azia.az
azia.az

Rəhbərin hər şeyi nəzarətdə saxlaması sistem qurmaq sayılırmı? - Ekspert

Bu gün, 09:57

İş və gündəlik həyatda bir çox qərarlar sistemli düşüncəyə əsaslanır. Planlı hərəkət etmək, prosesləri müəyyən qaydalar üzrə idarə etmək və ardıcıllığı qorumaq əksər hallarda uğurun əsas şərtlərindən hesab olunur. Lakin sistemli olmaq hər zaman eyni qaydalara kor-koranə əməl etmək demək deyil. Bəzən dəyişən şəraitə uyğunlaşa bilməyən sistemlər əks nəticə də verə bilər.

Biznesdə sistemli yanaşma nədir və bu yanaşma olmadıqda şirkətlər hansı problemlərlə üzləşirlər?

İş adamı, biznes mentor və kouç Ərşad Xankişiyev Valyuta.az-a bildirib ki, sistemli düşüncə güclü idarəetmə aləti olsa da, onu dəyişməz qayda kimi qəbul etmək düzgün yanaşma deyil.

Onun sözlərinə görə, sabit və təkrarlanan proseslərdə sistemli yanaşma yüksək nəticə verir:

“İstehsalatda, logistika sahəsində, restoran idarəçiliyində və ya maliyyə uçotunda sistemlər səhvləri azaldır, prosesləri sürətləndirir və səmərəliliyi artırır. Lakin qeyri-müəyyən və sürətlə dəyişən şəraitdə yalnız sistemə güvənmək kifayət etmir. Belə hallarda intuisiya, çeviklik və vəziyyətə uyğun qərar vermək də vacibdir”.

Ərşad Xankişiyev qeyd edib ki, ən böyük səhvlərdən biri sistemi məqsədə çevirməkdir:

“Sistem sadəcə vasitədir. Yeni şərait yarandıqda köhnə qaydalara kor-koranə əməl etmək, faktlar dəyişsə belə yanaşmanı yeniləməmək düzgün deyil. Həqiqi sistemli düşüncə sərt qaydalar qurmaq yox, öyrənən və daim təkmilləşən sistem yaratmaqdır”.

Ekspert bildirib ki, sistem düşüncəsi təkbaşına kifayət etmir:




“Sistem düşüncəsi nizam yaradır, tənqidi düşüncə düzgün istiqamət verir, çeviklik isə dəyişən şəraitə uyğunlaşmağa kömək edir. Bu üç amil birlikdə olduqda həm işdə, həm də şəxsi həyatda daha uğurlu nəticələr əldə etmək mümkündür”.

Ərşad Xankişiyevin sözlərinə görə, biznesdə sistemli yanaşmanın olmaması şirkətin fəaliyyətində ciddi problemlərə səbəb olur:

“Belə şirkətlərdə rəhbər hər işə özü qarışmalı olur və təşkilat bir nəfərdən asılı vəziyyətə düşür. Eyni səhvlər təkrarlanır, əməkdaşlar məsuliyyətlərini tam anlamırlar, qərarlar emosiyalar əsasında verilir, vaxt və maliyyə itkiləri artır. Müştəri xidməti qeyri-sabit olur, şirkətin böyüməsi çətinləşir və sahibkar işdən uzaqlaşdıqda proseslər dayanmağa başlayır”.

Onun sözlərinə görə, sistemli idarə olunan şirkətlərdə isə proseslər əvvəlcədən müəyyən edilir:

“Sistemli idarə olunan şirkətlərdə proseslər yazılı və aydın olur, hər əməkdaş öz rolunu bilir, nəticələr ölçülür, səhvlər təhlil edilir və onların təkrarlanmaması üçün tədbirlər görülür. Belə şirkətlər rəhbərin daimi iştirakı olmadan da fəaliyyətini davam etdirə bilir”.

Ekspert vurğulayıb ki, rəhbərlərin tez-tez yol verdiyi yanlış yanaşmalardan biri hər şeyi nəzarətdə saxlamağı sistem qurmaq hesab etmələridir. İnsan beyninin təbii işləmə modeli ilə sistem düşüncəsi arasında ciddi fərq var:

"Bir çox rəhbər düşünür ki, bütün qərarları özü verməli, hər əməkdaşı özü yoxlamalıdır. Əslində isə bu sistem düşüncəsi deyil, mərkəzləşdirilmiş idarəetmədir.
İnsan beyni keçmiş təcrübəyə əsaslanaraq tanış üsulları təkrarlamağa və riskdən yayınmağa çalışır. Belə rəhbər düşünür ki, “Mən yoxlamasam, heç nə düzgün olmayacaq”. Bu yanaşma müəyyən müddət işləsə də, şirkət böyüdükcə effektivliyini itirir”.

Onun sözlərinə görə, sistem düşüncəsi isə diqqəti insanlardan çox proseslərə yönəldir:

“Sistem düşüncəsi “Bu nəticəni hansı proses yaradır?”, “Problem niyə təkrarlanır?”, “Hansı qayda dəyişsə nəticə də dəyişəcək?” və “Mən olmasam, bu sistem işləyəcəkmi?” kimi suallar verir. Burada əsas məqsəd insanları yox, prosesləri düzgün qurmaqdır”.

Ekspert hesab edir ki, güclü rəhbər hər işi özü görən deyil, özü olmadan da işləyə bilən sistem quran şəxsdir:

“Sahibkarın əsas işi bütün problemləri özü həll etmək deyil. Onun vəzifəsi elə bir sistem qurmaqdır ki, problemlər minimuma ensin və yaranan çətinliklər sistem daxilində həll olunsun. Nəzarət insanları idarə edir, sistem isə prosesləri. Proseslər düzgün qurulduqda insanlar da daha səmərəli işləyirlər”.

Rəfiqə Abdin 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi