azia.az
azia.az

Onlara “şəhid” deyilməsi qəbuledilməzdir - Hərbi ekspertdən sərt AÇIQLAMA

Bu gün, 19:05

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində həyatını itirənlər arasında azərbaycanlılar da var. Bəzi hallarda bu şəxslərin nəşləri ölkəmizə gətirilərək dəfn olunur və məzar daşlarında “şəhid” ifadəsi yazılır.

Bəs bu yanaşma nə dərəcədə düzgün hesab oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirdi ki, şəhidlik dini məsələdir:

"Əslində, bu, dini məsələdir. Amma bir çox dövlətlər, o cümlədən Azərbaycan, bu məsələni həm də dövlət qərarına, dövlət siyasətinə çevirir. Azərbaycan dövlətinin qanunvericiliyində konkret olaraq kimlərə şəhid statusu və kimlərə mülki şəhid statusu verilməsi ilə bağlı konkret qaydalar, qanunlar və müddəalar var. Ona görə bu məsələdə kiminsə kiməsə özündən, yaxud öz istədiyi kimi şəhid statusu verməsi doğru yanaşma deyil. Əsas məsələ isə ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsində həm Rusiya, həm Ukrayna tərəfdən döyüşən və orada həlak olan çoxlu sayda azərbaycanlı var. Biz bunun şahidi oluruq ki, həmin şəxslər Azərbaycana gətirilərək dəfn edilərkən məzar daşlarına “şəhid” yazılır. Nə Rusiyanın apardığı müharibə Azərbaycanın müharibəsidir, nə də Ukraynanın apardığı müharibə Azərbaycanın müharibəsidir. Həmin şəxslər başqa bir dövlətin ərazisində döyüşdüklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Dolayısı ilə cinayət məsuliyyətinə cəlb olunmalı şəxslərə “şəhid” deyilməsi ən azından qanun baxımından qəbuledilməzdir. Hesab edirəm ki, bununla bağlı dövlət qurumları ciddi addımlar atmalıdır və məsələ qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməlidir. Əks halda kimsə başqa ölkənin ərazisində müxtəlif səbəblərlə döyüşəcək, sonra Azərbaycana qayıdacaq və ona şəhid statusu veriləcək. Bu yanaşma doğru deyil. Çünki həmin müharibələr Azərbaycanın müharibəsi deyil və Azərbaycan bu münaqişələrdə tərəf deyil, əksinə, onların siyasi həlli ilə bağlı mövqe bildirən ölkədir".

Onun sözlərinə görə, belə məsələlərə diqqət yetirilməlidir və problem həm də qanun çərçivəsində həll olunmalıdır.

"Təəssüf ki, Azərbaycanda təkcə maarifləndirmə yolu ilə hər zaman nəticə əldə etmək mümkün olmur. Buna görə də bəzi hallarda inzibati üsullar daha effektiv olur. Bu məsələdə də effektiv nəticə üçün həm dövlətin, həm də mətbuatın rolu vacibdir. Mətbuat bu barədə yazmalı, ictimaiyyət məlumatlandırılmalıdır. Dövlət isə müvafiq addımlar atmalıdır, çünki bu məsələ birbaşa dövlət maraqları ilə bağlıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu da bu məsələlərlə bağlı cinayət işi açıb. Bu isə o deməkdir ki, həmin şəxslər hüquqi məsuliyyət daşıyırlar. Eyni hal daha əvvəl Suriya və digər münaqişə zonalarında da müşahidə olunub. Belə olan halda bir tərəfdən cinayət işi açılması, digər tərəfdən isə həmin şəxslərin məzar daşlarına “şəhid” yazılması ziddiyyət yaradır və doğru yanaşma sayılmır. Ailələrin vəziyyəti isə ayrıca nəzərə alınmalıdır. Onlar yaxınlarını itiriblər və bu, ağır itkidir. Dəfn mərasimi keçirmək onların hüququdur və buna heç kim müdaxilə etməməlidir. Bu məsələni ictimai qınaq adı altında təhqirə çevirmək də doğru deyil. Cəmiyyət bəzən sosial qınaq adı ilə təhqirə yol verir ki, bu da yolverilməzdir. Bu səbəbdən həm maarifləndirməyə ehtiyac var, həm də inzibati orqanlar konkret addımlar atmalıdır. Dövlət qurumlarının bu məsələyə müdaxiləsi zəruridir", - deyə S.Məmməd vurğuladı.

NURİYYƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi