azia.az
azia.az

Azərbaycanı tərk edən alimlər - ARAŞDIRMA

10-08-2024, 07:04

Hər hansı bir ölkənin varlığına son qoymaqdan ötrü öncə onun beynini ələ keçirmək gərəkdir. Sonra həmin dövlət və millət özü-özünə misqal-misqal tənəzzülə uğrayacaq. Çünki tərk edilən təfəkkür özü ilə bir çox ünsürləri aparır ki, o ünsürlər olmazsa, toplumdan millət də olmaz. Tarix boyu Azərbaycandan Şərqə və Qərbə xeyli “beyin axınları” olub. SSRİ-nin iflasından sonra bu axının yeni dalğası baş verib.


Modern.az 
saytının araşdırması zamanı bəlli olub ki, Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub. 

Müstəqilliyin ilk illərində Azərbaycanı tərk edənlər arasında Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, mərhum Qeybulla Qeybullayev də vardı. Vətənində elmi fəaliyyəti ilə tanınsa da, siyasi qısnamalar ucbatından mühacirət etmək məcburiyyətində qalmış alim Türkiyəyə mühacirət elədi. Burada elmi fəaliyyətini davam etdirən Q.Qeybullayev Türkiyə baş naziri Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri idi.

Kamil Vəli Nərimanoğlu – 1999-cü ilədək BDU-un filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbəri də Türkiyəyə köç etmiş azərbaycanlı alimlərdən biridir. Həmin dönəmdə və ondan sonrakı illərdə Kamil Vəli Nərimanoğlu Konya Səlçuq Universitetinin fəxri doktoru adını alır və İzmir, eləcə də Şimali Kipr Yaxın Doğu və Ağdəniz universitetlərində dərs deyir. Lakin sonralar siyasi səbəblərdən ölkəni tərk edir. 2005-ci ildə parlament seçkilərində məğlub olması alimin xaricdə daimi məskən salmasını bir az da sürətləndirir. Hazırda professor Türkiyənin Yedditəpə Universitetində dərs deyir.

Siyahımızda yer alan digər elm xadimi professor Vəli Şahmurovdur. V.Şahmurov 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan Şahmurov müstəqilliyin ilk illərində elmin iflası və alimlərin maddi böhranda üzməsi səbəbindən ölkəni tərk edən alimlərdəndir.

“Beyin axını”ndan danışarkən Türkiyədəki Səlcuq Universitetinin professoru, kompüter və elektronika üzrə ilk mütəxəssislərdən olan Novruz Allahverdiyevi də unutmamaq gərəkdir. Hazırda o, Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin  “bilgisayar başqanı“ adlandırılan professor azərbaycanlı ziyalılardan biri ilə söhbətində vətənə qayıdıb-qayıtmamağı məsələsinə bu cür reaksiya verib: “Mən Azərbaycana o zaman qayıda bilərəm ki, orda da Türkiyədəki kimi tam qüvvəmlə işləyə bilim. Bax, gəl insafla danışaq, mən hər il olmasa da Bakıya gedirəm, orda bir çox köhnə dostlarla görüşürəm və onların vəziyyəti məni çox ağrıdır”.
Bu qeyd Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual” ensiklopediyasına adı daxil edilən alimin Türkiyədə nə səbəbə çalışdığını aydın göstərir.

Bəzi səbəblərdən ölkəni tərk edən digər dəyərli alimimiz riyaziyyatçı Elman Həsənoğludur. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü” ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alır, sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika–riyaziyyat və radiofizika  üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərov həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.

Siyahıya əlavə edəcəyimiz daha bir nüfuzlu şəxs isə Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Həmdulla Mehrabovdur. Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olur. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanır. 1952-ci ildə Borçalı mahalında anadan olan professor hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200- dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilib.

Azərbaycandan köç etmiş növbəti alim texnika elmlər namizədi Bəxtiyar Siracovdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. Alim yuxarıdakılardan fərqli olaraq beyin axınını qurbanına çevrilməyib. O yenə də işlədiyi yerdə Azərbaycanı təmsil edir və Azərbaycan adına Beynəlxalq Atom  agentliyində fəaliyyət göstərir. 1992-ci ildən çoxdur Avstriyada yaşayır.

P.S. Modern.az araşdırmalarını davam etdirərək sizlərə bu siyahıda olan başqa alimləri təqdim edəcək. 

Elmin Nuri

tarix: 22 Avqust 2013, 11:22 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi