Prezident: “Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir“
Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb”
APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir:
“Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib.
Azərbaycan həm də mötəbər idman yarışlarına əməkdaşlıq edir. Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ”.
Prezident İlham Əliyev deyib ki, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: “Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər”.