azia.az
azia.az

Cəbrayılda təhsil sistemini BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR!

19-04-2022, 10:25

Cəbrayılda təhsil sistemini BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR!

Azərbaycan öz müstəqilliyinə qovuşandan indiyədək, rəhbərlərinin tətbiq etdikləri xoşagəlməz iş prinsipləri və metodları hədsiz ictimai narazılıq yaradan, elə buna görə ən çox tənqid hədəfinə tuş gələn dövlət strukturlarından biri də, ölkənin geniş təhsil sistemidir. Bu barədə, ölkə mətbuatında və sosial şəbəkələrdə ittiham xarakterli qanqaraldıcı nələr yazılmayıb?!. Cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin əsasını təşkil edən, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynayacağı rol günü-gündən aktuallaşan, dahilər tərəfindən millətin gələcəyi adlandırılan milli təhsilimizi pis kökə salanlara qarşı, öz kəskin tənqidi yazıları ilə araz.az xəbər portalı da həmişə barışmaz mövqe nümayiş etdirib. Həmin yazılarda daha çox bölgələrin təhsil sistemindəki qanqaraldıcı problemlərə və çatışmazlıqlara toxunulub, indiyədək onların normativ-hüquqi bazalarının yaradılmaması, müasir texnologiyaların tətbiqi imkanlarına görə, məzmunca yeniləşdirilərək təkmilləşdirilməməsi, həmçinin idarəçiliklərində demokratik dəyərlərin hələ də ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyalarının artmaması xüsusi vurğulanıb. Bütün bunlara görə, yazılarda tənqid hədəfinə daha çox tuş gələn rayon təhsil qurumlarından biri də, 1993-cü ilin avqust ayının 23-ünədək Cəbrayıl şəhərində, rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ildən 2007-ci ilin sentyabr ayınadək Saatlı şəhərində fəaliyyət göstərən, 2008-ci ilin sentyabr ayından isə, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 7 saylı qəsəbədə yerləşən, tabeliyində 39 tam, 2 ümumi orta məktəb olan Cəbrayıl Rayon Təhsil Şöbəsidir. Zəngin maarifçilik ənənələrinə malik Cəbrayıl təhsilinin ölkənin müstəqillik dövründə pis kökə salınmasının səbəbləri, bunun əsas günahkarlarının bağışlanmaz bəd əməlləri araz.az-dakı təəssüf doğuran çoxsaylı həmin yazıların əsas mövzusuna çevrilib.
Etibarlı mənbələr tərəfindən xəbər portalına ötürülən məlumatlar, şikayətçi məktubları və jurnalist araşdırmaları əsasında qələmə alınan həmin yazılarda qeyd olunduğu kimi, sabiq müdiri Validə Həsənovanın hələ də əlindən buraxmaq istəmədiyi və günü bu günədək onun təsiri altında idarə olunan Cəbrayıl Rayon Təhsil Şöbəsinin hazırkı müdiri Zamiq Qurbanovun müəllim istəklərinə qarşı açıq-aşkar keçilməz maneələr yaradan bəd əməllərinin doğurduğu hədsiz sıxıntılar, rayon məktəblərinin sinif otaqlarını, müəllimləri kimi, şagirdləri üçün də, necə deyərlər, azca da olsa hərarəti hiss olunmayan soyuq qəfəslərə çevirib. Sabiq müdiri kimi, o da, şəxsi mənafeyi naminə yerli məmurlarla əlbir olaraq, rayonun təhsil sistemi adından, vətəndaş etirazlarını getdikcə daha da şiddətləndirən ağlasığmaz özbaşınalıqlara imza atmaqdan çəkinmir. Buna ən bariz misal, yalnız və yalnız, Zamiq Qurbanovun şöbə müdiri təyin olunduğu vaxtdan indiyədək məktəblərdən yığdırdığı aylıq haqqlardan doymayıb, “şəhid pulu” toplatdırmaqdan belə çəkinmədiyini göstərmək kifayətdir. Bir də ki, sələfi və "krışası" Validə Həsənova kimi, müdir olaraq onun da adına çıxılan digər saysız-hesabsız rüşvət, saxtakarlıq, mənimsəmə və korrupsiya faktları da bağışlanmazdır!
Danılmaz bir faktdır ki, xələfi Zamiq Qurbanov öz sələfi Validə Həsənovadan "ruh alaraq", Cəbrayıl təhsilinin "başına ondan betər oyunlar açmaqdan" çəkinmir. Bir sözlə, əvvəllər sələfi rayon təhsilinə dağ çəkirdi, indi isə, xələfi dağ üstdən dağ çəkir! Beləcə, bölgə təhsilinin təəssübünü çəkənlərə ağır mənəvi zərbələr vurulur, yandırıb-yaxmaqla onlara əzab verilir! Ortada işlərini itirmək təhlükəsi olduğu üçün, açıq şəkildə şikayətə gedə bilməyən, bu səbəbdən medianın bu məsələdə onlara ən yaxın yardımçı olacağını böyük ümidlərlə gözləyən bir qrup cəbrayıllı müəllimin araz.az-a ünvanladıqları Müraciətdə də deyilir ki, Zamiq Qurbanov Validə Həsənovanın kadrı olduğu üçün, günü bu günədək, onun bir sözünü iki etməyib. Bu yerdə, aldığımız digər məlumatlara əsasən onu da qeyd etmək istəyirik ki, vəzifə kürsüsündə olarkən, sabiq xanım məmur həmişə rayonun təhsil sisteminin inkişafı məsələsini bir kənara qoyaraq, öz rəhbər fəaliyyətini daha çox öz mənafeyi üstündə kökləyib. Elə buna görə də, həm istədiklərini əldə edib, həm də rayon təhsil sisteminin işini öz iradəsinə və istəklərinə uyğun qura, təhsil müəssisələrini öz xoşagəlməz rəhbər diqtəsi altında idarə etdirə bilib. Bu səbəbdəndir ki, ölkənin əksər şəhər və rayonlarında olduğu kimi, Cəbrayılda da təhsil problemləri, müəllim giley-güzarı günbəgün özünü daha qabarıq biruzə verir. Əvvəllər problemlərin ölçüsü kənd yerlərində daha böyük çərçivəni aşsa da, indi analoji vəziyyət rayon mərkəzindəki təhsil müəssisələrində daha xarakterikdir. Məktəblərdəki dözülməz şəraitsizlik, müəllimlərlə direktorlar arasındakı qeyri-səmimi mühit, valideyn narazılıqları tədris prosesindəki tənəzzülün getdikcə buralara doğru daha da dərinləşməsinə dəlalət edir.
Ümumiyyətlə, Zamiq Qurbanov bu vəzifəni tutandan, öz rəhbər fəaliyyətindəki hədsiz narazılıqların yaranmasına səbəb ciddi nöqsanlar rayon məktəblərində xoşagəlməz ab-havanın yaranmasına səbəb olub. Dəhşət ondadır ki, məktəblərdə müəllimlərin dərs keçməyə həvəsləri də qalmayıb. Bir sözlə, təhsil şöbəsinin müdiri işinin öhdəsindən layiqincə gələ bilmədiyindən, bu, rayon təhsilinin keyfiyyətinin yüksəlməsinə və təhsil sisteminin düzgün qurulmasına ciddi maneələr yaradır. Son vaxtlar araz.az-ın redaksiyasına ünvanladıqları şikayət xarakterli müraciətlərində, Cəbrayıldan olan və milli təhsilimizin təəssübünü çəkən bir qrup şikayətçi təhsil işçisi də, hədsiz narahatlıqlarından doğan yanğılarla, əsasən, yuxarıda qeyd etdiklərimiz barədə yazıblar və dərd-sərlərinin yuxarılara çatdırılması üçün mətbuatdan kömək gözləyirlər. Öncə həmin Müraciətdə xüsusi olaraq o qeyd olunub ki, Zamiq Qurbanovu Biləsuvar rayonunda Cəbrayıl köçkünləri üçün salınmış qəsəbədə yerləşən Təhsil Şöbəsinin inzibati binasında, hətta şöbənin paytaxt Bakıdakı rəsmi ünvanında görmək də, çoxdandır müşkül məsələyə çevrilib: "İş-gücünü ataraq, vaxtının çox hissəsini özünə daha çox sərf edən məktəblərdə keçirən müdir, beləcə, ayrı-ayrı rayon və şəhərlərin yaşayış məntəqələrində yerləşən digər məktəblərimizi nəzarətdə saxlaya bilmir. Bu səbəbdən, həm də ayrı-ayrı yerlərdə yaşayan hər hansı bir Cəbrayıl köçkününün xərc çəkərək yüzlərlə kilometr qət edib, köçkün qəsəbəsinə gəlməsi və təhsillə bağlı dərd-sərini qəbuluna düşmək istədiyi şöbə müdirinə çatdırması, çoxdandır ki, çözülməz bir problemə çevrilib".
Ümumilikdə götürdükdə, şikayətçilər öz müraciətlərində onu demək istəyirlər ki, günlərini yollarda keçirən şöbə müdiri köçkünlər arasında olmaqdan qəti xoşlanmır: "Məhz buna görədir ki, Zamiq Qurbanov Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindən zəng edənlərə "Mən Bakıdayam", Bakıda yaşayan məcburi köçkünlərin telefon zənglərinə isə, "Mən Biləsuvardakı köçkün qəsəbəsindəyəm" cavablarını verərək, günlərini yola verir. Özünü işguzar kimi göstərməyə çalışsa da, əslində, elə deyil və bu cür bəd əməlləri onu birbaşa uçuruma aparır".
Həmin müraciətlərində təəssübkeş şikayətçilər xüsusi olaraq onu da qeyd edirlər ki, bir çox yaxınlarını Cəbrayıl məktəblərində vəzifələrə və digər vacib işlərə yerləşdirərək, özü üçün etibarlı şəbəkə düzəldən müdir, hətta bəd əməllərini maneəsiz görmək üçün, şöbənin müdir müavinlərini və digər məsul vəzifə sahiblərini belə oyundan kənarda saxlamaqdan çəkinmir.
Şöbə müdirindən daha çox edilən şikayətlərdən biri də, onun, bütün rayon məktəblərindən hər epizodu iyrəncliklərlə dolu və ictimaiyyət arasında hədsiz ikrah doğuran qanunsuz pul yığmalara göstəriş verməsi ilə bağlıdır. Bu barədə olan və araz.az-ın ünvanına da göndərilən bu şikayətçi məktublarında deyildiyi kimi, müdir bu vəzifəyə gələn gündən buna öz israrlı və ciddi göstərişlərini verib: "İsrarlı tələb qoyan müdiri buna görə qınamayan yoxdur. Doğrudan da, bu pul yığmaların hər bir epizodu ikrah doğuran iyrəncliklərlə dolu olduğundan, bunları unutmaq olmur. Məsələn, müdir məcburi tələb qoyub ki, müəllimlərin hər ay maaşlarından 1 faiz mütləq tutulsun. Onun təlimatı əsasında bir ərizə də hazırlanıb və müəllimlərə paylanıb. Hər bir müəllimin adına olan bu ərizədə, onlar, rəhbərlərindən xahiş etməlidirlər ki, maaşlarından hər ay bir faiz tutulub, Rayon İcra Hakimiyyətinin Büdcədənkənar Fonduna köçürülməsinə göstəriş versin. Həmin ərizədə qeyd olunanlara görə, guya, toplanan bu pullar şəhid ailələrinə, əlil və kimsəsizlərə çatacaq. Doğrudan da, Cəbrayıl məktəblərində belə ərizələr kütləvi şəkildə paylanıb. Müəllimlər məcburi qaydada bu ərizələri yazmağa təhrik olunub. Bu da, rayonda ciddi şəkildə narazılıqların yaranmasına səbəb olub.
Şikayətçi müəllimlərin ölkə mediasında dərc olunan fikirlərinə görə, Cəbrayıl Rayon Təhsil Şöbəsi ilə, İcra Hakimiyyətinin birgə həyata keçirdiyi bu qanunsuzluq cinayət əməlidir. Müəllimlər hesab edirlər ki, bundan əlavə, belə bir "təşəbbüs" Ali Baş Komandana, Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı bir şantajdır: "Çünki Azərbaycanda şəhid ailələrinə, kimsəsizlərə, müharibə əlillərinə dövlət qayğısı var və ölkə başçısı bu məsələyə həmişə xüsusi həssaslıq nümayiş etdirir. Belə olan halda, müəllimlərdən pulyığma kampaniyasının başladılması həm dövləti aşağılamaqdır, həm də özbaşınalıqdır. Biz ona da inanmırıq ki, yığılan vəsaitlər həmin ailələrə çatacaq. Bu pulların mənimsəniləcəyinə şübhə edirik. Bizim şəhid ailələrinə canımız da qurbandır! Onlara həmişə dəstək olmaq lazımdır. Ancaq bizdən qabaq dövlət və qanun var. Bu işi də, hökumət daha yaxşı bilir. Yerli məmurlar isə, özbaşına qərar qəbul ediblər.
Bütün bunlar bir daha onu təsdiq edir ki, Zamiq Qurbanov məktəbləri yüksək səviyyədə idarə etməkdə maraqlı deyil. Hər şeyi öz mənafeyinə qurban verir, nəticədə, cəmiyyət arasında təhsilin və müəllimlərin nüfuzu heçə enir, biabırçılıq yaranır. Axı, bütün bunlar necə nüfuzumuzu aşağı endirə və ortada biabırçılıq yarada bilməz ki, bu pul yığma kampaniyaları özündə yalnız iyrəncliklər və eybəcərliklər ehtiva edir. Amma nə olsun, bizim bu narahatlığımız yuxarılarda heç kəsin vecinə də deyil. Belə qanunsuzluqlar onları narahat etsəydi, yəqin ki, bir müddət öncə, Bakıxanov qəsəbəsində yerləşən Cəbrayıl rayonunun Cəmil Əhmədov adına şəhər orta məktəbindəki pul yığma mərasimində baş verənlərlə bağlı, əsl günahkar və digər günahkarlar ciddi cəzalarını alardılar. Di gəl ki, bu qanunsuz pul yığma Təhsil Nazirliyinin bu məktəbə yoxlamaya gələn mütəxəssislərinin gözləri önündə baş versə də, onlar məktəb direktorunun siyahı ilə pul yığmasının hal şahidləri olsalar da, buna görə heç kəsin xətrinə dəyən olmadı. Bu biabırçılığa baxmayaraq, məktəb direktoru Minə Fətəliyeva vəzifə başında öz işini bir müddət davam etdirdi. Sonra işdən azad edilməsi isə, bir daha onu sübut etdi ki, şöbə müdiri Zamiq Qurbanovun da bundan xəbəri olub və belə bir qanunsuzluqda məktəb direktoru ilə şərikliyi var demək!WhatsApp Image 2022 04 18 at 16.50.38
Belə bir biabırçı hadisədən sonra, rayon təhsili rəhbərinin xətrinə dəyənin olmaması və öz işini istədiyi tərzdə davam etdirməsi də, qəbuledilməzdir. Məhz buna görə, Təhsil Şöbəsinin müdiri ilə bağlı ölçü götürülməsinə göstəriş verməyi ölkə başçısından bir daha xahiş edirik! Çünki ümidimiz yalnız onadır! Heç yerdə bizi saya salan yoxdur".
Etibarlı mənbənin bu günlərdə araz.az-ın redaksiyasına ötürdüyü daha bir məlumat da, Zamiq Qurbanovun bu vəzifəyə təyin olunandan məktəb direktorlarından aylıq yığması barəsindədir. Deyilənlərin tam sübutu olan və dəqiqliyi şübhə doğurmayan faktlardan ibarət həmin məlumata görə, Zamiq Qurbanov şöbə müdiri təyin olunandan, əvvəlki sələfi və “krişası” Validə Həsənovanın nəsihətinə sadiq qalaraq, məqsədinə çatmaq üçün, Cəbrayıl rayonun ümumtəhsil məktəblərini "fırlanmağa başlayıb": "Zamiq Qurbanov müdir təyinatından əvvəl Validə Həsənovanın yanında metodist və Cəbrayılın Biləsuvar rayonu ərazisində yerləşən qəsəbə məktəblərinin birində direktor vəzifəsində də işləyib. Məhz buna görə, bu sarıdan da "bəxti gətirib". Yəni, metodist və direktor işi onu əvvəldən təhsil ictimaiyyəti ilə tanış etdiyindən, bu işini asan həyata keçirə bilib. Hətta Cəbrayıl rayonunun ümumtəhsil məktəblərindən sələfi Validə Həsənovadan da çox, təxminən, 250 - 400 manat arası pul yığımına başlayıb. Bu işdə özünə 2 nəfər məktəb direktorunu da “köməkçi” təyin edib: Rayon məktəblərindən yığımı Rauf müəllimə, Bakı məktəblərindən yığımı isə, Taleh müəllimə həvalə etməyə qərar verib. "Köməkçilər" müdirin bu tapşırığinı 2020-ci ilin aprel ayınadək davam etdiriblər. Həmin vaxt Zamiq Qurbanov müəyyən səbəblərdən qorxu və stress keçirərək, daha doğrusu, “day-dayısına” verdiyi haqq-hesabı artıq çıxardığından, yığımın 2 nəfər məktəb direktoru tərəfindən toplanmasını dayandırıb. Həm də ona görə ki, bu pulları yığan hər iki məktəb direktoru Zamiq Qurbanovun özünə, hər anı təhlükəli bu işdən artıq qorxduqlarını çatdırıblar və beləcə, bu təhlükədən canlarını qurtara biliblər. Buna baxmayaraq, bu “yığım” indiyədək davam edir. Müdir özünə yaxın bildiyi, etibar etdiyi məktəb direktorlarından aylıq pullarını şəxsən özü alır".

Redaksiyamıza Cəbrayıl Rayon Təhsil Şöbəsinin qanqaraldıcı xoşagəlməz işi ilə bağlı şikayətlər çox gəldiyindən, bu yazımızda, yalnız, digər vacib şikayətlərin qısa xülasəsini verməyi qərara aldıq. Çünki həmin şikayətlərin hamısını bir yazıda tam işıqlandırmaq mümkünsüzdür.

Həmin digər vacib şikayətlərin qısa xülasəsi aşağıdakı kimidir:

-- 1981-ci ilin sentyabr ayının 13-də Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olan, 1987-ci ildə bu kənddəki orta məktəbin birinci sinfinə gedən, Cəbrayılın erməni təcavüzkarları tərəfindən işğalı ilə əlaqədar, ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşan, 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb-liseyini bitirdikdən sonra, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə girən və 2003-cü idə ali təhsilini başa vuraraq, psixoloq ixtisasına yiyələnən Zamiq Qurbanov 2003 - 2005-ci illərdə həqiqi hərbi xidmətini cəbhə xəttində çəkərək, ehtiyata buraxılıb.
Bundan sonra, onun Cəbrayıl təhsili ilə bağlı sərgüzəştləri başlayıb. Öncə, Cəbrayılda at oğrusu kimi ad çıxaran və idman müəllimi olan, daha sonra Təhsil Şöbəsinin o vaxtkı müdiri Validə Həsənovanın əli ilə məktəb direktoru təyin edilən qayınatası Sahib Zamanov, onun, 2005-ci ilin sentyabr ayının 15-dən özünün rəhbəri olduğu Cəbrayılın Füzuli rayonunda yerləşən 7 saylı tam orta məktəbə psixoloq kimi işə götürülməsi barədə əmr imzalayıb. Lakin Sumqayıtda yaşayan yeznə, bir dəfə də olsa, bu məktəbdəki işinin üstündə olmayıb, yalnız adı gedib bu işdə. Buna baxmayaraq, Zamiq Qurbanov "əmək haqqını" tam olaraq hər ay alıb və qayınatasının hərtərəfli köməkliyi sayəsində, hətta 15 sentyabr, 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin edilib. 2012-ci ilin mart ayının 2-dək bu işdə olub. Bu müddət ərzində, qayınatasının yaxını Validə Həsənova Zamiq Qurbanovu özünə sadiq və etibarlı kadr kimi, 4 ilə yaxın müddətdə
rəhbəri olduğu şöbədə özünün yanında hərtərəfli işlədib. Beləcə, o, şöbə rəhbərinin ən yaxını və ən sadiq kadrı kimi "ad çıxarıb". Qayınatası bununla da kifayətlənməyib, necə deyərlər, Validə Həsənovanın "əlinin altından keçərək", yeznəsini Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor təyin etdirib. Bu vəzifəsi ilə bərabər, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədri vəzifəsi də,
2014-cü ildən ona həvalə edilib.
Beləcə, Zamiq Qurbanov öz "krışasının", eləcə də öz vəzifələrinin onun qarşısında "yandırdıqları "yaşıl işıq"la, istədiyi hər yolla getməkdən" çəkinməyib. "Bu yollara baş vurmaqla", o, istədiyi hər şeyə əl atıb;
-- Fəaliyyəti Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılan, yoxlama nəticəsində dövlət büdcəsinin mənimsənilməsi, vəzifə saxtakarlığı, korrupsiya və digər sahələrdə yol verdiyi ciddi nöqsanlar Validə Həsənovanın Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində qalmasına imkan verməyib. Korrupsioner və saxtakar olduğuna görə, tutduğu bu vəzifəsindən azad olunan Validə Həsənova, hətta əlindən çıxan bu vəzifənin bundan sonra da öz xeyrinə işləməsi üçün, əlindən gələni edib ki, öz sadiq və etibarlı əlaltısı Zamiq Qurbanov bu vəzifəyə gətirilsin. Elə, bu istəyini də tez bir zamanda reallaşdıra bilib. Çox böyük əməyi hesabına və yaxını Sahib Zamanovun digər yöndən yaxın dəstəyi sayəsində, Validə Həsənovanın bu əməyi də çox keçməmiş öz bəhrəsini verib. 2018-ci ilin oktyabr ayında, o, öz yerinə Zamiq Qurbanovu təyin etdirə bilib. Elə, o vaxtdan indiyədək də, xələfi öz sələfinin diqtəsi altında işləməkdən "ruh alaraq", onun təlimatlarını özü üçün iş prinsipinə çevirməkdən "rahatlıq tapır";

-- "Validə Həsənova -- Zamiq Qurbanov işbirliyi" çərçivəsində törədilən qanunsuzluqlar, Cəbrayıl Rayon Təhsil Şöbəsinin adının cəmiyyət arasında pis yöndən daha çox hallanmasının başlıca səbəbləridir. Tutduğu vəzifədən sui-istifadə etməklə, qanunsuz işlərlə məşğul olmaqdan çəkinməyən şöbə müdirinin əsas qazanc mənbələri də, birbaşa, öz xələfinin təlimat və göstərişlərindən qaynaqlanıb həmişə. Adi bir misal: Təhsil Şöbəsinə işçi götürərkən, müdir, müvafiq qanunları yaddan çıxararaq, Validə Həsənovanın məsləhət və göstərişlərini əsas götürür. Dəhşət ondadır ki, şöbə müdiri, Validə Həsənovanın və özünün təhsil sistemindən başı çıxmayan yaxınlarına belə Təhsil Şöbəsinin özündə və təhsil müəssisələrində iş verməkdən çəkinmir.
Onun göstərişi ilə, bəzən ömrünü pedoqoji sahəyə həsr edən, şərəfli müəllim adını hər şeydən üstün tutan bir çox adlı-sanlı müəllimlərin məqsədli şəkildə təhsildən uzaqlaşdırılması prosesi də gedir. Onun diqtəsiylə, yaşı 65-i haqlamış təcrübəli müəllimlərin fəaliyyətinə dərhal xitam verilməsi isə, hədsiz təəssüf hissləri doğurur.
Daha bir biabırçı hal ondan ibarətdir ki, müdirlə bərabər, ona yaxın digər rəsmilər də, öz səhvlərini düzəltmək əvəzinə, rayon təhsilinin təəssübünü çəkən və təhsil sistemində qanqaraldıcı mənzərənin yaranmasına səbəb xoşagəlməzliklərin əsas günahkarlarına haqlı iradlar bildirən, təhsil sahəsində kifayət qədər iş təcrübəsinə malik müəllimləri hədələməklə də məşğul olurlar. Bu, təhsil şöbəsinin müdiri tərəfindən onlara verilən xüsusi bir göstərişdir.
Müdirlə bərabər, Validə Həsənova da, təhsil müəssisələrindəki əsas vəzifələrə öz adamlarını yerləşdirmək üçün, müxtəlif oyunlardan çıxırlar. Hətta vakansiyadakı Cəbrayıl rayon məktəblərinə imtahan verən və imtahandan keçən şəxslərlə Validə Həsənova əlaqə saxlayaraq, onlara seçdikləri məktəbə direktor təyin olunmaqdan imtina etməyi israrla deyir, əsas kimi, gedəcəkləri kollektivin yaxşı olmamasını bəhanə gətirərək, bunu məsləhət görmədiyini bildirir. Təbii ki, o, bunu Zamiq Qurbanovla birgə, öz şəxsi mənafeləri naminə düşünüb. Məhz buna görədir ki, məktəblər bir müddət direktorsuz fəaliyyət göstərir və sonda, onlar həmin vəzifələrə öz adamlarını gətirirlər.
Bu iş birliyinin daha bir xoşagəlməzliyi ondan ibarətdir ki, sabiq və indiki müdirlər, daha bir qazanc yeri kimi, məktəbli formalarının satışına da göz dikiblər. Onlar məktəbli formasının satışını tanışlarına məxsus mağazalarda həyata keçirməkdən də çəkinmirlər...

Bizim üçün çox maraqlı, həm də çox düşündürücüdür: Görəsən, Təhsil Nazirliyinin başında duranlar, böyük məsuliyyət tələb edən belə bir vəzifəyə seçib, təyin etdikləri Zamiq Qurbanovun hədsiz vətəndaş narazılığına səbəb qanqaraldıcı rəhbər fəaliyyəti ilə nədən maraqlanmırlar?! Cəbrayıl təhsili özünün uzunömürlü bəlalarından xilac ola biləcəkmi?!.
Bu bölgədə çoxdan hamını düşündürən və getdikcə daha da qəlizləşən bu və bu kimi suallara dəqiq cavab tapmaq mümkün olmur. Ümumiyyətlə, bu sualların özləri və onlara verilən cavablar əsas arqumentinə çevrilən bu mövzu ilə bağlı fakt və sübutlar əlimizdə çox olduğundan, bu barədə yazılarımızın davamlı olacağını da dəyərli oxucularımızın diqqətinə çatdırırıq. Qanunlarımızın tələbələrinə uyğun olaraq, qarşı tərəfin -- yazıda adları çəkilənlərin mövqelərini də dərc etməyə hazır olduğumuzu qabaqcadan bildiririk.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi