Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin keçmiş direktoru Sevda Malışova Ağcabədi Regional Mədəniyyət İdarəsini məhkəməyə verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sevda Malışovanın bu addımı işdən çıxarılması ilə bağlıdır.
O, bir müddət vəzifəsindən azad edilib. Sevda Malışova işdən çıxarılması barədə qərarı qanunsuz hesab etdiyindən məhkəmə yolu ilə işə bərpa olunmaq istəyir.
Məlumata görə, iddiaya Ağcəbədi Rayon Məhkəməsində baxılıb. Lakin Sevda Malışovanın iddiası təmin edilməyib. O, apellyasiya şikayəti verib. Keçmiş ditektorun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq. Aprelin 2-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim İlham Əsədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı cinayət işi açılıb. Həmin vaxt Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyid