azia.az
azia.az

Qaçqınlara xəbərdarlıq: Qəzalı binalar boşaldılır? — AÇIQLAMA

Bu gün, 17:31

Son günlər paytaxtın müxtəlif ərazilərində bir sıra məcburi köçkün və qaçqınların yaşadığı binaların üzərinə onların müəyyən vaxtdan sonra binanı tərk etməli olduqlarını bildirən elanlar yapışdırılıb. Bu, sakinlər arasında ciddi narahatlıq yaradıb və onların gələcək yaşayış yeri ilə bağlı suallar doğurub. Rəsmi qurumlar bu məlumatların onlara aid olmadığını açıqlasalar da, iddialara görə bəzi şəxslər artıq həmin binalara yaxınlaşıb. 

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev bildirib. 

Onun sözlərinə görə, sözügedən məlumat Komitə tərəfindən yapışdırılmayıb.

Hüquqşünas Aytən Məmmədova isə qeyd edib ki, məcburi köçkünlərin və qaçqınların yerləşdirilməsi və köçürülməsi prosesi “Məcburi köçkünlərin statusu haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir:

“Qanuna əsasən, onların yaşadığı binalardan çıxarılması yalnız dövlət qərarı və uyğun şərait yaradıldıqdan sonra mümkündür. Əgər bina qəzalı vəziyyətdədirsə, bu zaman sakinlərin təhlükəsizliyi prioritet hesab olunur və onlar müvəqqəti yaşayış sahəsi ilə təmin edilməlidirlər. 

Heç bir vətəndaş rəsmi qərar olmadan yaşadığı mənzildən çıxarıla bilməz. Qanunvericilikdə açıq şəkildə göstərilir ki, belə hallarda köçürülmə prosesi sosial təminat prinsiplərinə əsaslanmalıdır. Rəsmi qurumların iştirakı olmadan məlumat yerləşdirilməsi və ya insanları çıxmağa məcbur etmək hüquqi pozuntudur. Məcburi köçkünlərin azad olunmuş ərazilərə deyil, Bakı ətrafına köçürülməsi isə yalnız müvəqqəti xarakter daşıya bilər”. 

Hüquqşünas deyib ki, dövlət bərpa işləri başa çatdıqdan sonra onların doğma yurdlarına qayıtmaq hüququ təmin olunmalıdır:

“Bu, həm Konstitusiya, həm də beynəlxalq hüquq normaları ilə qorunan hüquqdur. Əgər dövlət alternativ mənzil təqdim edirsə, bu mənzilin minimum sosial standartlara cavab verməsi vacibdir. Hər hansı köçürülmə qərarı şəffaf şəkildə və sakinlərin razılığı ilə həyata keçirilməlidir. 

Qəzalı binadan çıxarılma yalnız Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra mümkündür. Əks halda bu, mülki hüquqların pozulması sayılır. Dövlətin əsas məqsədi məcburi köçkünləri daha təhlükəsiz və yaşayış üçün yararlı şəraitlə təmin etməkdir. Lakin bu prosesdə insan amili və sosial ədalət prinsipi qorunmalıdır. Köçürülmə qərarları yalnız qanuni əsaslar və dövlət təminat mexanizmləri ilə müşayiət olunduqda hüquqi sayılır”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi