4 uşaq anasını həbs etdirən iş adamı kimdir?
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin İçərişəhərdəki evdən 803 min manatlıq qızıl oğurlanıb.
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.
İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.
Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.
Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan ilkin iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Ruzan Cabbarova orta təhsilidir. O, orta məktəbin 8-ci sinifinə qədər təhsil alıb. Həmçinin, ailəlidir, 4 uşaq anasıdır. Ruzan Cabbarova bildirib ki, övladlarından 3-ü 18 yaşı tamam olub və ailə qurublar, ayrı yaşayırlar. O bildirib ki, himayəsində 11 yaşında olan azyaşlı övladı var.
Daha sonra hakim təqsirləndirilən şəxsin hüquq və vəzifələrini izah edib. Hakim həmçinin bildirib ki, cinayət işi üzrə zərərçəkmişlər – Orxan Qədimbəyli və Fəridə Qədimova məhkəmənin ilkin iclasında iştirak etmir. Hakim onların iştirakı olmadan prosesin davam etdirilməsi barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər isə zərərçəkmişlərin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz etməyiblər.
Bundan sonra təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatətlə çıxış edib. O təqsirləndirilən şəxsin şüşə qəfəsdə yox, müdafiəçisi ilə yanaşı əyləşdirilməsini istəyib: “Təqsirləndirilən şəxsin şüşə qəfəsdə saxlanılması onun müdafiə hüququnun pozulmasıdır. Çünki orta təhsillidir, 8-ci sinifə kimi təhsil alıb və hüquqdan anlayış yoxdur. Ona suallar verəndə də mənim üzümə baxır. Bu da prosesdə tez-tez fasilələrin yaranmasına səbəb olacaq, məhkəmənin gedişinə təsir edəcək. Həmçinin təqsirləndirilən şəxsin əyləşdiyi şüşə qəfəsdə onun qeydlər aparması üçün şərait yoxdur. Onun müdafiə olunması üçün yaxşı omkanları olamayacaq”.
Prokuror Ziya Mənsurov təqsirləndirilən şəxsin şüşə qəfəsdən kənarda əyləşdirilməsinin mümkünsüz olduğunu deyib. Zərərçəkmiş şəxslərin nümayəndəsi, vəkil Əbülfəz Zeynalov isə bu məsələnin məhkəmənin mülahizəsinə verdiyini deyib.
Yerində müşavirə keçirən hakim heyəti müdafiəçinin vəsatətini təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin təhlükəsizliyinə nəzarətçilər cavabdehdir, onlar da Ruzan Cabbarovanı təqsirləndirilənlər üçün ayrılmış xüsusi yerdə saxlayılar.
Ruzan Cabbarovanın vəkilinin digər vəsatəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı olub. Vəkil qeyd edib ki, Ruzan Cabbarovanın daimi yaşayış yeri var: “Onun məhkəmənin çağırışlarından yayınması mümkün deyil. Barəsində seçilmiş qəti-imkan tədbiri dəyişdirilsə, vaxtı-vaxtında məhkəmənin çağırışlarına gələcək. Həmçinin himayəsində bir azyaşlı övladı var. 4 aydır ki, həbsdə saxlanılır. Həbs olunandan sonra azyaşlı uşağı bundan psixoloji sarsıntı keçirib. Bütün bunların nəzərə alınmasını xahiş edirəm”.
Vəkil daha sonra təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət verib. Bildirib ki, Ruzan Cabbarovanın hüquqları ibtidai istintaq zamanı pozulub: “Ona dövlət tərəfindən vəkil təyin olunub. Onu da Ruzan Cabbarova istintaq zamanı cəmi 2 dəfə görüb. Ruzan Cabbarova həmin vəkili birinci dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə, növbəti dəfə isə ifadə verən zaman görüb. Digər istintaq hərəkətləri vəkilin iştirakı olmadan aparılıb. Ruzan Cabbarovanın özünün dediyi kimi təhsili olmayıb, yazıb-oxumağı bacarmır. Belə olan halda müstəntiq nə deyibsə, təqsirləndirilən şəxsdə ona əməl edib.
Müstəntiq ona deyib ki, bu iş sənin xeyrinə həll ediləcək, bu yerlərə imza et. O da müstəntiqə inanıb və imza edib. Belə olan halda, Ruzan Cabbarova istintaq zamanı müdafəsiz qalıb”.
Vəkil Ruzan Cabbarovanın barəsində olan cinayət işinə xitam verilməsini, işin yenidən araşdırılması üçün prosessual hərəkətlər həyata prokurorluğa qaytarılmasını istəyib.
Prokuror isə bildirib ki, təqsirləndirilən şəxs xüsusi ilə külli miqdarda əmlak ələ keçirməkdə ittiham edilir: “Həmin əmlakın yarısı qaytarılsa da, yarısı qaytarılmayıb. Həmin əmlakların taleyindən isə xəbər yoxdur. Təqsirləndirilən şəxs məhkəmədən yayına bilər. Buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur”.
Müşavirə keçirən hakimlər vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.
Musavat.com