azia.az
azia.az

Siqaret istehsalçıları “qaz vurub qazan doldurduqları” zamanda Azərbaycanda tütün istehsalında durğunluq müşahidə olunmaqdadır

3-12-2021, 09:32


Siqaret istehsalçıları “qaz vurub qazan doldurduqları” zamanda Azərbaycanda tütün istehsalında durğunluq müşahidə olunmaqdadır
Azərbaycanda iri tütün məmulatları istehsalı müəssisəsi özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Müsabiqənin qalibi olaraq “Tabaterra Leaf” QSC seçilib.
Siqaret istehsalçıları “qaz vurub qazan doldurduqları” zamanda Azərbaycanda tütün istehsalında durğunluq müşahidə olunmaqdadır
QSC ilə 25 noyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb. ƏMDX-nin açıqlamasına əsasən, “Azərtütün”ün 109 nəfər işçisi, 1 milyon 644 min 616 manat borcu var. İnvestisiya Proqramına əsasən, müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur. Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır: “Dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaqdır”, - deyə açıqlamada bildirlir.

Azərtütün Aqrar Sənaye Kompleksi” Təşkilati-hüquqi Formasını Dəyişib

Xatırladaq ki, “Azərtütün” vaxtilə Beynəlxalq Bankdan götürülən kredit hesabına yaradılan “İntertabacco” adlı müəssisənin bazasında yaradılıb. Məlumdur ki, Şəki, Balakən, Zaqatala bölgəsi və eləcə də tütünçülük biznesi uzun müddət əslən Zaqataladan olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin nəzarətində olub. “İntertabacco” Zaqatala Tütün Emalı Zavodunu 2008-ci ildə C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə yaradıb. Hətta ölkə prezidenti 2010-cu ildə Cahangir Hacıyevin patronajlığı ilə yaradılan, İ.Hidayətzadənin isə rəhbərlik etdiyi Zaqatala Tütün Emalı Zavodunun açılışında iştirak edib. Beynəlxalq Bankdan götürülmüş kreditlə Yuxarı Tala kəndi ərazisində 1,5 hektara yaxın sahədə Zaqatala Tütün Emalı Zavodu tikilib.

Azərtütün”ün rəhbəri dəyişib - Fins

“İntertobacco” MMC-nin əmlakı -1 tütün emalı zavodu və 4 tütün qurutma məntəqəsi götürülmüş kreditlərin əvəzində Beynəlxalq Banka girov qoyulmuşdu. C.Hacıyev həbs edildikdən sonra həmin əmlak bankın kreditləri hesabına yaradılmış digər biznes aktivləri kimi “Aqrarkredit” QSC-yə (2015-ci ildə yaradılıb və Beynəlxalq Bankın toksik aktivləri bu səhmdar cəmiyyətin balansına verilib,-red.) verilmişdi. İ.Hidayətzadə “Beynəlxalq Bank işi” üzrə fiqurantlardan biri olub və kreditlərin mənimsənilməsində təqsirli bilinərək 2016-cı ildə 5 il 6 ay həbs cəzası alıb. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb. İ.Hidayətzadə mənimsəmə ittihamlarını qəbul etmirdi və deyirdi ki, “Intertobacco”ya rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankdan cəmi 37 milyon dollar kredit götürüb. Və həmin vəsait təyinatı üzrə xərclənib, 1 tütün zavodu, 4 məntəqə yaradılıb: “Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz ”Intertobacco"ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavodu və məntəqələri bank 90 milyon dollar qiymətləndirmişdi".

Azərtütün Aqrar Sənaye Kompleksi özəlləşdirilməyə çıxarıldı - Finans.az

“Aqrarkredit”in balansında olarkən “İntertobacco” ləğv edilərək bazasında “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC yaradılıb. “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manat qiymətləndirilib. Onun balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.

Azərbaycan Sənaye Korporasiyasının internet saytında yerləşdirilən məlumata görə, müəssisənin qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır: “Ümumilkdə, ”ASK Tütün" MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri vardır, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir".

Beləliklə, aydın olur ki, özəlləşdikdən sonra müəssisənin işçi sayı xeyli azalacaq. Müəssisəni alan şirkət - “Tabaterra Leaf” QSC 2021-ci aprel ayının 24-də (“Azərtütün”ün özəlləşdirməyə açıldığı vaxtlarda) dövlət qeydiyyatına alınıb. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət həmin ildən Sumqayıt Kimya Sənaye Parkında rezidentdir. “Tabaterra” fabrikində il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır. Fabrikin açılışı zamanı verilən məlumatda “Tabaterra”nın ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcəyi xüsusi vurğulanırdı. Müəssisə yarandıqdan sonra Azərbaycanda papiros və siqaret istehsalında kəskin artım qeydə alınıb. Belə ki, 2017-ci ildə - “Tabaterra” yaradılanda bu məhsulların istehsalı cəmi 1,2 milyard ədəd olubsa, 2018-ci ildə bu göstərici 4,9 milyard ədədə, 2019-cu ildə 9,5 milyard ədədə, 2020-ci ildə 11,2 milyar ədədə çatıb. 2021-ci ilin 10 ayında isə 11,7 milyard ədəd papiros və siqaret istehsal edilib. Göründüyü kimi, “Tabaterra”nın işləri heç də pis getmir.

Cavanşir Feyziyevin qardaşı oğlu “Azərtütünü 30 milyona satın aldı?

Ölkə mətbuatında yayılan məlumatlara görə, “Tabaterra Leaf” şirkətinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş Elman Bəşir oğlu Cavanşir “Avromed” şirkətinin rəhbəri, deputat, adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalına (onun və ailə üzvlərinin çoxmilyonluq bank hesablarına həbs qoyulub,-red.) görə gündəmə gələn Cavanşir Feyziyevin qardaşı oğludur. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi. Elman Cavanşir deputat Feyziyevin çoxşaxəli biznes imperiyasını idarə edənlərdən biridir. Deputatın gəlirli biznes sahələrindən biri olan tütün məmulatları istehsalı əhalinin geniş təbəqələrinin büdcəsində ciddi paya malik sahədir. Belə ki, Azərbaycanın pərakəndə ticarət dövriyyəsində tütün məmulatlarının xüsusi çəkisi 2010-cu ildə 1,5 faizdən 2020-ci ildə 3,48 faizə çatıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə satış həcmində tütün məmulatlarının xüsusi çəkisi 2010-cu ildə 2,32 faiz olub, 2019-cu ildə 6,34 faizə, 2020-ci ildə isə 6,45 faizə yüksəlib. Tütün məmulatlarının pərakəndə satış həcmi 2020-ci ildə 2010-cu ildəkinin 153,4 faizinə qədər artıb.

2010-cu ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 13 milyard 261,7 milyon manat, 2019-cu ildə 39 milyard 391,7 milyon manat, 2020-ci ildə 40 milyard 166,5 milyon manat təşkil edib. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satış dövriyyəsinin həcmi 2010-cu ildə 8577,1 milyon manat(bunun 199 milyon manatı tütün məmulatlarının payına düşür), 2019-cu ildə 19 milyard 967,4 milyon manat(1 milyard 266 milyon manatı tütün məmulatları), 2020-ci ildə isə 21 milyard 684,8 milyon manat(1 milyard 399 milyon manatı tütün məmulatları) təşkil edib. Göründüyü kimi, əhalinin tütün məmulatlarına çəkdiyi xərc 10 ildə 7 dəfədən çox artıb. Bunu həm də siqaret istehsalçılarının gəlirinin artım tempi kimi qəbul etmək mümkündür.

Siqaret istehsalçıları “qaz vurub qazan doldurduqları” zamanda Azərbaycanda tütün istehsalında durğunluq müşahidə olunmaqdadır. Ölkədə tütün istehsalı 2000-ci ildəki 17,2 min tondan 2014-cü ildə 2857 tona düşüb, sonra artaraq 2020-ci ildə 6949,3 tona çatıb. Rəsmi statistikaya əsasən bu ilin 10 ayında Azərbaycanda keçən ilin eyni dövründəkindən 0,7 faiz çox - 5,7 min ton tütün yığılıb. Rəsmi statistikadan aydın olur ki, ölkədə istehsal olunan tütün yarımfabrikat şəklində xaricə ixrac olunur. Yerli siqaret istehsalçıları isə əsasən xarici xammalla işləyirlər. Gömrük statistikasına əsasən, bu ilin 10 ayında ölkəyə 74 milyon 829 min dollarlıq tütün və tütün məmulatları idxal olunub ki, bunun da əsas hissəsi siqaret istehsalı üçün gərəkən xammaldır. On ayda xaricə 10,3 milyon dollarlıq tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub ki, burada da əsas paya tütün xammalı malikdir.

Oliqarx Feyziyev “Azərtütün”ü aldı

Qeyd edək ki, C.Feyziyevin olduğu deyilən “Tabaterra” Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq əksər vergilərdən azaddır. Yəni istehsal və satışdan əldə olunan gəlirindən əsas vergilərin heç birini ödəmir. Ümumiyyətlə, siqaret istehsalının sənaye parkı ilə nə əlaqəsinin olduğunu izah etmək mümkün deyil. Dünya təcrübəsində texnologiya parkları müasir və innovativ texnoloji istehsalın təmin olunması məqsədilə yaradılır. Elə sahələrin ki, dövlət üçün prioritet təşkil edir və investisiya tutumu yüksək olduğuna görə dövlət o sahələrdə çalışan sahibkarları güzəştlərlə stimullaşdırmağa çalışır. Və indiyədək hansısa ölkədə sənaye parkında siqaret istehsalı müəssisəsinə belə güzəştlərin verilməsi təcrübəsinin olduğuna dair məlumata rast gəlmək mümkün deyil...

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi