İqbal Məmmədovun deputat mandatı alına bilər
Deputat İqbal Məmmədova məxsus olduğu deyilən “Relax” istirahət mərkəzində baş verən hadisələr gündəmdən düşmür. Qeyd edək ki, avqustun 16-da istirahət mərkəzində yoxlama aparmağa gələn vergi orqanları və polis əməkdaşları mərkəz rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qoyulub. Hadisə ilə bağlı hüquq-mühafiə orqanları tərəfindən cinayət işi qaldırılıb, deputatın oğlu və qardaşının oğlu da daxil olmaqla bir qrup şəxs həbs edilib.
Qeyd edək ki, İ.Məmmədov istirahət mərkəzinin ona deyil, qardaşına məxsus olduğunu açıqlasa da, ictimaiyyət bunun həqiqətəuyğun olmadığı qənaətindədir. Belə ki, Azərbaycanda Milli Məclis üzvlərinin, dövlət məmurlarının biznesə malik olması geniş yayılmış haldır. Bir qayda olaraq ölkə daxilində belə biznes obyektləri yaxın qohumların adlarına rəsmiləşdirilsə də, həm sıravi vətəndaşlar, həm də aidiyyıəti dövlət qurumları onların real sahibinin kim olduğunu yaxşı bilirlər. Son vaxtlar bir çox məmur və deputatların xarici ölkələrdə aşkarlanan xeyli sayda biznesinin isə onların öz adlarına rəsmiləşdirildiyi məlum olur.
Hüquqşünas: “Bunun üçün əsas iki halda yarana bilər”
“Relax”da baş vermis hadisə İ.Məmmədovun deputat mandatının vaxtından əvvəl əlindən alınması ilə nəticələnə bilərmi? Sualı cavablandıran hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, məlum hadisəyə görə deputat mandatının alınması iki hal üzrə mümkündür: “Azərbaycan qanunvericiliyinə görə, Milli Məclis üzvləri o halda mandatdan məhrum edilə bilər ki, cinayətə yol vermis olsun. Bu halda ortada cinayət faktı var - vergidənyayınma da cinayət əməli hesab olunur. Bir neçə il əvvəl Konstitusiya Məhkəməsinin bir qərarı olub. Mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin formal rəhbərinin kimliyindən asılı olmayaraq, faktiki rəhbərinin başqa adam olduğu müəyyən oluna bilər. Yəni formal rəhbər bildirə bilər ki, faktiki rəhbər başqa birisidir və o, həmin şəxsin göstərişlərinə əməl edib. Bunu, əlbəttə, sübut etmək asan deyil. Gərək formal rəhbərlər faktiki rəhbərin üzünə dursunlar. Konkret bu halda ”Relax"ın formal rəhbəri desə ki, vergidənyayınmaya İ.Məmmədovun göstərişi ilə yol verilib, onda deputatın səlahiyyətlərinə xitam veriləcək".
Hüquqşünas deyir ki, ölkə konstitusiyası deputatın sahibkarlıq fəaliyyətini qadağan edir: “Konstitusiyaya görə, deputat sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Burada yalnız pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olunur. Bu o deməkdir ki, hətta vergidənyayınma cinayəti olmasa belə, ”Relax"ın faktiki sahibinin İqbal Məmmədov olduğu sübuta yetirilərsə, deputat səlahiyyətlərinə xitam verilə bilər. Bilirsiniz, mənim atam Lerikdəndir, o rayona tez-tez gedib-gəlirəm. O istirahət mərkəzindən əlavə xeyli sayda biznes obyektinin İqbal Məmmədova məxsus olduğunu Lerikdə hamı bilir. Yəni bu, heç kimə sirr deyil. Bu baxımdan, hüquq-mühafizə orqanları obyektiv araşdırma aparsalar, bunu sübut etməkdə çətinlik çəkməyəcəklər. Və mənim gözləntim bu obyektivliyin təmin olunması yönündədir. Baş verənlərdə məqsəd yalnız İqbal Məmmədovu cəzalandırmaq deyil, bütün harınlamış deputat və dövlət məmurlarını yerində oturtmaqdır. Kimsə belə sərt formada cəzalanmalıdır ki, digərlərinə də dərs olsun, əvvəla, vergidən yayınmasınlar, ikincisi də dövlət orqanlarının nümayəndələrinə qarşı hörmətsizlik etməsinlər".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda İ.Məmmədov kimi səlahiyyətlərindən sui-istifadə edib vergidən yayınanlar çoxdur: “Açıqlanan rəqəmlər göstərir ki, söhbət böyük həcmdə vergidən yayınmaqdan gedir. Lakin artıq bu kimi hallara qarşı mübarizə sərtləşib. Hələ ötən il Vergi Məcəlləsinə dəyişiklikləri şərh edərkən mən qeyd etmişdim ki, dövlət bu məsələlərdə qətiyyətlidir. Vergi orqanları artıq heç kimə güzəştə getmirlər, hamıya eyni gözlə baxırlar. Bu hadisə göstərdi ki, dediklərim reallaşır. Düşünürəm ki, digərləri də bu hadisədən dərs götürəcəklər”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirir ki, gərək İqbal Məmmədovun işçiləri təmkinli olaydılar, orqan işçiləri ilə dava etməyəydilər.
Partiya sədri baş verən hadisənin yaxşı hal olmadığı qənaətindədir: “Gərək bu insanlar dövləti düşünsünlər. Bir çoxları belə hadisələrdən kasıb təbəqəni dövlətdən narazı salmaq üçün istifadə edirlər. Kərimov Əli, Gültəkin Hacıyeva kimi adamlar belə hadisələrdən yararlanırlar. Eyni zamanda düşmən ölkələr də həmçinin. Mən istəməzdim ki, dövlətimizin ünvanına belə kəskin ifadələr işlədilsin. Mən bu hadisə barədə geniş danışmışam, əlimizdəki məlumatları açıqlayıb istintaqı yönləndirmək istəmirəm. Biz xalq olaraq dövlətdən küsməməliyik, inciməməliyik. Dövlət bizə verilmiş nemətdir. Allah rəhmət eləsin Məhəmməd Əminə, Elçibəyə, Heydər Əliyevə, bu dövləti yaradıb, qoruyublar. İndi bir deputata, bir məmura görə dövlətdən incik düşməməliyik. Bunu etsək sabah qaraçılar kimi küçələrdə qalarıq. Biz bunu fikirləşərək hərəkət etməliyik. Düşünürəm ki, yaxşı hal deyil. Amma deyilənə görə, əks tərəfin də günahları olub, indi müəyyən açıqlamalar verilib”.
Ağacan Əbiyev: “Biz bu işlərə baxmırıq”
Milli Məclisin İntizam komitəsinin rəhbəri Ağacan Əbiyevin “Yeni Müsavat”a dediyinə görə, İ.Məmmədovla bağlı komitədə hər hansı müzakirə gözlənilmir: “Bu hadisənin bizə aidiyyəti yoxdur. Hadisəni hüquq-mühafizə orqanları araşdırır. Biz deputatların Milli Məclisdəki davranışları ilə bağlı məsələlərə baxırıq. Belə hadisələrə biz baxmırıq, hüquq-mühafizə orqanları baxır. Yəni bu, bizim daxili işimiz deyil”...
Dünya SAKİT,