azia.az
azia.az

Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA

25-07-2024, 15:27

Azərbaycandakı payızlıq taxıl sahələrində biçin davam etdirilir və artıq 90 %-də biçin prosesi başa çatıb. Fermerlər və kəndlilər bir neçə ay bundan öncə çəkdikləri əziyyətin artıq bəhrəsini görmək mərhələsindədirlər. Lakin taxıl sahələrində bilərəkdən və yaxud bilməyərəkdən baş verə biləcək xoşagəlməz hallar, xüsusən də yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi məhsuldarlıq üçün ciddi təhdid hesab oluna bilər. Çünki hər il yay ayları zamanı kənd təsərrüfatında yığım dövründə həm biçilmiş, həm də biçilməmiş taxıl sahələrində yanğın hadisələrinə rast gəlinir. Bəzi hallarda közü sönməmiş siqaret kötüyünün avtomobildən kənara atılması taxıl sahələrində yanğınlara səbəb olur. Buna görə də biçin prosesi dövründə yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əkin və biçin sahələrinin yandırılması istər bilərəkdən, istərsə də bilməyərəkdən birmənalı olaraq yolverilməzdir.

Onun sözlərinə görə, bu, həm yanğın, həm də ekoloji təhlükəsizlik baxımından ciddi fəsadlara yol aça bilər: “Burada söhbət təkcə şəxslərin əmlakına vurduğu ziyandan deyil, həm də dövlətin əmlakına vurulan zərərdən gedir. Açıq qalanan od bu cür əkin sahələrində geniş miqyaslı yanğınlara gətirib çıxara bilir. Ona görə də əkin sahələrini həm icarəyə götürüb çalışanlar, həm onların sahibləri, həm də orada kombaynla, traktorla və yaxud digər kənd təsərrüfatı texnikası ilə müəyyən işlər görən şəxslər bunu nəzərə almalıdırlar. Bilməlidirlər ki, bu cür davranış yolverilməzdir, geniş miqyaslı yanğınlara gətirib çıxara bilir”.

Ekspert söyləyib ki, hətta bəzən ərazidə od qalamaq və onu nəzarətsiz qoymaq da xoşagəlməz hadisələrə səbəb ola bilər: “Çünki əlverişsiz hava şəraiti olduqda külək odun qığılcımlarını digər sahələrə yayaraq daha geniş miqyaslı yanğınlara gətirib çıxara bilir. Bundan əlavə, hansısa nasaz texnikalar da bilməyərəkdən yanğınlara səbəb ola bilər. Ümumiyyətlə, texnikalar işlərə cəlb edilməzdən öncə diqqətlə yoxlanılmalı, tam təhlükəsizlik tələblərinə cavab verdikdən sonra sahələrə buraxılmalıdır. Biçin sahələrində yanğın təhlükəsizliyi məsələsi həm fermerlər, həm də orada müəyyən fəaliyyət göstərən şəxslər tərəfindən daim diqqətdə saxlanılmalı, açıq oddan istifadə edilməməlidir”.

Əvvəllər bəzi hallarda biçilmiş sahələrin qəsdən yandırılması halları da müşahidə olunub. Buna səbəb isə biçilmiş sahələrin yandırılmasının növbəti il üçün məhsuldarlığı artıracağı ilə bağlı fermerlər və kəndlilər arasında yayılmış şayiələrdir. İddialara görə, biçilmiş sahələrin yandırılması gəmiricilərin və zərərvericilərin məhv olmasına gətirib çıxarır və bu da məhsuldarlığı artırır. Sonradan həyata keçirilən tədbirlər nəticəsində bunun əslində torpağa zərər verdiyi və məhsuldarlığı azaltdığı barədə fermerlər və kəndlilər məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov İqtisadiyyat.az-a açıqlamasında biçilmiş sahələrin yandırılmasının qətiyyən yolverilməz olduğunu və ümumilikdə dövlət tərəfindən buna qarşı qanunvericilikdə nəzərdə tutulmuş cərimələrin mövcudluğunu xatırladıb.

Onun sözlərinə görə, qadağa olmasa belə ən azından sahələri yandırmaq və torpağın üst münbit qatını məhv etmək olmaz: “Buna humus qatı deyilir. Bir santimetr humusun əmələ gəlməsi neçə illərə başa gəlir. Torpağın bu hissəsi çürüntü ilə zəngin olan münbit qatıdır. Taxıl sahəsində kövşəni yandırmaqla həmin humus qatına da zərər verilir”.

Torpaqda yaşayan həşəratların hamısının zərərli olmadığını deyən ekspert vurğulayıb ki, onların içərisində xeyirliləri də var: “Torpağın strukturunu hamarlaşdırmaq, torpaqda məsaməlilik, havalanmanı yaratmaq üçün çox təsirli orqanizmlər, mikroorqanizmlər mövcuddur. Torpağı yandırmaqla onlar da məhv edilir. Kimsə deyə bilməz ki, kövşəni yandıraraq məhsuldarlığı artırmaq mümkündür. Bu, mümkün deyil. Əslində, kombaynların arxasında qoşqular olmalıdır ki, həmin o taxılın biçinindən qalan qalıq hissələri üyüdülüb torpağa tökülsün. Bu, daha əla olar. Kövşəni sahədən çıxarmaq, samanı bağlamaq və onu daşımaq əlavə xərc tələb etdiyi üçün bizim fermerlər torpağı yandırmağa əl atırlar. Bundan sonra isə kotanı salıb rahatca şumlama işlərini görürlər. Amma taxılın biçildikdən sonra yerdə qalan hissəcikləri üyüdülüb torpağa verilsə daha faydalı olar. Nə qədər qeyri-üzvi gübrələrdən istifadə etmək olar?! Bir az da üzvi gübrələrdən istifadə edək. Qalıq hissə onsuz da çürüyərək torpağa qarışacaq. Amma saman halında olduqda çürümə prosesi bir qədər gec başa gəlir. Həm də gələcəkdə fikirləşirlər ki, samanlıqda hansısa bir həşəratların, zərərverici orqanizmlərin yaşaması üçün münbit şərait yarana və orada arta bilərlər. Yəni bu məsələlərə görə torpağı yandırmaq istəyirlər. Amma samanı bağlayıb sahədən çıxarıb dərhal da yay şumunu aparmaq daha uyğun və məsləhətlidir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Mehdiyev isə İqtisadiyyat.az-a bildirib ki, taxıl və ot biçini mövsümü havaların isti keçən dövrünə təsadüf edir və bu zaman yanğın riski artır:

“Belə ki, insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, siqaret çəkərkən ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmaması səbəblərindən yanğın baş verir. Yanğın baş verməməsi üçün sahələrdə bir sıra zəruri tədbirlər həyata keçirilməli, açıq alovdan istifadə edilməməli, tam söndürülməmiş siqaret kötüyünü, yanar mayelərlə islanmış materialları, şüşə qab və şüşə qırıntılarını ətrafa atmamalı, taxıl zəmilərinin ətrafı eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçindən sonra sahələrin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır”.

 

Sadiq Cavadov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi