Bakı Apellyasiya Məhkəməsi vəkilin iddiasına cavab verdi
Ötən gün vəkil Anar Ramazanovun Bakı Apellyasiya Məhkəməsinin hakiminin dövlət hesabına göstərilən hüquqi yardım üzrə onun iş saatını düzgün hesablamaması barədə şikayətini yayımlamışdıq. Vəkil iddia edirdi ki, Məhkəmənin Cinayət Kollegiyasının hakimlərindən biri təyinat üzrə çıxdığı işdə onun sərf etdiyi müddəti düzgün yazmayıb.
Bakı Apellyasiya Məhkəməsi vəkilin şikayətinə reaksiya verib. E-huquq.az-ın redaksiyasına daxil olan cavab məktubunu təqdim edirik:
"Saytınızda yerləşdirilmiş “Dövlət hesabına göstərilən hüquqi yardım üzrə vəkilin iş saatı düzgün hesablanmır - İDDİA” adlı məqalə ilə bağlı aşağıdakıları bildiririk.
Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 178.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs Əliyev Şahin Saleh oğlunun hüququnun müdafiəsi üçün ona dövlət vəsaiti hesabına müdafiəçi təyin olunması qərara alınıb. Bundan sonra “Femida” Vəkil Bürosunun vəkili Ramazanov Anar Sabir oğlu 03 avqust 2021-ci il tarixli orderi təqdim etməklə təqsirləndirilən şəxsin vəkili qismində yuxarıda qeyd olunan cinayət işinə qoşulub. 27 avqust 2021-ci il tarixdə məhkəmə iclasında çıxış edərək cinayət işinin materialları ilə tanış olması üçün ona vaxt lazım olduğunu əsas gətirərək, məhkəmə iclasının təxirə alınmasını xahiş edib, məhkəmə kollegiyası işin 24 sentyabr 2021-ci il tarixə təxirə alınmasını qərara alıb.
Lakin buna baxmayaraq, bu müddətdə vəkil işlə tanış olmayıb. 29 sentyabr 2021-ci il tarixdə dövlət ittihamçısı və vəkil Anar Ramazanov məhkəmə iclasına gəlib, zərərçəkmiş şəxs isə gəlməyib, təqsirləndirilən şəxsin iştirakı təmin edilməyib. Buna görə də məhkəmə iclası 14 oktyabr 2021-ci il tarixə təxirə salınıb. Yenə də bu 15 gün ərzində vəkil Anar Ramazanov işlə tanış olmayıb. 14 oktyabr 2021-ci il tarixdə məhkəmə iclas zalında vəkil qısa müddət ərzində işlə tanış olub və məhkəmə iclasına sədrlik edənə etiraz ərizəsini məhkəmə kollegiyasına təqdim edib, onun etirazı təmin olunaraq işin baxılması başqa hakimə həvalə edilməklə məhkəmə baxışı təxirə salınıb. 05 noyabr 2021-ci il tarixdə məhkəmə iclası keçirilib və yekun məhkəmə qərarı elan olunub.
Həmin tarixdə vəkil Anar Ramazanov vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatı (vəkilin hesabatını) məhkəmə kollegiyasına təqdim edib, saytınızda dərc olunmuş məlumatın əksinə olaraq, o, təqsirləndirilən şəxslə cəzaçəkmə müəssisəsində görüşməsi barədə hesabata heç bir məlumat və sənəd əlavə etməyib. Göründüyü kimi, vəkil Anar Ramazanovun məhkəmə iclaslarında faktiki iştirak etdiyi saatlara uyğun olaraq, ona hüquqi xidmət haqqı hesablanıb. Əlavə olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinə müraciətlərinizi 012-526- 26-26 və 1926 qısa nömrəsi ilə çağrı mərkəzinin “Qaynar Xətti"nə ünvanlaya bilərsiniz".