azia.az
azia.az

MEK-in elmi katibi Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Dünən, 23:40

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi katibi Şəbnəm Rüstəmova Hədəf STEAM Liseyində Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş tədbirdə iştirak edib.

 Tədbirdə “Rəqəmsal dövrdə kitabxananın rolu” mövzusunda çıxış edən Şəbnəm Rüstəmova MEK-in 100 illik fəaliyyəti, kitabxananın tarixi inkişaf yolu və müasir dövrdə gördüyü işlər barədə geniş məlumat verib. O, bildirib ki, zamanın çağırışları kitabxana fəaliyyətində köklü transformasiyanı zəruri etdiyindən MEK-də son illərdə həyata keçirilən rəqəmsallaşdırma və informasiya texnologiyalarının tətbiqi bu baxımdan strateji dönüş nöqtəsi olub.

 Elmi katib 2024-cü ilin sentyabrında təqdim olunan “Elektron Kitabxana” platformasının imkanlarından danışaraq qeyd edib ki, bu sistem elektron kataloq, onlayn sifariş, oxucu kabineti və biblioqrafik göstəricilər kimi xidmətləri özündə birləşdirərək, MEK-in rəqəmsal şəbəkəsi beynəlxalq elmi bazalarla əməkdaşlıq edən 300-dən çox kitabxana və verilənlər bazası ilə əlaqə yaradır.

 Şəbnəm Rüstəmova həmçinin, Mərkəzi Elmi Kitabxananın 46 ölkənin 130-dan çox kitabxanası və elmi təşkilatı ilə əməkdaşlıq etdiyini vurğulayaraq, Türkiyənin Rami Kitabxanası, Sinop Universiteti, Mərakeş Milli Kitabxanası, Özbəkistan və Qazaxıstan elmi qurumları ilə imzalanan memorandumların kitabxananın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdiyini bildirib.

 O, çıxışında MEK-in “İnklüziv Kitabxana” layihəsini xüsusi qeyd edərək, rəqəmsal dövrdə kitabxanaların əsas missiyalarından birinin bilik bərabərliyini təmin etmək olduğunu diqqətə çatdırıb.

 Sonda elmi katib şagirdlərin suallarını cavablandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi