azia.az
azia.az

BMT iclasında Azərbaycanın proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəklədiyi diqqətə çatdırılıb

Bu gün, 08:25

Məsuliyyətli enerji istehsalçısı və "OPEC +" formatının sadiq üzvü kimi Azərbaycan balanslaşdırılmış və proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəkləyir.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) "Enerji və təchizat axınlarının qorunması: Beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal inkişafın dəstəklənməsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı bildirib.

Müşavir qeyd edib ki, qlobal enerji bazarlarında artan qeyri-sabitlik enerji təhlükəsizliyinin, şaxələndirmənin və dayanıqlı infrastrukturun strateji əhəmiyyətini bir daha sübut edib:

"Təchizat zəncirlərindəki qırılmalar, qiymət dalğalanmaları və artan qlobal tələbat inkişafa mənfi təsir göstərməkdə davam edir, eyni zamanda, enerji sistemləri üzərində əhəmiyyətli təzyiq yaradır.

Məsuliyyətli enerji istehsalçısı və "OPEC +" formatının sadiq üzvü kimi Azərbaycan balanslaşdırılmış və proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəkləyir. Həddindən artıq qeyri-sabitlik nə istehsalçılara, nə də istehlakçılara fayda gətirir və qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik yaradır".

H. Məmmədova bildirib ki, Azərbaycan ardıcıl olaraq şaxələndirmə, etibarlılıq və uzunmüddətli tərəfdaşlıqlara əsaslanan balanslaşdırılmış və praqmatik enerji strategiyası həyata keçirib:

"Biz həmçinin "yaşıl enerji" gündəliyimizi fəal şəkildə inkişaf etdirir və daxili istifadə, ixrac və gələcək məlumat mərkəzlərinin tələbatı üçün 8 qiqavatlıq bərpa olunan enerji gücü yaratmaq planlarını həyata keçiririk. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri strateji layihələrin uğuruna əsaslanaraq Azərbaycan indi Xəzər regionunu, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən yeni nəsil "yaşıl enerji" interkonnektorlarına öncüllük edir".

"Xəzər-Qara dəniz-Avropa dəhlizi, Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi və Trans-Xəzər layihələri kimi təşəbbüslər vasitəsilə biz şaxələndirilmiş qitələrarası enerji və rəqəmsal bağlantı körpüsünün yaradılmasına kömək edirik. Fiber-optik infrastruktur və Orta Dəhlizin inkişafı ilə birlikdə bu layihələr regional bağlantını gücləndirəcək, Avropanın enerji şaxələndirilməsi səylərini dəstəkləyəcək və həm elektrik enerjisi, həm də rəqəmsal bağlantı üçün etibarlı körpü yaradacaq", - müşavir vurğulayıb.

O, sözlərini Azərbaycanın etibarlı təchizat, şaxələndirilmiş infrastruktur, balanslaşdırılmış enerji siyasətləri və genişləndirilmiş regional əməkdaşlıq vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməyə sadiq qaldığını diqqətə çatdıraraq yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi