azia.az
azia.az

Xalq artistindən biabırçı sözlər: “Kişi gəzər də”, təki mənim xoruzum başqa həyətdə banlasın”

15-03-2023, 10:24

“Verilişlərdə ailə münasibətlərinin müzakirə olunmasının əleyhinəyəm. Guya bu nəyi həll edir ki? O verilişlərdə nə həll olunur? Mənə elə gəlir ki, efirdə heç nə həll olunmur”. 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib.

Artan boşanmalar barədə danışan aktrisa insanların dözümsüz olduğunu bildirib:


“Əksinə, ailə psixoloqları olsa, insanlar evlənməmişdən öncə onlara müraciət etsələr daha yaxşı olar. İnsanlar bu gün çox hövsələsiz, səbrsiz olublar. Bu özünü həm də ailə münasibətlərində göstərir. Bu gün qadınların gözü açılıb. Onlar xarici ölkələrə baxırlar, görürlər ki, qadına hörmət edirlər, onu uca tuturlar. Qadınla kişinin əslində bərabərhüquqlu olduğunu görürlər. Düzdür, bizdə də qanunla qadın-kişi bərabərliyi var, lakin məişətdə bu çox zaman olmur. Bizdə bu bərabərsizliyi aydın göstərən məsəllər də var: “Kişi gəzər də”, “Təki mənim xoruzum başqa həyətdə banlasın”. Biz artıq müasirləşmişik, artıq dünyaya başqa gözlə baxmalıyıq. Fikrimcə, insanlar mütaliədən uzaqlaşıblar. Bu cür məişət problemləri daha çox dar düşüncəli insanların həyatında olur. Təki ailələr dağılmasın, insanlar dözümlü olsunlar. Bu tək kişiyə, ya qadına aid deyil, hər iki tərəf dözümlü, səbirli olmalıdır, öz üzərlərində məsuliyyət hiss etməlidirlər. Arada hörməti saxlamaq lazımdır. Kişilərə biri başa salmalıdır  ki, sən özün üçün qul almırsan, həyat yoldaşı alırsan. Bütün həyatın boyu bu insanla addımlamaq üçün ailə qurursan”.

Keçmiş dövrləri xatırlayan sənətçi əvvəllər gənclərin məcbur, sevmədiyi insanlarla ailə qurduğunu deyib:

“Yadıma gəlir, əvvəllər oğlanlar sevdiyi qızla evlənmirdilər, ata-ana kimi deyirdisə, onu alırdılar. Həmçinin də qızlar. İndi qızları məcbur kiməsə ərə vermirlər, kimi istəyirlərsə, ona da gedirlər. Bizim dövrümüzdə oğlan qızla sevişirdi, sonra oğlan o qızı atırdı, gedib ata-anasının məsləhət gördüyü qızla ailə qururdu. Bizim cavanlığımız belə dövr idi, çox nadir hallarda kimsə öz sevdiyi ilə evlənirdi. İndi cavanlara demək olar ki, sən filankəsə get? Onlar indi nə istəyirlərsə, onu da edirlər. Amma bir şey də var ki, həmin dövrdə boşanmalar yox idi. Ata deyirdi ki, “Səni verdim, qələt elə, otur evində, sənin meyitin ər evindən çıxacaq!” O vaxt qızın nə ixtiyarı var idi ayrılsın. Həmin dövrlərdə boşanmış qıza çox pis baxırdılar. O qızları heç ata-ana öz evinə qəbul etmirdi, cəmiyyət tərəfindən onlara pis baxılırdı. İndi boşanma adi hala çevrilib. Bu çox pis bir şeydir”. 

N.Allahverdiyeva ailə qurmaq istəyən gənclərə məsləhət verməyi də unutmayıb:

“Qadınlar bir şeyi başa düşməlidirlər ki, bütün kişilər eynidir, əgər düşünürsənsə ki, bundan boşanıb yaxşısına gedəcəm, səhv edirsən, bu, yalan söhbətdir. Bütün kişilər eyni xarakterdədir. Ona görə əsas olan odur ki, insan seçimini birinci dəfədən düz eləsin. Ən böyük xoşbəxtlik odur. Qaş-gözə, boy buxuna vurulmaq lazım deyil. Əgər ailə qurmağı düşünürsənsə, onun xasiyyətini bilməlisən. Gözəllik gəldi-gedərdi. 10 ildən sonra insanın üzündə olan o gənclik, gözəllik artıq yoxa çıxır, geriyə xarakteri qalır. Ona görə cütlüklər bir-birinin xarakterini bilməlidirlər. Əgər sən seçimini düzgün etdinsə, yoldaşının xasiyyəti yaxşıdırsa, kasıb da olsan, sən udursan, qalibsən. Unutmayın ki, Allah həmişə mehriban ailəyə ruzi verir. Siz mehriban olsanız, bir-birinizə dayaq olsanız, Allah heç vaxt sizi çətin vəziyyətdə qoymaz”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi