Toxumlara sertifikat verilməsi ilə bağlı dövlət rüsumu müəyyənləşdirilir.
Azərbaycanda toxum əməliyyatçılarının qeydiyyata alınması və toxumlara sertifikat verilməsi ilə bağlı dövlət rüsumu müəyyənləşdirilir.
Xəbər verilir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara təklif olunan dəyişikliklərdə əksini tapıb.
Belə ki, “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni maddəyə əsasən, toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq, səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumu tutulacaq.
Layihəyə görə, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat, həmin çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə isə 25 manat dövlət rüsumu müəyyən edilir.
Qanun layihəsində toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair informasiya sistemindən çıxarışın sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına əlavə olunması da nəzərdə tutulur. Bunun toxumların dövriyyəsinə nəzarətin gücləndirilməsinə, pozuntuların qarşısının alınmasına və keyfiyyətsiz məhsulun bazara çıxışının məhdudlaşdırılmasına xidmət edəcəyi bildirilir.
Sənəddə həmçinin seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, toxumluq əkinlər və bu sahədə bağlanmış müqavilələr barədə məlumatları özündə birləşdirən elektron reyestrin yaradılması da əksini tapıb.