Prezidentin köməkçisi Natiq Əmirov Fransa səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 9-da Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.
Görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət, iqtisadi islahatlarla əlaqədar həyata keçirilən tədbirlər, Azərbaycan-Fransa iqtisadi əlaqələri, fransız investorların ölkəmizə daha geniş miqyasda cəlb edilməsi imkanları müzakirə olunub.
Natiq Əmirov Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi islahat konsepsiyasının həyata keçirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya şuralarının yaradılması biznes və sahibkarlıq mühitində şəffaflığın, obyektivliyin təmin olunması, iş adamlarının, o cümlədən yerli və xarici investorların hüquqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi və daha böyük sərmayələrin cəlb edilməsi üçün zəruri şəraiti təmin edəcəkdir. Prezidentin köməkçisi, həmçinin Fransa ilə iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edib, genişmiqyaslı əməkdaşlığın ölkələrimiz üçün qarşılıqlı faydalı olacağını vurğulayıb.
Xanım Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və inkişafı üçün geniş potensialın olduğunu bildirib, görülən tədbirlər sayəsində bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Həyata keçirilən iqtisadi islahatları dəstəklədiklərini, bu sahədə istənilən formada əməkdaşlığa hazır olduqlarını qeyd edən səfir fransız investorların Azərbaycanda biznes fəaliyyətinə daha geniş şəkildə cəlb edilməsində, Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının ölkəmizdəki fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsində maraqlı olduqlarını bildirib.