azia.az
azia.az

"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”

30-11-2021, 23:24


“1992-ci ildə keçirdiyimiz Fərrux əməliyyatında hazırda ordumuzun başında olan Kərim Vəliyevin, Hikmət Mirzəyevin, Nizam Osmanovun, Ənvər Əfəndiyevin fədakarlığının şahidi oldum...”
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
“Nəsməddin Sadıkovun komandiri olduğu və Fərruxu almaq üçün bizə dəstək verməli olan briqada Ulubaba istiqamətində bir güllə də atmadı...”

“Və maraqlıdır ki, hazırda da – 44 günlük müharibədəki qələbəmizdən sonra da Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti Fərrux, Ulubaba yüksəklikləri də daxil olmaqlı Qarabağın o ərazilərini nəzarətdə saxlayır...”
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...

(Əvvəli burada: //moderator.az/musahibe/402618/rehim-qaziyev-necmeddin-sadikova-orduya-dexli-olmayan-abbas-abbasova-ev-verdi/)

-Mehman müəllim, 1-ci Qarabağ savaşı zamanı o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevin Baş Qərargah rəisi Şahin Musayevə münasibəti necə idi?

-Rəhim Qazıyev Şahin Musayevlə münasibətləri normal görünürdü. Qazıyev ona bir hərbi mütəxəssis kimi yanaşırdı. Ordunun formalaşdırılması üçün onun hərbi savadından istifadə edirdi... Sözün düzünü desək, o zaman faktiki olaraq yeni yaranan ordunu idarə edən, əməliyyatları hazırlanmasına və aparılmasına rəhbərliyi Şahin Musayev edirdi...

-Bəs “QRU” agentliyini sonradan - 1990-cı illərin sonunda Moskvada onun ekstradisiya edilməsinə cəhd göstərən Azərbaycan dövlət orqanlarına etiraf etmiş keçmiş baş qərargah rəisi Şahin Musayevlə ondan cəmi bir il sonra həmin vəzifəyə təyin olunmuş Nəcməddin Sadıkovun münasibətləri necə idi? Onları bir yerdə görürdünüzmü heç?

-Düzdü, o, Şahin Musayevin vaxtında gəldi və briqada komandiri təyin olundu. Həmin briqadanı toplayıb formalaşdırınca bir ay da mənimlə eyni mərtəbədə qaldı. Əvvəl də dediyim kimi, Rüfət Əmirovun xahişi ilə ona iki otaq verdik. Hamımız ona briqadanın yaranması üçün kömək edirdik. O vaxt Şahin Musayev də faktiki müdafiə nazirliyini hərbi baxımdan idarəedicisi olaraq Nəcməddin Sadıkova maksimum şərait yaradırdı. Və ikisi də yalnız rusca danışırdı, Azərbaycan dilində heç danışmağa cəhd də etmirdilər... Biz Nəcməddinə bu köməyi səmimi edirdik. Amma Şahin Musayev nə məqsədlə etdiyini deyə bilmərəm. Bunu özündən soruşmaq gərəkdir. Amma dediyiniz kimi, Şahin Musayev Azərbaycan dövlət orqanlarına “QRU” agenti olduğunu etiraf edibdirsə, bu halda məsələ aydındır...

- Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş Elbrus Orucovu necə tanıyırdınız?

-Onlar 4 qardaş idi. Hamısı Rusiyada təhsil alımış zabitlər idi. Elbrus və Elxan səhv etimirəmsə, Sverdlovskda(indiki Yekaterinburq) tankçılıq məktəbini, Elman və Telman isə həmin şəhərdə siyasi məsələlər üzrə müavinlik məktəbini bitiriblər. Elxan Orucov da Nəcməddin kimi 1990-cı ilin yanvar hadisələri ərəfəsində Azərbaycana gəlib bir müddət qalıb sonra qayıtdı Belarusa. Amma milli ordu yarananda həmin qardaşlar da buraya gəldilər. Və düzü, belələri Vətənə, Müdafiə Nazirliyinə gələndə biz, mən şəxsən səmimi olaraq sevinirdik ki, ruslar gedir, yerinə azərbaycanlılar gəlir... Elxan Orucovla ilk dəfə 1990-cı ildə Gəncədə görüşdük. Sonradan xeyli yaxından tanıdım. O da mənim “zampolit” olduğum alayda komandir müavini işləməyə başladı. 1992-ci ilin sonunda mən Ağdam istiqamətində onun komandiri olduğu 708 saylı briqada da siyasi məsələlər üzrə müavin oldum.. 1990-cı ildə Bakıda diviziyada komandir müavini kimi xidmət edərkən Lənkəran diviziyasından Elman Orucovun sənədlərini Güzdəkdəki tank alayına siyasi məsələlər üzrə komandir müaviniliyinə göndərdilər. Sənədi mənə göstərəndə təbii ki, etiraz etmədim. Çünki o, azərbaycanlı idi və qardaşı Elxanı da tanıyırdım. Sonra Elman Orucov orduda artıq general rütbəsinədək yüksəldi... Digər qardaş Telman Orucova da sonradan hərbi hissələrdən birinə siyasi məsələlər üzrə müavin yolladıq...
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
-Konkret Elbrus Orucovdan danışın, zəhmət olmasa...

-Bilirdim ki, Elbrus Orucovun həyat yoldaşı rusdur. O, gələndə Şahin Musayev onu hörmətlə qəbul etdi. Ona da şərait yaratdı və öncə dediyimiz kimi Şuşa və Laçının işğalı ərəfəsində həmin istiqamətə briqada komandiri göndərildi. Rəhim Qazıyev də Elbrus Orucova peşəkar zabit olduğu üçün normal yanaşırdı... Hətta Şuşa və Laçının işğalından sonra da Elbrus səhv etmirəmsə, Müdafiə Nazirliyinə vəzifəyə gətirildi.... Amma hesab edirəm ki, həmin vaxt da, sonra da Azərbaycanın Müdafiə Nazirliyi və ordusundakı əsas vəzifələrə təyinatlara Moskvadan birbaşa təsir var idi, ruslar kimləri məsləhət bilirdisə, onu da qoyurdular...

-Yəni məntiqlə belə çıxır ki, əgər “QRU” agenti olduğunu etiraf etmiş Şahin Musayev 1992-ci ilin yanvarın 22-dən bəri Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olubsa, deməli, ən azı o vaxtdan bəriki əməliyyatlardakı uğursuzluqlarımızda, o cümlədən Daşaltı, Xocalı faciələrində, Şuşa və Laçının işğalında da “QRU”-nun kifayət qədər rolu olub...

-Bəli. Məntiqlə belə çıxır...

-Mehman müəllim, hazırda ölkəmizdə general Nəcməddin Sadıkov haqda mənfi fikirlərlə yanaşı, az da olsa, müsbət fikirlər söyləyənlər, yazanlar da var. Deyə bilmərik, həmin fikirlər səmimidir, yoxsa yox... Amma xahiş edirəm, siz onunla şəxsi münasibətləri kənara qoyub, sadəcə, dövlətçiliyimizin, ordumuzun mənafeləri baxımından Nəcməddin Sadıkov haqda gerçək şahidi olduqlarınızı və bildiklərinizi səmimi və obyektiv danışın. O, Azərbaycan ordusuna necə yerləşdi? Onunla ilk görüşünüzü necə xatırlayırsınız?

-Dediyiniz kimi də danışmağa çalışacam.... Nəcməddin Sadıkov səhv etmirəmsə, ilk dəfə hərbçi kimi Azərbaycana 1990-cı il Yanvar qətliamı ərəfəsində SSRİ Müdafiə Nazirliyinin Belarus hərbi dairəsindən mayor rütbəsində göndərilib və Xanlar(indi Göygöl) rayonuna hərbi komendant təyin olunub. Mən də o zaman Gəncədə diviziyada alay komandirinin müavini işləyirdim. Mən əvvəllər elə bilirdim ki, o rusdur. ..Onunla və digər bir neçə azərbaycanlı zabitlə birgə ilk dəfə, səhv etmirəmsə, Gəncədə bir həmyerli kimi Elxan Orucov vasitəsilə görüşdüm. Söhbət zamanı mən Yanvar faciəsi ilə bağlı ruslara qarşı söyüş işlətdim. Buna Nəcməddin ciddi bir reaksiya vermədi. Yanımdakılardan biri dedi ki, bu da azərbaycanlıdır və o, mənə tərəf baxıb gülümsədi... Sonra o da, Elxan Orucov və digərləri ilə birlikdə Nəcməddin Sadıkov da Belarusa qayıtdı... Və bir də 1992-ci ilin əvvəlində ordumuz qurulanda geri döndülər...

Səhv etmirəmsə, 1992-ci ilin fevralında bir gün o zaman əməliyyat idarəsinin rəisi olan Rüfət Əmirov nazirlikdə bir rusa oxşayan zabiti mənə təqdim etdi. Mən dedim ki, nəsə siması mənə tanış gəlir. Deyəndə ki, Xanlarda komendant işləmişəm, onunla görüşümüz yadıma düşdü. Bizim də o dövrdə təhsilli hərbçilərə böyük ehtiyacımız var idi. Ona görə də Nəcməddin Sadıkov da problem olmadan ordumuza qəbul edild. Və həmin vaxt Baş Qərargah rəisi olan və faktiki Müdafiə naziri vəzifəsini də icra edən general Şahin Musayev Nəcməddin Sadlkova 703 saylı briqadanı yaratmağı və ona komandir olmağı həvalə etdi. Mən də köməkçi kimi Nəcməddinə iki otaq verdim və orada briqadanı formalaşdırmağa başladı. Bu işdə də biz ona kömək edirdik. Həmin vaxt Baş Qərargah rəisi Şahin Musayevin müavini rəhmətlik Milli Qəhrəman Şikar Şikarov idi. Onunla biz Milli Ordu haqqında qanunu hazırlamışdıq. Sonradan o, könüllü şəkildə Bakıda - nazirlikdəki işini qoyub bu, qanuna uyğun olmasa da, baş qərargah rəisinin müavini vəzifəsində qalaraq Nəcməddinin komandiri olduğu 703-cü briqadaya qərargah rəisi vəzifəsini icra etməyə getdi. Təəssüf ki, Şikar Şikarov Ağdərə-Goranboy döyüşləri zamanı şəhid oldu... Onu özüm Bakıda məsciddə yudurdub dəfn elətdirdim. Ürəyinin yanından bir güllə yeri gördüm... Allah rəhmət eləsin!.. Şikar Şikarovdan sonra isə Belarusdan Aleksandr Vasyak Nəcməddinin birqadasında qərargah rəisi oldu...

-Daha sonra nə vaxt rastlaşdınız Nəcməddin Sadıkovla?

-1992-ci ilin səhv etnirdəmsə, dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə təxminən 2 minədək hərbçisi olan qruplaşmanın komandiri kimi mənim də iştirakımla hazırlanmış əməliyyat zamanı sağ cinahdan Ulubaba yüksəkliyinə hücum etməklə bizə dəstək verməli idi. Halbuki, həmin istiqamətdə bir güllə də atılmadı... Eyni zamanda sol cinahdan Əfətli və Qarakənd istiqamətində hücum etməli olan Ağdam briqadası tərəfindən də heç bir hərəkət olmadı. Ona görə də bütün cəhdlərimizə baxmayaraq Fərrux yüksəkliyini azad edə bilmədik. Çünki ermənilər bizim briqadaların hərəkətsizliyindən istifadə edib əsas güclərini Fərrux istiqamətinə topladılar. Halbuku, artıq dağın bir hissəsindən erməni qüvvələrini çıxarmışdıq. Digər briqadalar, dediyim kimi, bizə dəstək versə idi, yüksəkliyi tamam azad edəcəkdik. Və Əsgəran Xocalı istiqamətinə də yolumuz açılacaqdı. Hesab edirəm ki, həmin əməliyyatın da baş tutmamasında Rusiya kəşfiyyatının –“QRU”-nun rolu olmuşdu... Çünki həmin əraziləri azadlıq etməyimiz Kremlin siyasətinə uyğun deyildi... Maraqlıdır ki, hazırda da – 44 günlük müharibədəki qələbəmizdən sonra da Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti Fərrux, Ulubaba yüksəklikləri də daxil olmaqlı Xocalı rayonunun o ərazilərini nəzarətdə saxlayır...

Onu da deyim ki, Fərrux əməliyyatı zamanı mənim qruplaşmamda fədakarlıqla döyüşmüş zabitlərin çoxu hazırda Azərbaycan ordusunun başındadır. Onlardan biri indi baş qərargah rəisi olan Kərim Vəliyev idi. Həmin vaxt o, polkovnik-leytenant rütbəsində qruplaşma komandirinin müavini idi. Hazırda Müdafiə nazirinin müavinləri olan kapitanlar Nizam Osmanov və Ənvər Əfəndiyev tabor komandiri idilər... İndi xüsusi təyinatlıların komandiri olan general Hikmət Mirzəyev isə kapitan rütbəsində qruplaşmanın kəşfiyyat bölüyünün komandiri idi...

-Fərrux əməliiyyatından öncə siz Nəcməddin Sadıkovla görüşüb hücum əməliyyyatını razılaşdırmışdınızmı?

-Bəli, əlbəttə. Nəcməddinlə Ağdərədə görüşüb razılaşmışdıq. Yadımdadır ki, həmin vaxt 703-cü briqadanın qərargah rəisinin müavini olan Səfər Əbiyev də orada idi...

-Fərrux əməliyyatının uğursuzluğundan sonra siz Nəcməddin Sadıkovdan niyə hücum etməmələrinin səbəbini soruşdunuzmu?

-Bəli. Mən dərhal Ağədərəyə yollandım. Təsəvvür edirsiz, əvvəlcə məni briqadanın qərargahına buraxmadılar... Nə isə xeyli mübahisədən sonra içəri girdim ki, Nəcməddin kabinetinin istirahət otağında yatır. Guya gecə əməliyyat keçirib... Mən ona sərt sözlər söyləyərək soruşdum ki, nəyə görə planı pozdun. O da əsnəyə-əsnəyə dedi ki, bəs bütün gecə əməliyyatda olmuşam, yorulmuşam, sonra danışarıq...Cavabında ona dedim ki, hansı döyüşdən danışırsan, bir güllə də atmamısan. Və qapını çırpıb çıxdım...

-Bəs nazir Rəhim Qazıyevə çatdırmadınız ki, Nəcməddin Sadıkov əməliyyatl pozub?

- Xeyr. Mən birbaşa Gəncəyə gedib korpus komandiri kimi Surət Hüseynovla görüşüb ona hər şeyi məruzə etdim. O da əməliyyatı pozanların dalınca söyüş söydü...

-Ümumiyyətlə, həmin döyüşlər gedən vaxtlar Müdafiə naziri Rəhim Qazıyevin briqada, sonra da korpus komandiir Nəcməddin Sadıkovla münasibəti necə idi? Nə vaxtsa nazirin onu danlamasının şahidi olmuşdunuzmu?

-Doğrusu, mən elə bir situasiyaya rast gəlməmişəm,bəlkə də olub. Amma onu dəqiq bilirəm ki, əvvəl dediyim kimi, həm özünün şəxsi təminatı, həm də yaratdığı briqadanın,daha sonra korpusun təchizatı, silahlanması, maliyyələşdirilməsi ilə bağlı Rəhim Qazıyev və digər rəhbər şəxslərdən nə istəyirdisə, Nəcməddin Sadıkova verilirdi. Yəni o, Azərbaycanda vəzifə tutduğu bütün illər boyu daim hansısa vəzifəli şəxs tərəfindən himayə olunub... Özü də o, komandir olanda da, yalnız rusca komanda verirdi. Təsəvvür edin, artıq SSRİ-dən ayrılmış müstəqil Azərbaycan ordusunun briqada və korpuslarında komandalar rusca verilirdi...

- Mərhum Elçibəy də, İsgəndər Həmidov da, Rəhim Qazıyev də türkçü, millətçi kimi tanınırdılar. Bəs onlar Nəcməddin Sadıkova irad tutmurdular ki, Azərbaycan dilində öyrən... Düzdü, o vaxt müharibə gedirdi. Amma yenə də...

-Yox, mən görməmişdim bunu... Bilmirəm, bəlkə də nə vaxtsa deyiblər ona belə bir şey... Amma təxminən 1995-ci, yaxud 1996-cı ildə mən Müdafiə nazirinin müavini, o isə Baş Qərargah rəisi və 1-ci müavin vəzifəsində olarkən bir dəfə hansısa xidməti məsələ ilə bağlı məni kabinetinə dəvət etdi və nəsə soruşanda mən ona Azərbaycan dilində cavab verdim. Onda Nəcməddin amiranə şəkildə dedi ki, rus dilində danış. Cavabında mən ona söylədim ki, zəhmət çək, sən özün Azərbaycanın dövlət dilini öyrən, niyə öyrənmirsən. O isə hiddətlə rus dilində cavab verdi ki, “ya nenaviju vas”, mən sizə nifrət edirəm və Azərbaycan dilində də danışmayacağam... Bir sözlə, o prinsipial olaraq dilimizi öyrənmirdi... Amma maraqlıdır ki, bizimkilər bunu bilə-bilə onu Baş Qərargah rəisi kimi strateji bir vəzifədə saxlayırdı və onun üçün ayrıca tərcüməçilər ştatı ayrılmışdı. Görəsən, Rusiyada, ya İranda, yaxud ABŞ-da həmin ölkələrin dövlət dilini bilməyəni belə strateji vəzifəyə qoyarlar?.. Bu adam dəfələrlə olub ki, rus dilini bilməyən zabitimizi hər hansı bir məsələ ilə bağlı haqlı-haqsız danlayırdı, söyürdü. O danışıb qurtarandan sonra həmin zabit həmkarlarından soruşurdu ki, bu, nə dedi...

-Mehman müəllim, bundan sonra Nəcməddin Sadıkovla münasibətləriniz necə davam etdi?

-Bundan sonra Nəcməddin Sadıkovla bir-birimizlə qarşılaşmamağa çalışırdıq. O da başa düşürdü ki, o dövrdə mənimlə baş-başa gəlməyə gücü çatmayacaq. Ancaq onu deyim ki, bizim Nəcməddinlə belə qarşıdurma vəziyyətində olmağımız bəziləri üçün sərfəli idi... Müəyyən adamlar onunla mənim aramda daim münaqişə vəziyyətinin olmasında maraqlı idi və ondan istifadə edirdilər...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi