Sürücülərimizin əsas sıxıntılarından biri aradan qalxır
Azia.az xəbər verir ki,Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirə olunub.
Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin (“ə”, “ğ”, “ö”, “ü”, “ş”) işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Layihə səsə qoyularaq qəbul olunub.
Yeniliyi Sputnik Azərbaycan-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, indiyədək bu isahədə müəyyən çatışmazlıqlar var idi: “Sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin işlənməsi, əsasən, Avropa ölkələrində olan sürücülərimiz üçün müəyyən problemlər yaradırdı. MDB ölkələrində isə bizim sürücülər üçün elə də ciddi problemlər olmayıb. Çünki sürücülük vəsiqələrimizi MDB ölkələrinin aidiyyəti strukturları, müəyyən mənada, tanıyırdı və qəbul edirdi”.
“Amma sürücülərimiz üçün bir sıra Avropa dövlətlərində nəqliyyat vasitəsinin icarəyə götürülməsində, sığorta şəhadətnaməsinin alınmasında və digər məsələlərdə problemlər var idi. Sürücülər zaman-zaman bu problemlərlə üzləşmələri barədə fikirlərini bildirirdilər” – deyə ekspert qeyd edib.
Allahverənov deyib ki, indiyədək vaxt xaricdə olan sürücülərimizə sürücülük vəsiqələri ilə yanaşı digər sənədlərini də təqdim etmək tövsiyə edilirdi: “Məsələn, ümumvətəndaş pasportu və digər sənədləri təqdim etməyi tövsiyə edirdik ki, bu və ya digər şəxsin sənədinin indentifikasiyası baxımından çətinlik olmasın. Bu, çıxış yolu olsa da, müəyyən bürokratik əngəllər yaradan vəziyyət idi”.
Onun sözlərinə görə, artıq xaricdə nəqliyyat vasitəsi idarə edən sürücülərimiz, ciddi ehtiyac görürlərsə, zərurət varsa, öz vəsiqələrini bütün məlumatların həm də ingilis dilində yazılmış sürücülük vəsiqələri ilə dəyişdirə bilərlər: “Bu, müsbət dəyişiklikdir. Düşünürəm ki, sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanması ilə sürücülərimizin xaricdə bu sahədə üzləşdikləri problemlərin bir qismi həll edilmiş olacaq”.
Aybəniz Abdulova