azia.az
azia.az

Sabiq deputat Eldar Həsənova qarşı ittihamlardan danışdı

2-10-2019, 23:21


“Əgər yazdıqlarınızda 0,0001 faiz həqiqət payı olsaydı, uşaqlıq, gənclik və qocalıq dostumdan dərhal üz döndərərdim”
Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslərlə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında yaşanan insident ölkə ictimaiyyətinin gündəmindən düşmür. Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil. “Yeni Müsavat”-ın ötən sayında bildirilib ki, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili də var.
Sabiq deputat Eldar Həsənova qarşı ittihamlardan danışdı
Ancaq faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. Bu işə rəhbərlik edən şəxsin əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğlu olduğu bildirilib. Onun Qarabağ uğrunda döyüşlərdə iştirak etmədiyi də qeyd edilib. Yazıda həmçinin bildirilib ki, ekspertlər baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu düşünürlər. Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. İddiaya görə, Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.

Dünən səfir Eldar Həsənovun yayılan bu xəbərə münasibətini öyrənməyə çalışsaq da onunla əlaqə yaratmaq mümkün olmadı.

Eldar Həsənovun yaxın dostu, Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov isə facebook-da məsələyə münasibət bildirib. O, Eldar Həsənov barədə yazılanların heç bir əsasının olmadığını bu şəkildə qeyd edib: “Şok! Şok! Şok! Böyük bir “kəşf”elədilər! Sən demə, Bakıda Qarabağ qaziləri ilə SOCAR-ın əməkdaşlarının davasının səbəbkarı, baiskarı, ruhlandırıcısı, qızışdırıcısı və nə bilim, digər nəsnələrin daşıyıcısı nə az, nə çox, nə artıq, nə əskik-Azərbaycan Respublikasının üç ölkədəki səfiri Eldar Həsənovmuş. Belə yerdə türklər demiş: Allah, Allah! Tirajlayın, cənablar! Tapıntınıza şükür! Adam oturub Avropada dövlətimizin maraqları naminə bütün imkanlarını səfərbər edərək xeyirxah işlərlə məşğul olur, bizlər də burada adi bir məişət münaqişəsini onun ayağına yazırıq! Burdan-bura bu məsələni araşdırıb əsl günahkarları tapmaq əvəzinə, dünyanın o başında vəzifəsini ləyaqətlə yerinə yetirən Səfirin “ tapşırığı”nı nə tez tapdınız, cənablar? Fantaziyanın da bir sərhədi olar, bəlkə bir az da faktla danışasınız! Nə vaxtdan Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının-peşəkar MTN, DİN strukturlarının vəzifəsini icra etməyə başlamısınız?! Hər bir halda onların bildikləri, gördükləri sizlərin uydurmalarınızın yanında əlahəzrət faktlardan ibarətdir! Əgər bu orqanlar bu yazdıqlarınızı həqiqət kimi qəbul etsəydilər, dövlətçilik naminə kimliyindən asılı olmayaraq, qəti tədbir görərdilər! Və əgər yazdıqlarınızda 0,0001 faiz həqiqət payı olsaydı, uşaqlıq, gənclik və qocalıq dostumdan dərhal üz döndərərdim. Çünki o kişinin dövlətə, dövlətinin rəhbərinə, millətinə, ümumən bütün Azərbaycana sonsuz sədaqətinin şahidiyəm! Yazanda vicdanı və Allahı unutmayın”.

Məsələyə dair Eldar Həsənovun özünün də açıqlamalarını gözləyirik.

E.SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi