azia.az
azia.az

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

6-10-2021, 09:06


“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda yazılmışdı

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.



Reyder dəstəsinin dövlət torpağına gecə hücumu



Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumundan sonra gəlib. Belə ki, 2021-ci il aprelin 1-də Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv ediblər. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya Nazirliyi əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Ötən 6 ay ərzində Nərimanov Rayon Prokurorluğu “yaşıl terror”la bağlı hər hansı bir addım atmayıb.



Qurban Məmmədov bu ilin aprelində zəbtinə cəhd olunan dövlət torpağında olarkən İTV, Xəzər TV kameraları qarşısında müsahibə verib. Əlindəki kağızları göstərməklə həmin torpağa aid sənədi olduğunu və 2008-ci ildən torpağın onlara verildiyini israrla deyir.



Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən kiçik sahibkarların iş yeri önündədir. Kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov mətbuat nümayəndələrinə göstərib 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd, ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş 1121069551 qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısıda baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.



Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasına əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir. Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb. Kiçik sahibkarlar isə sual edirlər: “Necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib? Və növbəti sualı verirlər: ”Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb. Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?"



Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?



Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir: “Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb. 646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanov rayonuna aid edilib. Nərimanov Məhkəməsi iddianın Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib baxılmamış saxladı. İddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. 23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov Məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb! Çünki 646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadrat metr torpaq ayırılması haqdadır".



“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar deyirlər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.



“Qurban Məmmədov 1 ildən artıqdır ki, ”Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi üzvləri ilə birgə ərazini zəbt etməyə çalışır, tez-tez reyder hücumlarına baş vururlar. 2020-ci ildə Ordumuz Qarabağda torpaqlarımızı düşməndən təmizlədiyi günlərdə Qurban Məmmədov başının dəstəsi ilə birgə bizim iş yerimizin qarşısına hücuma keçmişdi. Onlar dövlət rəhbərliyinin diqqətinin Qarabağdakı döyüş əməliyyatlarına cəmləndiyini bilib zamanı cinayət əməllərinin gerçəkləşməsi üçün ideal bilmişdilər. Zor gücünə, saxta əlilləri qabağa verməklə reyder hücumunu başa çatdırmağa çalışırdılar. Bu ilin aprelində sonuncu hücumları zamanı kiçik sahibkar Anar Dəmirovu döyüb ağır bədən xəsarəti yetirdilər. Anar Dəmirov ağır vəziyyətdə xəstəxanaya aparıldı. Lakin bu günə qədər bu cinayəti törədənlər cəzalandırılmayıb. Şikayət edirik, Qurban Məmmədov, makler Yusif Allahvrdiyev deyirlər ki, özünüzü yormayın, hamıya iş görmüşük, bizim arxamızda dayanacaqlar. Ad da çəkirlər - Nərimanov icra hakimiyyətinin başçı müavini İradə Mahmudovanın, onun xalası qızının gəlini olan Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, nöqsanlara görə cənab nazir tərəfindən yenicə işdən çıxarılan 17-ci polis bölməsinin rəisi İltimas Əsgərovun, onun müavini Ramalın, Əmlak Komitəsi rəhbərliyini arxa-dayaq bilirlər.



Buna baxmayaraq, Qurban Məmmədov dövlət torpağını, iş yerimizin qarşını zəbt etmək üçün havadarlarının dəstəyi ilə, başının dəstəsi ilə birgə dəfələrlə əraziyə hücum edib qanunsuz hərəkətlər ediblər. Biz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətlər etmişik. Abdin müəllim bizə məktub yazaraq bildirib ki, Qurban Məmmədovun zəbtinə çalışdığı torpaq dövlətə məxsusdur və kimsəyə ayrıla bilməz. “Magistral Ekspress” ASC-nin üzvləri olaraq daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə də rəsmi müraciət ünvanlamışıq. Həmin müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı hər iki sərəncamını - əslini və Qurban Məmmədovun xeyrinə saxtalaşdırılmışını da əlavə edib araşdırılmasını xahiş etmişik. Ümid edirik ki, müraciətimizə tezliklə baxılacaq. Rəsmi sənədi saxtalaşdıran, həmin sənədi Əmlak Komitəsinə təqdim edən cinayətkar tez bir zamanda cəzalandırılacaq" - deyə “Magistral Ekspess” ASC-nin üzvləri bildiriblər.



"Yeni Müsavat"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi