6 milyon manat vəsait dərslik problemini həll edə bilməyib — AÇIQLAMA
"Dərs ili başlayandan bəri mən müxtəlif videolar, sosial şəbəkə paylaşımları və mətbuat vasitəsilə ümumi təhsildəki problemlərə diqqət çəkməyə çalışıram. Bu problemlərdən biri də dərsliklərin paylanmaması və vakant yerlərə müəllimlərin göndərilməməsidir. Bu vəziyyət, istər Bakı Şəhər Təhsil İdarəsinin, istərsə də Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işinin öhdəsindən gələ bilmədiyini göstərir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, artıq dərs ilinin başlamasından bir aydan çox vaxt keçib, amma hələ də ölkə üzrə, o cümlədən Bakı məktəblərində bəzi fənlər üzrə müəllim çatışmazlığı qalmaqdadır:
"Bir çox məktəblərdə dərs cədvəli hələ də tam hazır deyil, şagirdlərə isə kitablar vaxtında verilməyib. Bu, idarəetmə sisteminin iflic vəziyyətdə olmasının açıq göstəricisidir. Halbuki kitab paylanması məsələsi sentyabrın ilk həftəsində həll olunmalı idi.
Məlumata görə, təkcə “Şərq-Qərb” nəşriyyatına dərsliklərin çapına görə 4,5 milyon manat, “Çaşoğlu” şirkətinə isə 1,5 milyon manat ödəniş edilib. Belə olan halda sual yaranır, dövlət hər il milyonlarla manat vəsaiti dərsliklərin çapına xərcləyirsə, necə olur ki, məktəblərdə hələ də kitab çatışmazlığı qalır?"
Ekspert bildirib ki, Nazirlər Kabinetinin 607 nömrəli qərarına əsasən, hər il şagirdlərin ümumi sayının 105%-i qədər dərslik çap olunur, əlavə olaraq da 9–10% ehtiyat nüsxə hazırlanır:
"Amma nəticədə dərsliklər ya məktəblərə vaxtında çatmır, ya da ümumiyyətlə paylanmır. Bu isə ya vəsaitlərin mənimsənildiyini, ya da idarəetmənin ciddi şəkildə zəif olduğunu göstərir".
Ekspert bildirib ki, bu vəziyyətdən çıxış yolu kimi təklif olunur ki, təhsil sistemində rəhbər vəzifələrdə, heç olmasa ikinci və üçüncü səviyyəli vəzifələrdə bu sahəni yaxşı bilən, təhsillə bilavasitə bağlı olan şəxslər təyin olunsun:
"Yalnız bu halda ehtiyaclar vaxtında öyrənilər və real problemlərin qarşısı alına bilər".
Əfsanə Kamal