Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunan respublika elmi konfransı işə başlayıb
Oktyabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb.
Əvvəlcə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun və akademik Toğrul Şahtaxtinskinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 ildə çətin, məsuliyyətli və şərəfli yol keçdiyini, ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, qurumun 90 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib.
AMEA rəhbəri qeyd edib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimya elminin nəzəri cəhətdən şərh olunması və təhlili əsasında aparılan mühüm tədqiqatlar dünya alimlərinin diqqətini ölkə elminə yönəldib. Azərbaycanın elm tarixində özünəməxsus yer tutan bu institut dünya məkanında da tanınan və qəbul edilən mötəbər elmi müəssisədir. Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Azərbaycan elminin nailiyyətlərini dünya elmi sferasına qaldırmağı bacarıb.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ölkəmizə görkəmli alimlər bəxş etdiyini söyləyən AMEA rəhbəri həmin alimlərdən biri olan akademik Toğrul Şahtaxtinskinin zəngin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, akademik Toğrul Şahtaxtinski böyük alim olmaqla yanaşı, həm də bacarıqlı elm təşkilatçısı olub. O, uzun müddət Azərbaycan Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib, AMEA-nın inkişafında, elmi-təşkilati fəaliyyətində mühüm rol oynayıb.
Akademik İsa Həbibbəyli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda böyük elmi məktəblərin formalaşdığını, bu ənənənin inkişaf və davam etdirildiyini vurğulayıb.
Hazırda institutun akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən AMEA rəhbəri müəssisənin müstəqillik dövrünün və Azərbaycan reallıqlarının çağırışlarına, eləcə də dünya elminin qarşıya qoyduğu yüksək tələblərə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edib: “Zamanın tələblərinə cavab verən modernləşmə prosesi nəticəsində institutun fəaliyyəti yenidən qurulub, kimya elminin aktual problemləri üzrə tədqiqatlar genişləndirilib, yeni elmi istiqamətlər müəyyənləşdirilib. İnstitut əməkdaşlarının məqalələri kollektivin elmi intellektual səviyyəsini, Azərbaycan elminə gətirdiyi yenilikləri, eləcə də institutun dünya elmində tutduğu yeri aydın və əyani şəkildə təsəvvür etməyə imkan verir”.
Çıxışının sonunda akademik İsa Həbibbəyli institut rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edib, elmi müəssisədə bundan sonra da kimya sahəsində yeni elmi nəticələrin və nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və akademik Toğrul Şahtaxtinskinin ömür yoluyla bağlı məruzə ilə çıxış edib. O, məruzəsində institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada işləmiş görkəmli kimyaçılar, onların ixtiraları, eləcə də institutda ölkə elminin beynəlxalq aləmə inteqrasiyası, yeni nəsil ixtisaslı kadrların yetişdirilməsi, prioritet istiqamətlərdə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.
Bildirilib ki, Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılıb. 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olub. Sonralar instituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi, professor Şıxbala Əliyev, Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov, Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev, akademik İzzət Orucova, Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov, Azərbaycan EA-nın müxbir üzvü Telman Qurbanov, akademik Ramiz Rizayev rəhbərlik edib. Sonrakı illərdə institut bir sıra struktur dəyişikliklərinə məruz qalıb və 2014-cü ildə elmi fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq indiki adını alıb.
Akademik Dilqəm Tağıyev vurğulayıb ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu fəaliyyət göstərdiyi bütün dövrlərdə həm Azərbaycanda, həm də respublikadan kənarda aparıcı elmi mərkəz kimi şöhrət qazanıb. Bu qurumun alimləri mühüm elmi və praktiki əhəmiyyət kəsb edən fundamental və tətbiqi tədqiqatlar aparıblar. Bu tədqiqatlardan resirkulyasiya nəzəriyyəsinin yaradılması, kimya komplekslərinin optimallaşdırılması və modelləşdirilməsi, geokimya, kristallokimya, kimyəvi kinetika və kataliz, metalların korroziyadan mühafizəsi, kolloid kimya, qeyri-üzvi maddələrin kimyası, materialşünaslıq, koordinasion birləşmələr, mineral xammalın emalı, biomimetik kataliz, makromolekullar kimyası və digər tədqiqatları xüsusi qeyd etmək olar.
İnstitutda son illərdə əldə olunan nailiyyətləri xüsüsi vurgulayan akademik Dilqəm Tağıyev qurumda iki beynəlxalq laboratoriyanın təşkil olunduğunu diqqətə çatdırıb. O, impakt faktoru yüksək olan nüfuzlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artdığını, innovasiya xarakterli işlərin yerinə yetirildiyini, bəzi işlərin tətbiq olunduğunu, eləcə də gələcəkdə institutun elmi simasını müəyyən edəcək perspektiv elmi istiqamətlər üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, institut əməkdaşları tərəfindən 2015-2025-cü illərdə 1800 məqalə (onlardan 1150-i Scopus və Web of Science bazalarında indeksləşən jurnallarda) və 14-ü xaricdə olamaqla, 95 kitab və monoqrafiya çap olunub. Müəssisə əməkdaşlarının məqalələrinə 19 mindən çox istinad edilib, 100 respublika patenti və Avrasiya patenti alınıb, ümumi dəyəri 4,5 mln AZN olan 34 qrant layihəsi (20-si beynəlxalq olmaqla) yerinə yetirilib. İnstitut 2023 və 2024-cü illərdə beynəlxalq SCİmago reytinq cədvəlində yer alan 9000-dən çox elmi qurum (universitet, institut, milli və özəl laboratoriyalar) arasında Azərbaycandan olan 8 elmi təşkilatdan biri olub.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılmış elmi-tədqiqatların nəticələrinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini söyləyən məruzəçi əlavə edib ki, müəssisə əməkdaşlarından bir nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, bir nəfər “Lenin” mükafatına, bir nəfər SSRİ “Lenin komsomolu” mükafatına, altı nəfər Azərbaycanın SSR Dövlət Mükafatına, üç nəfər Lenin, bir nəfər “Oktyabr inqilabı”, üç nəfər “Qırmızı Əmək Bayrağı”, beş nəfər “Şərəf Nişanı”, bir nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına, bir nəfər “Şərəf” və altı nəfər “Şöhrət” ordenlərinə, bir çoxları isə “Əməkdar elm xadimi”, “Əməkdar elm və texnika xadimi”, “Əməkdar müəllim” fəxri adlarına, “Əməkdə fərqləndiyinə görə”, “Tərəqqi”, “Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyi (1919-2019)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medallarına və digər mükafatlara layiq görülüblər.
Akademik Toğrul Şahtaxtinskinin mənalı ömür yolundan, Azərbaycan elminə verdiyi töhfələrdən danışan direktor bildirib ki, 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu ölkəmizdə neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparıb. Alimin tədqiqatları neft-kimyəvi sintez, kimyəvi kinetika və kataliz, kimya texnologiyasının nəzəri əsaslarına həsr olunub. Həmin tədqiqatlar üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya texnologiyasının elmi əsaslarının işlənib hazırlanması ilə bağlı geniş spektrə malik problemləri əhatə edir.
Onun sözlərinə görə, akademik Toğrul Şahtaxtinski mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının elmi-nəzəri prinsiplərini müəyyən edib. Görkəmli alim səmərəli elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması işinə də böyük önəm verib, onun rəhbərliyi altında 60-dan çox elmlər namizədi və elmlər doktoru hazırlanıb.
Akademik Dilqəm Tağıyev qeyd edib ki, Toğrul Şahtaxtinski Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Konfransda çıxış edən akademiklər Akif Əlizadə, Vaqif Fərzəliyev, Vaqif Abbasov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Özbəkistan MEA Ümumu və Qeyri üzvi Kimya İnstitunun təmsilçisi professor Gülrux Beqjanova və başqaları institut kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda, həmçinin akademik Toğrul Şahtaxtinskinin elmi irsindən bəhs olunub, kimyaçılar mühitində mehribanlıq ənənələri yaratmış görkəmli alimin böyük nüfuz və hörmət sahibi olduğu bildirilib.
Sonda akademik Toğrul Şahtaxtinskinin ailəsi adından nəvəsi Emin Şahtaxtinski çıxış edərək babasının xatirəsinə göstərilən diqqəətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.
Konfrans müvafiq seksiyalar üzrə işini davam etdirib.
Qeyd edək ki, tədbir oktyabrın 23-də başa çatacaq.