Əbülfəs Qarayev: İslam Həmrəylik Oyunları turizmin inkişafı üçün də mühüm addımdır
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən “Dünya Turizm Forumu”nda mədəniyyət və turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Tədbirdə Dünya Turizm Forumunun Prezidenti Bulut Bağcı, TURSAB-ın Prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin bir çox tanınan nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən nazir Ə.Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.
Ölkəmizdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd edən nazir turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Mədəni turizm, sağlamlıq turizmi, işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu olduğu vurğulanıb.
Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.
Çıxışında ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən nazir Əbülfəs Qarayev, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, həmçinin 2016-cı ildə keçiriləcək Formula-1 Oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün də mühüm addım olduğunu qeyd edib.
Qeyd edək ki, tədbir çərçivəsində Nazirlərin görüşü keçirilib.
Türkiyənin mədəniyyət və turizm naziri M.Ünal ilə görüşən nazir Ə.Qarayev hər iki ölkə arasındaki mövcud six mədəniyyət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə layihələrin həyata keçirilməsi haqqinda fikir mübadiləsi aparıblar.