azia.az
azia.az

TƏCİLİ əməliyyat keçirildi - SAXLANILANLAR VAR /FOTO

14-11-2023, 09:23

Ağdaşda narkotik vasitələrin dövriyyəsi və oğurluqda şübhəli bilinən 9 nəfər saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.


Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinən ümumilikdə 9 nəfər saxlanılıb.


Qeyd edilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. Ona məxsus evə baxış keçirilərkən oradan kisələrdə və 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb.


Noyabr ayının əvvəllərində isə rayonun Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb. Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib.


Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi