Ekspertlər əhaliyə xəbərdarlıq edir -KOLBASA TƏHLÜKƏSİ
Bakıda və ölkəmizin bir çox bölgələrində piştaxta arxasında, etiketi olmayan, ev şəraitində hazırlandığı iddia edilən kolbasaların satışı hər zaman vətəndaşları narahat edən mövzudur.
Qiymətinin ucuz olması bir çox hallarda alıcıların diqqətini cəlb etsə də, əksəriyyət bu kolbasaların tərkibindən xəbərsizdir.
Bəzi insanların gündəlik qida rasionunda yer alsa da, mütəxəssislər təhlükəli olduğunu, kolbasanın gündəlik yeyiləcək məhsul olmadığını bildirirlər.
Belə ki, gün ərzində insan 50 qramdan çox kolbasa istehlak etməməlidir.
Pravda.az mövzu ilə bağlı araşdırma aparıb.
ÖLKƏ ƏRAZİSİNDƏ KOLBASA İSTEHSALINDA POZUNTULAR
Hələ 2023-cü ildə ölkə ərazisində kolbasa və sosiska məhsullarının istehsalı ilə məşğul olan bir sıra müəssisələrdə ciddi pozuntular aşkarlanmışdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 6 istehsalçıya məxsus 9 məhsulda uyğunsuzluqlar müəyyən etmişdi. Bunlardan 4 məhsulda aşkarlanan uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5 məhsulda isə etiket məlumatları ilə bağlı idi. Sonradan məlum oldu ki, AQTA-nın kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrində uyğunsuzluq aşkarlananan şirkətlər “Səhliyalı” Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, “Sevilən Ad” MMC, “Mir 2016” MMC, “M&T” Ltd firması, “Ovçular Ət və Ət Məhsulları” MMC və digər şirkətlərdir.
Uzağa getməyək. Hələ 2024-cü ilin sentyabrında əksər istehlakçıların etibar etdiyi məşhur "Payım" şirkətinə məxsus südlü sosislərin, yarım hisə verilmiş "Oxotniçya", "Krakovskaya", "Keşlə Servelat", "Doktorskaya" və sair kolbasalarının tərkibində də orqanizm üçün zərərli hesab edilən E300, E330 və E450 qida əlavələri aşkarlanmışdı.
Məlumat üçün bildirək ki, olduqca zərərli hesab edilən E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir. Mütəxəssislər bu maddənin orqanizmdə xərçəng riskini artırdığını deyirlər. Bundan əlavə “Payım” kolbasalarının tərkibində istifadə edilən digər qida əlavələrinin də insan sağlamlığı üçün risk yaratdığı bildirilir.
Ölkə bazarında satılan və Rusiyada istehsal olunan “Çariçino” kolbasaları barədə də mətbuatda şikayətlər az deyil. Keyfiyyətsiz və insan orqanizmi üçün çox zərərli olduğu deyilən bu kolbasalar da Azərbaycanda endirimli qiymətlərlə satılır.
Təkcə paytaxtda deyil, regionlarımızda da vəziyyət acınacaqlıdır. Məsələn, 2022-ci ildə Göygöl rayonunun Yeni Qızılca kəndindəki kolbasa məmulatlarının istehsalı sexində keçirilən yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən edilmişdi. Həmin müəssisədə “Fermer” nişanı altında istehsal olunan məhsulların etiketlənməsində tərkibi ilə bağlı reallığı əks etdirməyən, təhrif olunmuş məlumatların yer aldığı və digər nöqsanlar aşkarlanmışdı...
Siyahı uzandıqca uzanır. Bəs sahəyə nəzarət niyə bu qədər zəifdir?
SƏHLƏNKARLIQ EDƏN ORQANLARIN BAŞINDA DAYANANLAR SƏRT ŞƏKİLDƏ CƏZALANDIRILMALIDIR
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib ki, Azərbaycanda müxtəlif adda kolbasalar istehsal olunur:
“Bir qisminin hansı sexdə, hansı şəraitdə istehsal olunduğu bəlli deyil. Bu sahədə ciddi oğurluq faktları, plagiat var. “Doktorskaya”, “Lyubitelskaya”, “Krakovskaya” kimi məşhur kolbasa brendləri Sovet dövrünün brendləridir. Azərbaycanda isə bu brendlər altında kolbasalar satılır. Bunlar oğurluqdur. Əslində həmin brendlərin sahibləri Azərbaycandakı istehsalçıları məhkəməyə verməlidir. Bunun kimi başqa cürbəcür adlar da var. Eyni zamanda müxtəlif ərazilərdə etiketi, istehsal tarixi olmayan kolbasalar da satılır. Müvafiq orqanlar bunun qarşısını almalı, məsələ qaldırmalıdırlar. İnsanlar ucuz olduğuna görə belə kolbasaları alırlar. Əvvəllər quru yolla Dağıstandan, Rusiyadan və digər kənar ölkələrdən kolbasaların oğurluq yolla gətirilməsi faktları da var idi. İndi qarşısı alınıb, amma bütün hallarda ölkə daxilində mənşəyi bəlli olmayan kolbasalar yenə də satılır. Müxtəlif dövrlərdə at, eşşək əti satanlar da olub, onlar həbs ediliblər. İndi də bilinmir ki, hansı növ heyvanları kəsib satırlar. Metroların, ayrı-ayrı ticarət mərkəzlərinin yaxınlığında satılan kolbasalarla bağlı ciddi həyəcan təbili çalınmalıdır. Müvafiq orqanlar buna aydınlıq gətirməli, səhlənkarlıq edən orqanların başında dayananlar da sərt şəkildə cəzalandırılmalıdır. Ölkənin milli təhlükəsizliyinin elementlərindən biri də qida təhlükəsizliyidir. İnsanlarımızın sağlam yaşamasını, uşaqlarımızın sağlam böyüməsini istəyiriksə, qida təhlükəsizliyinə ciddi sürətdə əməl olunmalıdır”.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə bildirib ki, ölkədə kolbasa məhsulları istehsal edən 20-dən çox müəssisə var:
“Bu müəssisələr ciddi monitorinqdən keçirilməlidir. Onların arasında barmaqla sayılacaq qədər standartlara uyğun kolbasa və sosiska məmulatları istehsal edən müəssisə var. Çox təəssüf ki, standartlara uyğun mal istehsal edənlər öz bazarlarını təmizləmək üçün heç bir iş görmürlər. İstisna etmirəm ki, saxtakarlarla həqiqi istehsalçılar arasında əlaqə var. Ola bilsin ki, onlar arasında kolbasa, sosiska məmulatlarının bəzi örtükləri, inqridientlərinin alqı-satqısı aparılır. Burada sirli, mənə məlum olmayan məqam var. Əlbəttə, bu cür etiketsiz, istehsal tarixi bəlli olmayan, metro çıxışlarında, xüsusən 8-ci kilometr bazarında, bəzən də meyvə dükanlarında satılan kolbasalar barədə AİİB-yə daim məlumatlar gəlir. Əhalinin ciddi narazılığından, istehlakçını düşündürən amillərdən biri həmin kolbasaların həddindən artıq ucuz olmasıdır. İllər boyu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkənin müxtəlif yerlərindən murdar olmuş heyvanların, atların, eşşəklərin ətlərinin Bakıya daşınmasını ifşa edib, cinayət işi qaldırıb. İstisna olunmur ki, bu cür ucuz ətlər etiketsiz, saxta kolbasa istehsalçılarına yönəlir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahəni tamam çeşidləyib qurtarmır. Buna görə də böyük narazılıq mövcuddur”.
E.Hüseynov cərimələnən və adı məhkəmədə hallanan müəssisələrdən də danışıb: “Məsələn, “Səhliyalı” müəssisəsinə yodsuz duzdan istifadə etmədiyi üçün cərimə yazılıb. 20 ildir, ardıcıl çıxışlarımda deyirəm, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” qanunun 8.3-cü maddəsində ölkəyə yodsuz duzun idxalı, istehalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan olunur. Bu qanun qəbul olunanda radikal çıxışlar etdim. Məsələ qaldırdım ki, istehlakçılara seçim hüququ qoyun. Lakin yod defisiti xəstəlikləri o qədər yüksək səviyyədə idi ki, qanun bu cür də qəbul olundu. Bizim ofisimizdə Sabirabadda istehsal olunan, İrandan gətirilmiş və turşu hazırlamaq üçün istifadə edilən duz nümunələri var. Tamam yodsuz duzlardır. Eləcə də ölkədə “Moskaya sol", “Altayskaya sol” adları altında, təxminən, 10%-ə qədər yodsuz duz satılır. Əlbəttə, “Səhliyalı”nın yodsuz duzdan istifadə etməsi qanunsuzdur. Lakin gömrük orqanları küllü miqdarda İrandan gətirilən yodsuz duzları ölkənin əmtəə bazarına buraxır. Cərimə ilk növbədə gömrükdən bu duzu bazara buraxanlara qoyulmalıdır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də nəzarətdə saxlayır. Yodsuz duzla bağlı qanunda dəyişiklik aparılmalıdır, istehlakçıların seçim hüququ təmin olunmalıdır. Ölkədə yodsuz duzun istehsalı və satışı var. Çox təəssüf ki, problem yaşanır. “Səhliyalı” malları barədə AİİB-yə şikayətlər daxil olmur. Qeyri-qanuni addımına görə müəssisəyə cərimə qoyulubsa, doğru qərardır, lakin cərimələyən orqanlar əmtəə bazarını da diqqətlə nəzərdən keçirsinlər ki, digər yerlərdə də bunun qarşısı alınsın”.
SAĞLAMLIĞIMIZI GÖZLƏYƏN TƏHLÜKƏ
Tanınmış endokrinoloq Lamiyə Nəbibəyli bildirib ki, kolbasaların tərkibindən insan orqanizminə zərər gələ bilər:
“Kolbasaların tərkibində adətən ət yox, ət əvəzedicilər, ətə oxşar maddələr istifadə olunur. Soya, quş dərisi... Soya bişəndə dadı müəyyən qədər ətə bənzəyir. Yəni tərkibində ət olmadığı üçün protein də deyil. Tərkibinə güclü ədviyyatlar vururlar ki, kolbasanı kəsəndə ədviyyatların qoxusu digər qoxuları ört-basdır etsin. Kolbasanın rəngi üçün tərkibinə mütləq rəngləndiricilər qatırlar. Hazırda kofedən, limondan tutmuş hər şeyin aroması var, o cümlədən ətin də. Kolbasaya ət qoxusu gələn aromalar da vurulur. Bunlar bir çox kolbasalarda istifdadə olunur. Özünə hörmət edən şirkətlərin istehsal etdikləri kolbasalarda ətin payı daha çoxdur. Kolbasanın zərərli olduğunu bildikləri üçün tərkibinə əksər hallarda antibiotiklər vurulur. Belə halda mümkün xəstəliklərin sanki qarşısını almış olurlar. Böyük şirkətlərdə belə kolbasaya antibiotik vururlar. Bilirsiniz ki, antibiotikin düzgün verilməməsi insanlarda antibiotikə qarşı həsasslığın azalmasına və bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır. Tutaq ki, kolbasanın içinə ət vurulur. Hansı ət vurulduğu bəlli deyil. Ətin mənşəyi qurd yumurtları saxlaya bilər. Qurd yumurtaları bağırsağa düşdükdə onlardan yetişkin qurdlar formalaşacaq qədər inkişaf gedir. Nəticədə bağırsaqda qurd invaziyasının formalaşmasına gətirib çıxarır. Kolbasaların tərkibində müxtəlif stabilizatorlar, konservantlar olur. Konservantlardan həddindən artıq istifadə edirlər ki, kolbasa xarab olmasın. Bunların isə bir çoxu konsoregen maddə kimidir. Saxlama şəraiti də bəlli deyil. İki-üç gündən artıq 2-8 dərəcədə soyuducunun aşağı gözündə saxladıqda kolbasanın üstü kif bağlayır. Yəni pərakəndə istehsal edilən kolbasalar insan sağlamlığı üçün təhlükəlidir, parazit xəstəlikləri, qurd invaziyası, onkoloji xəstəliklər əmələ gətirə bilər”.
MİA.AZ