Azia.az media-Umico Market - onlayn marketpleys, yəni satış platformasıdır. Məsələ ondadır ki, Umico Market adı altında onlayn fəaliyyət göstərən bu sayt vətəndaşların pullarını mənimsəməklə məşğuldur.
Belə ki, onlayn xidmət göstərdiklərini bəyan edən Umico Market ondan alış-veriş etmək istəyən vətəndaşlara şirnikləndirici vədlər verərək, özünü etibarlı tərəfdaş kimi təqdim edir. Beləliklə də ilk fürsətdə “tilovuna düşən” vətəndaşları alış-verişə cəlb edir. Amma sonradan həmin vətəndaşlar saldadıldıqlarını anlayırlar. Son vaxtlar daha da geniş vüsət alan bu hallarının ardı-arası kəsilmir.
Bununla bağlı Tezadlar.az-a vətəndaş şikayətləri daxil olub.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət edən Baki şəhəri, Əsəd Əhmədov küçəsi 24B, mənzil 2209-da yaşayan Həsən Nəzərovun surəti redaksiyamıza daxil olan şikayət ərizəsində deyilir:
“Yazıb sizə bildirirəm ki, 06.05.2023-cü il tarixində UMICO.AZ saytından mini yemək bişirən (duxovka) tipli soba Aerofritür Sonifer-SF 1014 məhsulunu bəyəndim və onlayn olaraq sifaris etdim. Sifariş edəndən əvvəl UMICO.AZ saytında yerləşən məhsulu satan satıcının Tokla.az (Toklaelektroniks - Sədərək) dükanının əlaqə nömrələrini ((051) 290-21-94, (010) 216-06-10) tapdım və onlarla əlaqə saxlayaraq bildirdim ki, mən malı ozüm gəlib yoxlayıb götürmək istəyirəm. Mənə o nömrədən bildirdilər ki, elə satış olmur, biz məhsulu ancaq UMİCO-nun əməkdaşlarına təhvil veririk.
07.05.2023-cü il tarixində (051) 638-88-00 nömrəsindən UMİCO-nun kuryeri mənə zəng etdi və məhsulu gətirdiyini bildirdi. Məhsulu avtomobilin baqaj bölməsində qeyri-qermetik, ağzı açıq, skoçlanmamış vəziyyətdə qutunun içində mənə təqim etdi. Mən deyəndə ki, qalxaq məhsulu ev şəraitində yoxlayım, mənə bildirdi ki, tələsirəm, elə burda yoxla (bu vəziyyət yaşadığım binanın kameralarınada düşüb). Mənə malı normal yoxlamağa imkan yaratmadı. Mən pulu - 163 manat 50 qəpiyi kartla kuryerin gətirdiyi pos terminal vasitəsilə ödədim və məhsulu evə apardım. Elə oldu ki, məhsulu alandan sonra tez bir zamanda gedəsi oldum və məhsulu açmağa imkanım olmadı. Bir neçə gündən sonra qutunu açanda məhsulun keyfiyyətsiz olduğunu görüb dərhal UMICO.AZ saytı və vatsap ((050) 700-09-15) nömrəsilə əlaqə saxladım və malı geri qaytarmaq istəyimi bildirdim. Mən bildirdim ki, məhsul heç işlənməyib və mənə təhvil verilən vəziyyətdədir. 12.05.2023-cü il tarixdə (051) 270-50-03 nömrəsindən UMICO-nun əməkdaşı Rəşad Əliyev zəng edib məhsulu götürüb Tokla.az (Toklaelektroniks - Sədərək) dükanına aparacağını və orada ekspertiza keçiriləcəyini bildirdi. Məhsulu Rəşad Əliyevə təhvil verməmişdən əvvəl mən özüm məhsulun yaxından və hər tərəfdən şəkillərini və videosunu çəkdim, məhsul ideal vəziyyətdə idi. Məhsulu götürəndən təxminən 25 dəqiqə sonra Rəşad Əliyev mənə zəng edib telefonu Toklaelektroniks-in əməkdaşına verdi, o da mənə bildirdi ki, məhsulun üzərində cızıq tapmışıq və ona görə məhsulu geri qaytarmayacağam. Mən bildirdim ki, bu məhsul mənə tam bağlı vəziyyətdə təqdim olunmayıb və məndən əvvəl bu qutunu sizin mağazada açıblar, şəkillərdə və videoda heç bir cızıq yoxdur və malı mənə necə vermisiniz, elə də qaytarıram. Mən bildirdim ki, siz mənə böhtan atırsınız, yəqin ki, malı qaytarmaq istəmirsiniz və cızığı bilərəkdən atmısınız. Onlara bildirdim ki, sizdən şikayət edəcəm. Mağazanın nümayəndəsi isə cavabında dedi ki, “MƏN MALI QAYTARMIRAM, GET, HARA İSTƏYİRSƏN ŞİKAYƏT ELƏ, BİZİM DUKANIMIZIN ÖZ QANUNLARI VAR. MALI QAYTARMIRIQ”.
Sizdən çox xahiş edirəm, mənim istehlakçı hüququmu qoruyasınız, ödədiyin 163 manat 50 qəpik özümə qaytarılsın. Bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, insanları necə aldadırlar”.
Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 706, M2 ünvanında yaşayan Fariz Nəbiyev də Umico Market-dən şikayətçidir.
Yazır ki, 29.04.2023-cü il tarixdə Umico Market-dən onlayn yolu ilə Ardesto “YCM”-E 1600 markalı kofe bişirən aparat (qiyməti: 129 AZN) sifaris edib: “Həmin tarixdə sifarişim ünvana çatdırıldı. Kuryer gözləmədiyi üçün aparatı o gedəndən sonra yoxladıq, çünki bizə deyilmişdi ki, məhsulda problem aşkarlanarsa geri qaytarmaq mümkündür. Yoxladığımız zaman gördük ki, aparaq düzgün işləmir, kofe əvəzinə su gəlirdi, ya da heç nə gəlmirdi. Bu barədə Umico Market-ə onlayn qaydada məlumat verdik.
04.05-2023-cü il tarixdə kofe bişirən aparaq evimizdən götürülərək, servisə aparılıdığı və düzəlib gedi veriləcəyi bildirildi. Məhsul geri verilmədiyi üçün mən artıq onu istəmədiyimi və ödədiyim pulun geri qaytarılmasını tələb etdim. Umico Market-dən isə bunun mümkün olmadığını bildirdilər.
Ona görə də, sizə mürtaciət etdim ki, bu məsələnin həllində mənə kömək edəsiniz.
Xahiş edirəm, istehlakçı hüququmu qoruyasınız və Umico Market köfe bişirən aparat üçün ödədiyim 129 manatı mənə geri qaytarsın”.
Biz də öz növbəmizdə, məsələ ilə bağlı Umico Market-in səhifəsindəki əlaqə vasitələri ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.