azia.az
azia.az

Babayevin dizini bükdüyü QOCAMAN BDU... - 1 nömrəli təhsil ocağımız KRİMİNAL OCAĞA ÇEVRİLİB...

29-07-2021, 12:59


Təəssüflə qeyd etmək lazımdır ki, ölkənin ən qocaman və nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adı artıq elmi uğurları, qazandığı nailiyyətləri ilə xəbər başlıqlarında çəkilmir. İndi universitetin adına daha çox kriminal xəbər manşetlərində rast gəlmək mümkündür.
Babayevin dizini bükdüyü QOCAMAN BDU... - 1 nömrəli təhsil ocağımız KRİMİNAL OCAĞA ÇEVRİLİB...
Belə ki, srağagün saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
Bildirilir ki, onları bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.
Verilən məlumatlara görə dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.
Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, E.Babayevin universitetə rektor təyinatından sonra başlanan narazılıqlar zaman-zaman özünü biruzə verib. Bir çox kafedralarda elm xadimlərinin müxtəlif vasitələrlə işdən uzaqlaşdırılması ciddi etirazlar doğurub. Ümumiyyətlə rektorun kadr siyasəti çoxsaylı insidentlərlə yadda qalıb. Görünür növbəti belə insident artıq qanlı sonluqla nəticələnib.
BDU-nun 100 illik yubileyində rektor təyin olunan Elçin Babayevin yarıtmaz idarəçiliyi qocaman elm ocağını acınacaqlı duruma salıb. Ölkənin ən nüfuzlu elm xadimlərinin çalışdığı, zəngin ənənlərə malik, ictimai-siyasi proseslərə yön verən BDU bu gün qohumbazlığın, tayfabazlığın, özbaşnalığın hökm sürdüyü sıradan bir təşkilata çevrilib. Elmlə yaxından uzaqdan heç bir əlaqəsi olmayan, amma rektorun yaxın çevrəsinə daxil olan qohumları, dostları, sevdikləri BDU-da yüksək vəzifələrə gətiriliblər. Həmçinin saytımıza verilən məlumata görə kürəkəni, həyat yoldaşının baldızı, digər qohumları BDU-da yüksək vəzifələrlə “mükafatlandırılıblar”. Cumhuriyyet.az xatırladır ki, universitetdə ciddi narazılıq doğuran bu “kadr islahatları” nəticəsində qohumlardan ibarət komanda formalaşdırılıb. Verilən məlumatlara görə, “kadr islahatları” adı altında uzun illər universitetdə çalışan insanlar kütləvi şəkildə işdən azad olunublar. Əvəzində isə ümumiyyətlə təhsilə yaxından-uzaqdan bağlılığı olmayan insanlar BDU-da yüksək postlara gətirilib. Təsəvvür edin ki,əvvəllər bulvar idarəsində işləmiş yaxın adamını BDU-da yüksək posta təyin edib . Bu siyahıya polis əməkdaşı, maliyyə idarəsinin işçisi, telefon meneceri, metropoliten əməkdaşını da əlavə etsək BDU-nun “elmi potensialının” hansı vəziyyətdə olduğu aydın olar.
Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan indiyə qədər Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Təsadüfi deyil ki, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Çünki BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Məhz orta səviyyəli bir fəlsəfə doktorunun bu qocaman elm ocağına rəhbər təyinatından sonra hazırki acınacaqlı vəziyyət yaranıb.
Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət apara, onları idarə edə bilərmi ? Baş verənlər göstərir ki, bu mümkün deyil və nəticədə universitetdə narazılıqlar durmadan artır.
Universitetdə çalışan elm adamlarının bildirdiyinə görə E.Babayevin Universitetə gətirdiyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsullarıdır ki, onu da artıq tətbiq edib. Göründüyü kimi E.Babayev sanki BDU-nu çökdürmək, elmi potensialını məhv etmək üçün çaba sərf edir. 100 il ərzində toplanan təcrübə, elmi potensial bir il ərzində məhvə məhkum edilib. Azərbaycanımızın fəxri hesab edilən ali təhsil ocağı restoran şəbəkəsinə, qohumların ailə biznesinə çevrilib. E.Babayev tez-tez publika önündə özünü “zarafatcıl oğlan” kimi təqdim etməkdən zövq alır. Amma,onun Azərbaycan elmi ilə etdiyi bu zarafat bizə çox baha başa gələ bilər. Bu işlə zarafat etmək olmaz,cənablar…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi