Dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində 17 nəfərə qarşı dələdzluqda təqsirləndirilərək həbs edilən vəkil Qəhrəman Pirməmmədovun Yasamal rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb. Prosesdə şikayət araşdırılsa da təmin edilməyib.
Dələduzluğa görə ittiham olunan, iki il öncə məhkəmə zalında həbs edilən vəkil Qəhrəman Pirməmmədovun daha 16 nəfərə qarşı eyni əməli törətdiyi məlum olub. virtualaz.org-un xəbərinə görə, vəkil vətəndaşlara müxtəlif hüquqi yardım göstərmək adı ilə pullarını alaraq onları aldadıb.
Xatırladaq ki, Q.Pirməmmədov ilk dəfə vəkil həmkarı Könül Salehovanın şikayəti əsasında məsuliyyətə cəlb edilib. Vəkil həmkarının hüquqlarını müdafiə etdiyi şəxsin işini həll edəcəyi adı ilə ondan pul alıb. Vəkil K.Salehova qəsdən adam öldürdüyünə görə həbs edilən Vüsal Rəhimovun müdafiəçisi olub. Q.Pirməmmədov V.Rəhimova verilən cəzanın digər instansiya məhkəmələrində yüngülləşdirəcəyini, mərhumun yaxınlarını tanıdığını, onlardan şikayət etməmələri ilə bağlı razılıq alacağını vəd verərək 12 min manat pulunu alıb.
Həmin pulların bir qisminə evini təmir etdirib, bir qisminə isə borclarını ödəyib. V.Rəhimovun məhkəmə prosesində Q.Pirməmmədovun yalanları üzə çıxıb, mərhumun yaxınlarının şikayətlərini geri götürmədiyi məlum olub. Məhz bundan sonra vəkil K.Salehovanın şikayətləri əsasında Q.Pirməmmədov barəsində cinayət işi açılıb. Cinayət işi ilə bağlı istintaq aparılan zaman isə Q.Pirməmmədovla bağlı çoxsaylı şikayətlər üzə çıxıb. Belə ki, Q.Pirməmmədov bir vətəndaşdan mənzilini qanunsuz zəbt edən məcburi köçkünlərin həmin ünvandan məhkəmə qərarı əsasında çıxarılacağına nail olacağını deyərək 2000 min manat, başqa bir şəxsdən Bakı Apellyasiya Məhkəməsinin qərardadını Ali Məhkəmədə ləğv etdirəcəyi vədi ilə 4500 manat, üçüncü şəxsdən onun əleyhinə olan Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirəcəyini deyərək, 1300 manat, digər zərərçəkmişdən banka girov qoyulmuş evinin müsadirə edilməsinin qarşısını alacağını, borcu hissə-hissə ödəməyi məhkəmə vasitəsi ilə təmin edəcəyini vəd verərək 3600 manat pul alıb.
Məlumat üçün bildirək ki, Q.Pirməmmədov 1987-ci ildən 1992-ci ilədək Qubadlı hüquq məsləhətxanasında vəkil, 1992-ci ildən 2005-ci ilədək Tər-Tər Hərbi prokurorluğunda prokuror köməkçisi, 2005-ci ildən 25 iyul 2018-ci ilədək Sumqayıt şəhər Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərib. Onun barəsində şikayətlər 2018-ci ildən başlayıb və vəkillik fəaliyyəti dayandırılıb.
Q.Pirməmmədov ikinci dəfə Yasamal rayon Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki cəzası da birləşdirilməklə qəti olaraq 4 il müddətinə azadlqıdan məhrum edilib.
İnarə Rafiqqızı