Gürcü əsilli Sisianovu Bakıda kim qətlə yetirdi? — Generalın cəsədinin aqibəti necə oldu?
Gürcü əsilli Sisianovu Bakıda kim qətlə yetirdi? — Generalın cəsədinin aqibəti necə oldu?
General Sisianovu Bakıda kim qətlə yetirdi? — Generalın cəsədinin aqibəti necə oldu?
18-ci əsrdə Rusiya imperiyası müntəzəm olaraq Qafqaza hücumlar təşkil edir, əraziləri ələ keçirməyə çalışırdı. Bu zaman xanlıqlar tərəfindən idarə olunan Azərbaycan ərazisində qanlı müharibələr bitib səngimək bilmirdi. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində xanlıqların ərazisi işğal edilir, torpaqlar imperiyanın tərkibinə qatılırdı. Bu dövr haqda müxtəlif maraqlı tarixi hadisələr, faktlar mövcuddur.
Bir-iki gün öncə yaxın dostum, maraqlı müsahibə və araşdırmaları ilə Ölkə.Az oxucularına tanış olan Zaur Əliyevlə Bakının qala qapıları qarşısında general Sisianovun qətlini müzakirə edirdik. Qərara aldım ki, bu söhbəti oxucularla da bölüşək. Öncədən qeyd edim ki, oxuyacağınız araşdırma tarix kitablarına əsaslanır. Bakının və Azərbaycanın tarixinə aid kitablarda bu barədə kifayət qədər mənbə var.
Əvvəlcə Sisianov barədə qısa məlumat.
Pavel Sisianov kimdir?
O, çar ordusunun generalıdır. 1754-cü ildə Moskva şəhərində gürcü ailəsində dünyaya gəlib. Bəzi mənbələr onun 9, bəzi mənbələr isə 20 sentyabr tarixində anadan olduğunu qeyd edir.
18 yaşlı Pavel 1772-ci ildə Preobrajensk alayında hərbi xidmətə başlayır. 1786-cı ildə polkda komandir təyin edilir və 2-ci türk müharibəsində iştirak edir.
1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə qaytarıldı. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşununun inspektoru təyin edildi.
O, 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tiflisə hücum edir. İran ilə müharibənin onun işlərini çətinləşdirməsinə və Rusiyanın Napoleon ilə apardığı müharibə səbəbindən əsgər çatışmazlığının olmasına baxmayaraq o, müəyyən qədər diplomatik yolla, müəyyən qədər də silah gücüylə Xəzər sahilinin, Dağıstanın və Cənubi Qafqazın müxtəlif kiçik hökmdarlarını Rusiyanın tərəfinə çəkməyi bacarır.
Sisianovun Azərbaycana hücumları
Gürcüstanı işğal edən Sisianov Cənubi Qafqaza hücum təşkil edir. 1804-cü ildə Gəncə xanlığını işğal edilir. Amansız müharibədən sonra Gəncə xanı Cavad xan qətlə yetirilir. Ruslar Gəncəyə təslim olmağı təklif etsələr də, Cavad xan onların təklifini rədd edir və son damla qanına qədər vuruşmağı daha şərəfli sayır. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Yeni rütbədən həvəslənən Pavel bir neçə Azərbaycan xanlığını işğal edir. Onların arasında Gəncə, Şamaxı, Şəki və Qarabağ xanlıqları mövcüddur.
General Sisianov 1805-ci ildə Bakıya hücum edir. Bu hücum və işğal ona həyatı bahasına başa gəlir. Sisianovun qətli ilə bağlı əsasən iki versiya var. Ölkə.Az oxucularına hər iki versiyanı təqdim edirik:
Bakıya hücum (1-ci versiya)
1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasa da, ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısının yanına gəlir. Burada o, Hüseynqulu xan ilə danışanda onun qardaşı oğlu Aslan bəy tərəfindən öldürülür.
Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi ilə Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.
Bu barədə Bakı tarixinə aid kitabda daha ətraflı və dolğun məlumat verilir:
1806-cı ilin soyuq fevral ayı idi. Sisianovun qoşunları Bakıya çatıb, şəhərin qala qapısı yaxınlığında - Naxır bulağında düşərgə salır. Sonra Sisianov öz yavəri polkovnik Eristov vasitəsilə Hüseynqulu xana 8 maddədən ibarət ultimatum göndərir, hamı Eristovun cavab gətirəcəyini gözləyirdi. Nəhayət, Eristov Hüseynqulu xanın nümayəndəsi ilə birlikdə şəhər darvazasından çıxır. Hüseynqulu xanın elçisi əlində tutduğu duz-çörəklə və şəhərin açarları ilə Sisianova yaxınlaşır.
Sisianov açarları geri qaytarıb, lovğalıqla deyir:
- Mən istəyirəm ki, açarları mənə Hüseynqulu xanın özü təqdim etsin.
Elçi geri qayıdır. Lakin bu dəfə Sisianov Hüseynqulu xanı çox gözləməli olur. Nəhayət, Hüseynqulu xan öz məiyyəti: İbrahim bəy, Qasım bəy, Kərim bəy və başqaları ilə birlikdə qaladan çıxıb Sisianova yaxınlaşır, açarları rus generalına təqdim edərkən qəflətən güllə açılır və Sisianov yıxılır. Onun öldürülməsi ilə qala bürclərindən yaylım atəşinin açılması bir olur. Eristov öldürülür, təkcə silahlı kazak aradan çıxıb, özünü qoşuna çatdırır. Hüseynqulu xanın adamları Sisianovun başını kəsir və İrana, Fətəli Şaha hədiyyə göndərirlər. Başsız cəsədi isə qala qapısının ağzında basdırırlar. O, ayaq tapdağı olur.
Bakı həmişəlik Rusiyaya ilhaq edildikdən sonra Sisianovun sümükləri çıxarılıb, qala qapısının yanında yenicə tikilmiş Nikolay kilsəsində dəfn edilir.
Sonralar Qafqazın yeni baş komandanı Markiz Pauliçinin əmri ilə Sisianovun sümükləri Tiflisə aparılıb, Sion kilsəsində dəfn edilir.
Erməni yaltaqlığı (İkinci versiya)
1806-cı ilin fevral ayında General Sisianovun şəxsən başçılıq etdiyi rus qoşunları general Zavelişinin dəstəsi ilə Bakı qala divarları yaxınlığında birləşdi. Qafqazın baş komandanı Sisianov Bakı qalasına hücum etməmişdən qabaq Bakı xanı Hüseynqulu xana məktub yazdı. Məktubda aşağıdakı şərtlər qoyulmuşdu: Bakı xanlığında dini inam saxlanılır, Hüseynqulu xanın nəsli əsilzadə kimi tanınır, məhkəmə işlərində Bakı komendantının iştirakı olmalıdır, gömrükdən başqa digər gəlirlər Bakı xanlığında saxlanır, Bakıda rus ordusunun evlə təmin olunması xanın öhdəsində qalır, Bakıdan neftin və duzun başqa yerə getməsinə baş komandanın razılığı olmalı, Bakı xanı sadiqlik rəmzi kimi oğlunu girov verməlidir. Bakı xanı şərtləri pozarsa, onun hakimiyyətinə son qoyulacaqdır. Bakı xanı çarəsiz qalıb bu şərtləri qəbul etməli olur.
Beləliklə, Bakının qala açarları Sisianova verildi. Fevralın 8-də onun şərəfinə qalada məclis quruldu. Məclisdə Sisianov və köməkçisi Aristov qəlyan çəkdikləri yerdə öldürüldülər. Onları Cənubi Azərbaycandan gəlmiş İbrahim bəy qətlə yetirmişdi. O, dərhal generalın başını kəsib onu İran vəliəhdi Abbas Mirzənin hüzuruna apardı. Bu xidmətin müqabilində "xan” adı aldı.
Sisianov öldürüləndən sonra rus ordusunda möhkəm çaxnaşma yarandı, ordunun bir hissəsi müxtəlif istiqamətlərə yayıldı. Qalan hissəsi isə geri çəkildi. Maraqlısı budur ki, Sisianovun başsız cəsədini erməni keşişi Danil aradan çıxarmış və kilsədə basdırmışdı. Bu satqınlıq xidməti heç də təsadüfi görülməmişdi. Sisianovun azərbaycanlılara qarşı düşmənçilik, işğalçılıq fəaliyyətində əsas rol oynayan keşiş Danil satqınlığa görə yəqin ki, ondan çoxlu bəxşiş almışdı.
Əlbəttə, rus çarizmi Bakıda yaranan vəziyyətə biganə qala bilmədi. Tezliklə Azərbaycana general Bulqakovun başçılığı ilə böyük qoşun göndərildi. Yeni qoşun başçısının gəlişini eşidən ermənilər daha çox sevindilər. Erməni keşişi Danil daha da fəallaşdı. O, Bulqakova Sisianovun başsız cəsədi barədə məlumat verdi. Belə çətin bir vəziyyətdə Hüseynqulu xan İrana qaçmaqla canını qurtardı. Bununla da onun hakimiyyətinə son qoyuldu. Bakı şəhəri rus qoşunları tərəfindən tutuldu. Yeni baş komandan erməni keşişinin bu xidmətini yüksək mükafatlandırdı. General Sisianovun başsız bədəni Tiflisə aparıldı və orada dəfn edildi.
Sisianova Bakıda xatirə abidəsi ucaldıldı
1922-23-cü illərədək indiki Azərnəşr binasının yerində keçmişdən qalmış bir sütun (obelisk) ucalırdı. O, Bakını işğal etmək istərkən Bakı xanı Hüseynqulu xanın adamları tərəfindən öldürülmüş knyaz Sisianovun xatirəsinə ucaldılmışdı.
Onun bu yerdə qoyulması təsadüfi deyildi. Çünki knyaz məhz bu yerdə öldürülmüşdü. Üçbucaq şəklində olan bu obelisk o zaman Bakının varlı ermənilərindən olan Tomas Ayvazovun pulu ilə hazırlanmışdı. Obeliskin üstündə lüləsi aşağı dikilmiş tüfəng və ucu aşağı tərəf tuşlanmış xəncər həkk olunmuşdu.
Abidənin üstündə bir tərəfdə “Obelisk 1846-cı ildə knyaz Mixail Semyonoviç Voronsovun canişinliyi dövründə açılmışdır”, o biri tərəfində isə “Vətəndaş Tomas Ayvazovun səyi və ianəsi ilə” sözləri yazılmışdı. 1923-cü ildə Bakıda “İsmailiyyə”nin yanında Sabirə heykəl qoyularkən bu obelisk dağıdılmış və daşlarından istifadə edilmişdi.
Hikmət