Akif Çovdarovun müsadirə olunmuş əmlakı da ÖZÜNƏ QAYTARILIR? – 33 milyon DƏYƏRİNDƏDİR…
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, generalmayor Akif Çovdarovun müsadirə olunan əmlakları özünə qaytarıla bilər. “AzPolitika.info”-ya daxil olan məlumata görə, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinin belə bir qərar verəcəyi gözlənilir. Qeyd edək ki, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308- ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada günahlandırılıb. 12 il azadlıqdan məhrum edilib. 2020-ci ildə Akif Çovdarov əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Ancaq Çovdarov azadlığa çıxmaqla kifayətlənməyib, müsadirə olunan əmlaklarını da qaytarmalması istiqamətində hərəkətə keçib. Akif Çovdarov Ali Məhkəməyə müraciət edərək, barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyb. Ötən ilin dekabrında Ali Məhkəmə Akif Çovdarovun kasasiya şikayətini qəbul edib və yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Qərarı uzun illər Bakı Şəhər prokuroru vəzifəsində işləmiş, 2017-ci ildən Ali Məhkəməyə hakim təyin olunmuş Əziz Seyidovun çıxardığı bildirilir Ekspertlərin fikrincə, Ali Məhkəmənin şikayəti qəbul etməsi və baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi Akif Çovdarovun istəyinə nail olacağından xəbər verir. Yəni, cinayət yolu ilə əldə etdiyi təsdiqlənmiş 33 milyon manatlıq əmlakı da özünə qaytarılacaq. Necə deyərlər, sözün bitdiyi yerdir…