azia.az
azia.az

Toyuq hini və tövlə üçün dövlət büdcəsindən vəsait nəzərdə tutulmayıb - RƏSMİ CAVAB

Bu gün, 12:51

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sakinlərin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.

Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı abadlıq, bərpa və quruculuq işləri həyata keçirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı təmin edilir və onlar yeni yaşayış sahələri ilə təmin olunurlar.

Qurum bildirib ki, bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirir, yaşadıqları mənzillərin təmirindən narazılıq edirlər.

“Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma və yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, əlavə tikililərin, toyuq hini, mal-qara saxlanılması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, eləcə də əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

Xidmət vurğulayıb ki, dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində tədbirlər dövlət proqramları və təsdiq edilmiş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır.

“Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər. Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır”, - açıqlamada bildirilib.

Qurum qeyd edib ki, bir ildən çox yaşayışdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret faktlar və texniki baxışla əsaslandırılmalıdır.

Açıqlamada vurğulanıb ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi