Alimlər arıları məhv edən gənələrin geniş yayılmasını qlobal istiləşmə ilə əlaqələndirirlər
Qlobal istiləşmə "Varroa" gənələrinin yayılmasını sürətləndirib. Bu gənələr arı xəstəliklərinin daşıyıcısıdır və dünyada onların populyasiyalarını azaldır. Britaniyalı ekoloqların müvafiq araşdırması "Scientific Reports" jurnalında dərc edilib.
Azia.az AZƏRTAC-a istinadən bildirir ki, Nyukasl Universitetindən professor Cils Bacın sözlərinə görə, alimlər arı xəstəlikləri ilə iqlim arasında əlaqə olduğunu aşkarlayıblar.
Son illər bal arısı və vəhşi arıların sayı Yer üzündə azalmaqda davam edir. Məsələn, Şimali Amerika ərazisində vəhşi arıların sayı üçdəbir qədər azalıb, bal arısı populyasiyaları isə daha çox azalıb. Arıların məhv olmasının dəqiq səbəbləri hələ məlum deyil. Lakin ekoloqlar güman edirlər ki, bu, həm qlobal istiləşmə, həm də yeni xəstəlik və parazitlərlə bağlıdır. Onların sırasında "Varroa" cinsindən DWV virusu bal arısı ailələrinin dağılması səbəbidir. Bu səbəbdən işçi arılar koloniyanı kütləvi tərk edir.
C.Bac və onun həmkarları hava şəraiti və iqlim dəyişməsinin ən təhlükəli altı növ arı xəstəliyinin yayılmasına necə təsir etdiyini araşdırıblar. Həmin xəstəliklər arasında "Varroa" gənəsinin daşıdığı virus xəstəlikləri də olub.
Bunun üçün alimlər 300 min arı pətəyi üzrə müşahidələr zamanı bu xəstəliyin yayılmasına dair son illər ərzində qeydə alınmış bütün göstəriciləri təhlil ediblər. Həmin məlumatlara istinad edən ekoloqlar müvafiq xəstəliklərin həftələr, aylar və illər üzrə yayılmasını hesablayıblar və əldə olunan nəticəni Britaniyada həmin fəsildə iqlim və havanın necə dəyişməsi ilə tutuşdurublar. Müqayisə göstərib ki, iqlim və hava arı xəstəliklərinin altı növünün hamısına güclü təsir edib. Təsirin xarakteri müxtəlif olub: xəstəliklərin bir qismi quru və isti mövsümdə, digər qismi isə yağışlı və yayın aşağı temperaturunda daha sürətlə yayılıb.
Alimlər müəyyən ediblər ki, "Varroa" gənələri və onunla bağlı virusların yayılma sürəti, ən yağışlı mövsüm istisna olmaqla, orta illik temperaturun artması ilə birlikdə çoxalıb. Ekoloqların fikrincə, bu, bal arısı və vəhşi arılar arasında gənələrin yayılmasında qlobal istiləşmənin hərəkətverici amil olduğunu göstərir.