azia.az
azia.az

GƏZMƏYİN FAYDALARI BUNLARDIR- İnsan bu yolla özünü və ətraf mühiti qoruyur

Bu gün, 09:39

Piyada gəzmək bir neçə xəstəliyin qarşısını almaq üçün önəmlidir. Bu xəstəliklər sırasında ürək-damar xəstəlikləri xüsusi əhəmiyyət kəsb edir.

Mütəxəssislər  qeyd edirlər ki, adıçəkilən xəstəliyin yaranmasına səbəb olan amillərdən biri məhz qeyri-aktiv həyat tərzi, yəni az hərəkətlilikdir. Kardioloq İlqar Tahiroğlunun sözlərinə görə,   "İnsan orqanizmi hərəkət etmədiyi zaman passivləşir və bunun nəticəsində bütün metobolizma yavaşlayır. Az hərəkətlilik piylənməyə səbəb olduğundan birbaşa ürək-damar tıxanlıqlığı, infarkt, insult və digər xəstəliklərə rəvac vermiş olur. Digər tərəfdən insan gəzən zaman qan dövranı daha aktiv şəkildə çalışır. Bununla əlaqəli ayaq damarlarında tıxanıqlıq riski azalır. Lakin az hərəkət edən insanlarda bu problem daha sıx görünür və ciddi fəsadlar törədir. Metobolizmanın tənzimlənməsi və digər xəstəliklərdən qorunmaqda piyada gəzmək yeyilən kalorinin yandırmaq üçün ideal vasitədir".

"Heç bir xəstəliyi olmayan sağlam insan normalda gün ərzində bir neçə km piyada yol qət etməlidir", - deyən kardioloq əlavə edib ki, ürək-damar xəstəliyi olanlar klinik vəziyyətdən asılı olaraq gün ərzində minimum 30-40 dəqiqə olacaq şəkildə tempolu gəzməlidirlər: "İnsanlara səhər erkən vaxtda piyada gəzmək tövsiyə olunur. Yay aylarında günorta çox isti olması, qışda isə havanın soyuq olması ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə gəzməkdə çətinlik törədə bilir. Bu səbəbdən səhər və axşam saatları daha məsləhətdir".

Onu qeyd edək ki, piyada gəzməyin əsas faydalarından biri sümüklərin və əzələlərin güclənməsidir. Belə olanda ürək əzələləri işini daha sürətli görür, qan təzyiqi tənzimlənir. Yerimək eyni zamanda yaradıcılığı dəstəkləyir. Beynin oksigen tədarükü artır, yaradıcı düşüncə və zehnin potensialı artır. Bu, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də faydalıdır. Piyada gəzmək depressiyanın təbii müalicəsidir. Stressi azaldır. Gərginlikdən uzaqlaşmağa kömək edir. Beyində endorfin, seratonin və dopamin səviyyəsini artırır. Eyni zamanda xərçəng riskini azaldır.

Ümumiyyətlə, piyada gəzmək həm insanın özü, həm də ətrafı üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirən şəxslər üçün yerimək müstəsna əhəmiyyətə malikdir. Bu, fiziki fəallıqla yanaşı, qan dövranını yaxşılaşdırır, hərəkətliliyi artırır.

Britaniyalı alimlərin fikrincə, az hərəkətli həyat tərzi oynaqlar, sümüklər və əzələləri zəiflədir. Araşdırmalara görə, insanlar günün 50-70 faizini oturaq keçirir. Bu isə yalnız bel üçün zərərli deyil, həm də diabet və ürək xəstəlikləri riskini artırır. Uzunömürlülüklə oturmaq arasında əlaqəni üzə çıxarmaq istəyən amerikalı alimlərin araşdırma aparıblar. Onların gəldiyi qənaət belə olub ki, kişilərdə əyləşmə ömür uzunluğunu azı 20 faiz azaldır. Məlumata görə, inkişaf etmiş sənaye ölkələrində insanlar gündəlik ortalama 1000 addım atırlar. Bu, təqribən 650 metr məsafə qət etmək deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxşı formada qalmaq istəyənlər üçün gündəlik 10 000 addım atmağı tövsiyə edir. Bu, 7 kilometrlik məsafəyə bərabərdir. Mütəxəssislər sürətlə yeriməyi və az ara verməyi məsləhət görürlər.

Piyada gəzmək insan həyatını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür. Sıx iş rejimi, ictimai nəqliyyat problemləri insanları tənbəlləşdirir. Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək sağlamlığa güc qatır. Piyada gəzməyin ətraf mühit üçün faydası isə ondan ibarətdir ki, bu zaman nəqliyyat vasitələrindən istifadə azalır. Bu isə havaya zəhərli qazların buraxılmasını minimuma endirir, ekologiyanın çirklənməsinin qarşısını alır.

Bir sözlə, sağlam həyat tərzi piyada gəzməkdən keçir desək, yəqin ki, yanılmarıq.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. Nazir bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.report.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi