki, hakim vəzifəsində işləyir. 65 yaşlı Əlövsət müəllim işə başlayandan cəmi 3 il sonra Şəki Rayon Məhkəməsinin sədri təyin olunub. Davamlı olaraq Lənkəran, Xaçmaz və Salyan rayonlarında məhkəmə sədri vəzifəsində çalışıb.
70 yaşlı Seyidova Səriyyə Seyid qızı isə ümumilikdə 20 ildir ki, hakim işləyir, onun son 13 ilini isə Bakı Apelyasiya Məhkəməsində çalışır. Əsasən siyasi sifarişləri yerinə yetirən hakim kimi yadda qalıb.
Digər yaşı 70-ə çatan xanım hakim isə 20 ildir hakim işləyəyn Ramella Allahverdiyevdır. 13 ildən artıq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ramella xanım həmin məhkəmənin sədri Mahmud Nəbiyev ilə ailəvi dost olduğundan yəqin ki, hələ bir müddət öz postunu qoruyacaq.
Siyasi hökmlər çıxarmaqla yadda qalan 69 yaşlı Abasov Əliövsət Məzahir oğlu da 20 ildən artıqdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyir. Qeyd edək ki, Əliövsət Abasov Şöhrət ordenli, məşhur təyarəçi Məzahir Abasovun oğludur.
Qaradağ rayon Məhkəməsinin sədri işləyən Hacıyev Sədrəddin Abuzər oğlu da 20 ildən artıqdır ki, hakim işləyir. Milli Məclisin 1-ci vitse spikeri seçilən Əli Hüseynli ilə bacanaq olan Sədrəddin Hacıyevin də bu il 65 yaşı tamam olur. Ancaq onun da yaxın 5 il ərzində hakimlik postundan gedəcəyi inandırıcı görünmür.
68 yaşlı məhkəmə sədri olan Abbasov İlqar Eyvaz oğlu da 36 ildir ki, hakim postundadır. 1999-2007-ci illərdə Yasamal, 2007-ci ildən isə Sabunçu Rayon Məhkəməsinin sədridir.
65 yaşı tamam olan Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Zeynallı Fərmayıl Gülmalı oğlunun həmkarlarına baxanda hakimlik stajı azdır, yəni 9 il. Ancaq 2 ildir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri seçilib. Yəqin ki, Fərmayıl Zeynallı hələ bir müddət işləyəcək.
65 yaşlı Əliyeva Şəfiqə Musa qızı da demək olar ki, təqaüd yaşına çatan hakimlər sırasındadı. Gəncə Apelyasiya Məhkəməsinin hakimi işləyən Şəfiqə xanım da 20 ildən artıqdır ki, hakim vəzifəsində çalışır.
Qeyd edək ki, təqaüd yaşı keçmiş vəzifəli şəxslər tək hakimlərlə bitmir. Hüquq-mühafizə orqanlarında yaşı keçmiş vəzifəli şəxslərin siyahısını növbəti yazımızda oxuculara təqdim edəcəyik.
(yenisabah.az)