Şəkinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib
Şəki şəhərinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər bu təşkilata təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunan tədbirdə deyib.
Ə.Qarayev Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulayıb və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacib olduğundan bəhs edib.
Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edən Nazir qeyd edib ki, bu il ərzində silsilə tədbirlər keçiriləcək. Ə.Qarayev hər il Şəki şəhərində keçirilən böyük festivalların turistlər tərəfindən maraqla qarşılandığını qeyd edib.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib: “Təsadüfi deyil ki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur ki, bunların da iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Son illər Şəkinin turizm potensialı turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il 120 000 nəfər turist Şəkiyə səfər edib”.
Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.