azia.az
azia.az

Keçmiş nazirin Londona sığınan oğlu radikal dini təriqət üzvü olub - təhlükə

25-06-2019, 09:22


ABŞ prezidentinin Tehrana yeni danışıq ismarışının arxasında hansı niyyət dayanır; politoloq: “Baxmayaraq ki, ABŞ Fars körfəzindəki tərəfdaşları ilə müəyyən məsləhətləşmələr aparır, yenə də məqsəd İranı nüvə proqramından əl çəkməyə məcbur etməkdən ibarətdir”

ABŞ-İran savaşının qapıda olduğunu güman edənlər növbəti dəfə yanıldılar. Buna səbəb ABŞ prezidenti Donald Trampın Oman Sultanlığı vasitəsilə İran hakimiyyətinə göndərdiyi ismarışdır.

Dünya mediasının yazdığına görə, Tramp öz ismarışında İrana hücum edəcəklərini vurğulasa da, müharibə deyil, müzakirə istədiklərini qeyd edib. Belə ki, ABŞ lideri İrana müzakirələrə başlamaq üçün möhlət verib.
Keçmiş nazirin Londona sığınan oğlu radikal dini təriqət üzvü olub - təhlükə
Digər məlumatda deyilir ki, Tramp Amerika pilotsuz təyyarəsinin vurulmasına cavab olaraq İrana hərbi zərbələrin endirilməsini bəyənib, amma sonra əməliyyatı ləğv edib. Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenit-raket kompleksləri olmalı idi. Daha sonra Tramp NBC televiziya şirkətinə müsahibəsində bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir. “Mən müharibəyə (İranla -red.) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ölkənin cənub hissəsində İranın hava məkanını pozan Amerika pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirib ki, bunun qəsdən edildiyinə inanmır.

Tehranın ABŞ təhdidləri qarşısında dirəniş göstərməsi gərginliyin artacağına şübhə yeri qoymurdu. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani beynəlxalq təşkilatları Amerika pilotsuz təyyarəsi ilə bağlı hadisənin fonunda Fars körfəzində ABŞ-ın hərəkətlərinə cavab olaraq lazımi ölçüləri qəbul etməyə çağırıb. İran lideri bu haqda Parlamentlərarası İttifaqının prezidenti Qabriel Kuevas Barronla görüşdə bildirib. O vurğulayıb ki, ABŞ qoşunlarının regionda genişlənməsi burada problemlərin əsas səbəbidir.

Hüseyin Hanzadi ile ilgili görsel sonucu

Hurriyyet.org xəbər verir ki, İranın Dəniz Qüvvələri komandanı Hüseyn Hanzadi ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulmasının Vaşinqtona qarşı “sərt bir cavab” olduğunu bildirərək, ölkənin hava məkanının pozulacağı təqdirdə, yenə də eyni cavabı verəcəklərini söyləyib. Fars İnformasiya Agentliyinin yazdığına görə, Hanzadi deyib: “Düşmən (ABŞ) ən müasir texnologiyaya sahib olan pilotsuz uçuş aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun vurulduğunun şahidi oldu. Açıq şəkildə bəyan edirik: eyni cəhdin təkrarlanacağı halda, düşmənə verilən sərt cavab da təkrarlanacaq. Düşmən bunu bilir”.

Son gedişata dünya mediasının maraqlı yanaşması var. Modern.az xəbər verir ki, İran və Böyük Britaniya KİV-ləri baş məqalələrinə “ABŞ prezidenti Donald Tramp İranla bağlı mövqeyini yenə dəyişdi”, sərlövhəsini qoyublar.

Böyük Britaniyaya bu günlərdə etdiyi dövlət səfərində Tramp bu ölkənin İTV telekanalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların istisna olunmadığını bildirib: “... Mənin istəyimdən asılı olmayaraq, İrana qarşı hərbi əməliyyatların həyata keçirilməyəcəyini iddia etmək olmaz”.

ABŞ prezidenti deyib ki, hərbi əməliyyat məsələsi həmişə nəzərdə olub.

Düzdür, Yaponiyaya səfəri zamanı da Tramp bəyan etmişdi ki, ABŞ İranla müharibəyə can atmır. Lakin sonradan onun Hörmüz boğazına ordu cəlb etməyə başladığı barədə iddialar tirajlandı. Həmçinin ABŞ lideri iyunun 18-də jurnalistlərə açıqlamasında Oman dənizində İranın iki neft tankerinə hücumundan və hökumətin buna münasibətindən danışıb.

“Sepah”ın neft tankerlərinə bombalı hücumunu “kiçik və cüzi bir məsələ” adlandıran Tramp deyib ki, Amerika Birləşmiş Ştatları İranın regiondakı bütün hərəkətlərini nəzarət altında saxlayır: “Amerika Birləşmiş Ştatları İranın bu kimi əməllərinin qarşısını almağa tam hazırdır. Baxıb görək nələr baş verəcək”, - Tramp demişdi.

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü vaxta təsadüf edib. Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, bu olayda əli olduğunu təkzib edir.

Trampın İranla bağlı “qamçı və kökə” siyasəti maraq doğurur. Ancaq hələ ki bir sualın cavabı konkretləşməyib: Ağ Ev sahibi taktiki gediş edir, yoxsa gerçəkdən İran faktorunu nəzərə aldığı üçün savaşdan yayınmağa çalışır? Hər halda, ABŞ-ın əvvəlki liderlərinin İraq, Əfqanıstan və Suriya səhvləri nəzərə alınmaya bilməz. İran isə digərləri ilə müqayisədə daha nəhəng bir rəqibdir. İstənilən halda, bölgəmizdə fəlakətlərə səbəb ola biləcək savaş təhlükəsinin ertələnməsi rəyini yaradır son gedişat. Ancaq təhlükə tam sovuşdumu, demək çətindir...

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bu haqda danışarkən dedi ki, ABŞ mütəmadi olaraq belə metodlardan istifadə edir: “Praktikada buna misal kimi Şimali Koreya ilə danışıqları göstərmək olar. Lakin orada əsas hədəf Çin idi və düşünürəm ki, bu metodla öz istəyinə qismən nail oldu. İndi də ABŞ İranı bir vasitə kimi istifadə edərək Rusiyanı da hədəfə götürə bilər. Zənnimcə, burada Rusiyanı lokallaşdırmaqla, İsraildən də istifadə ediləcək və bu proseslərdə İordaniya və Yaponiya əsas fiqurlardan olacaq”. Politoloq şübhə etmir ki, ABŞ İranla genişmiqyaslı müharibəyə getməyəcək: “Lakin ümumi maraqları qabardaraq istədiyinə nail olmaq üçün hərbi yoldan da istifadə edəcək, bu, sırf təzyiq yolu ola bilər. Baxmayaraq ki, ABŞ Fars körfəzindəki tərəfdaşları ilə müəyyən məsləhətlər aparır, yenə də məqsəd İranı nüvə proqramından əl çəkməyə məcbur etməkdən ibarətdir. Bunu ABŞ prezidentinin köməkçisi Boltonun regiona, daha doğrusu, BƏƏ -yə səfəri də bir daha təsdiqlədi.

Oman körfəzində gəmilərə hücumun, Səudiyyə Ərəbistanında neft kəmərinin partladılmasının da İran tərəfindən edildiyini misal gətirən Bolton bu faktları boş yerə açıqlamır. Bununla paralel olaraq ABŞ və Yaponiya rəhbərlərinin görüşündə də əsas danışıq predmetlərindən biri İran məsələsi oldu. Məlumdur ki, Yaponiya ilə İran arasında normal siyasi, iqtisadi əlaqələr mövcuddur və idxal olunan neftin 5 faizini də İrandan alır”.

A.Nağıyev hesab edir ki, Yaponiyanın İranla olan münasibətləri onu ABŞ-İran qanışıqlarında vasitəçiyə çevirə bilər: “Bu da həm İran, həm də Yaponiya üçün faydalı olar. Yaponiyaın əsas marağı odur ki, baş verənlər neftin qiymətinin kəskin qalxmasına gətirə bilər və bu isə onun iqtisadiyyatı üçün ən ağır zərbədir. Təbii ki, İran da bu vasitəçiliyə daha maraqla razıdır, çünki ABŞ-Yaponiya münasibətləri çox yüksək səviyyədədir. Bu danışıqlar baş tutarsa, İran -Yaponiya münasibətləri siyasi, iqtisadi və hətta elmi-texniki inkişafa təkan verə bilər. Yaponiyanın siyasi avtoritetinin yüksəlməsi üçün bu vacibdir və avtomatik olaraq Rusiyanın İrana təsirini azalda bilərlər. Bundan başqa, müharibənin başlamasının qarşısının alınması Yaponiyanı dünya ictimaiyyətində yeni bir mövqeyə qaldıra bilər. Bütün bunlar bir daha göstərir ki, ABŞ-ın məqsədi diplomatik və digər təzyiq mexanizmlərindən istifadə etməklə, öz tərəfdaşları ilə birlikdə həm Rusiyanın nüfuzunu azaltmaq, eyni zamanda İranla bağlı siyasətdə tam qələbəyə nail olmaqdan ibarətdir”.

Cavid TURAN,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi