azia.az
azia.az

"Jurnalistlər də çıxıb ona desinlər ki, sizi biz tanıtmışıq, halallıq vermirik?"

Bu gün, 17:00

Əməkdar artist Tahir İmanov jurnalistlərə növbəti dəfə sərt münasibəti ilə gündəmə gəlib. “Planet Parni iz Baku”nun konsertindən görüntülər paylaşan bəzi media nümayəndələrinə narazılığını bildirən aktyor “halallıq olmayan yerdə yaxşılıq da olmayacaq” sözləri ilə diqqət çəkib. Onun bu ifadəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir qrup bunu müəllif hüquqlarının müdafiəsi kimi qiymətləndirsə də, digərləri jurnalistlərə ünvanlanan üstüörtülü qarğış və emosional mesaj hesab edib.

Bu barədə Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib ki, məşhur şəxslər daha təmkinli davranmalıdırlar:

“İstər sənət adamları, istər siyasətçilər, istərsə də dövlət adamları daim diqqət mərkəzində olurlar və onların hər bir açıqlaması medianın marağına səbəb olur. Təbii ki, media da həmin insanların məşhurluğundan öz reytinqi baxımından istifadə edir. Bu, danılmaz faktdır. Halallıq məsələsinə gəlincə isə, Tahir İmanov və ümumiyyətlə ictimai fəaliyyətlə məşğul olan şəxslər bir məqamı unutmamalıdırlar ki, onların tanınmasında medianın və jurnalistlərin də böyük rolu var. Yəni məşhurlaşmalarında mediaya müəyyən mənada borclu olduqlarını da nəzərə almalıdırlar. İndi nə edək, jurnalistlər də çıxıb desinlər ki, sizi biz tanıtmışıq, efirə çıxarmışıq, qəzetlərdə yazmışıq, gərək siz bizdən halallıq alasınız? Belə yanaşma doğru olmazdı və jurnalistlər də heç vaxt bunu iddia etməyiblər. Çünki medianın işi insanları tanıtmaq, işıqlandırmaq və ictimaiyyətə təqdim etməkdir”.

O bildirib ki, buna görə də Tahir İmanov daha təmkinli mövqe sərgiləməlidir:

“Onun sənətinə qiymət verənlər həm Azərbaycanda, həm də ölkə xaricində kifayət qədərdir. Jurnalistlər arasında da onun yaradıcılığına hörmətlə yanaşan insanlar az deyil. Belə bir vəziyyətdə ümumiləşdirilmiş şəkildə “halallıq” məsələsini gündəmə gətirmək yerinə düşmür. Bir məsələ də var ki, əgər jurnalistlər bir gün bu sənət adamlarının fəaliyyətini ümumiyyətlə işıqlandırmaqdan imtina etsələr, bundan ən çox zərər görən yenə də həmin məşhurlar olar. Ona görə də münasibətlər qarşılıqlı hörmət üzərində qurulmalıdır. Əgər halallıqdan danışılırsa, bu anlayış birtərəfli yox, qarşılıqlı olmalıdır. Hər kəs jurnalist əməyinə də dəyər verməyi bacarmalıdır. Çünki hansısa bir insan məşhurluq zirvəsinə yüksəlibsə, orada medianın və jurnalistlərin də payı olduğunu unutmamalıdır”.

Leyla Turan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi