azia.az
azia.az

Vətənə xidmətə ruh verən bəstəkar

Bu gün, 13:21

Azərbaycan musiqi sənətində Vətənə sevginin, qürurun və milli ruhun ən təsirli ifadəçilərindən biri olan Anar İlhamlı illərdir yaratdığı marş və vətənpərvərlik ruhlu mahnıları ilə tanınan və rəğbət qazanan sənət adamıdır. Onun "Azərbaycan bayrağı", "Zəfər döyüşü", "Vətən üçün doğulduq", "Azərbaycan əsgəri-ən igid əsgər" kimi könüllərdə məskən salan əsərləri təkcə musiqi nümunəsi deyil, həm də milli birliyə və qəhrəmanlığa çağırışıdır. 

Vokalçı-bəstəkar Məmmədbağırov Anar İlham oğlu (Anar İlhamlı) 1983-cü ildə Şəki şəhərində anadan olub. Anar deyir: "Musiqiçi ailəsində böyümüşəm. Atam musiqi müəllimi idi. Uşaq vaxtı yuxudan oyananda görürdüm ki, başımın üstündə muğam ifa edir. Beləliklə, musiqi ruhuma, qanıma işlədi. Musiqi mənim üçün ana laylası, ata nəsihətidir". 

1997-ci ildə Şəkidə keçirilən milli vokal sənətinin banisi Bülbülün 100 illik yubileyinə həsr olunmuş müsabiqədə "Sevgili canan ", "Sənsiz", "Ölkəm " adlı romansları ifa edən Anar müsabiqənin qalibi olur.

Anar deyir ki, özünü dərk edəndə anlayıb ki, Tanrının ona cızdığı yolla gedir. Bu bir tale yoludur. İlk musiqi təhsilini Şəkidə alan ifaçı kiçik yaşlarından rayonda keçirilən bütün dövlət tədbirlərinin iştirakçısı olur. "Hələ Şəkidə olanda hərbi hissələrdə, əsgər və zabitlərimizin qarşısında konsert proqramları ilə çıxışlar edərkən qürurlanardım. O zaman ürəyimdən keçirdi ki, kaş hərbi marşlar yazaydım, igid oğullarımız bundan ruhlanıb düşmən üzərinə şığıyaydılar", - deyə Anar bildirir. 

Gənc ifaçı musiqi təhsilini davam etdirmək üçün 2000-ci ildə Bakıya gəlib konservatoriyaya daxil olur. Xalq artistləri Ağaxan Abdullayevdən, İslam Rzayevdən muğam dərsi alır. Əməkdar artist Teymur Əmrahdan vokalın sirlərini öyrənir. Anar həmin dönəmlərdən ifaçılıq sənəti ilə yanaşı, müsiqi yaradıcılığı ilə də məşğul olmağa başlayır. 

Anar İlhamlı ilə söhbət edərkən dedi:

- Xalqımızın başına gətirilən müsibətlər, qanlı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğal olunması, maddi-mədəni irsimizin məhv edilməsi içimə köz salmışdı. Ürəyim yanırdı. Torpaqlarımızın azad olunması üçün bir iş görməli olduğumu düşünürdüm. Anlayırdım ki, ilk növbədə gənclərimizdə vətənpərvərlik hisslərini gücləndirmək lazımdır. Musiqi ruhun səsidir. Mən döyşüçülərimizin ruhunu yüksəldən musiqilərin bəstələnməsinə daha çox önəm verdim.

Ruha can verən, əsgərləri döyüşə çağıran, onlarda qələbə ruhu yaradan musiqi də bir silahdır. Anar İlhamlı deyir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir əsgər kimi çalışıb. Müharibə günlərində işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması vətənpərvər bəstəkara ilham verir. Bu günlərdə o, şair Ramiz Qusarçaylının sözlərinə "Azərbaycan bayrağı" mahnısını bəstələyir:


Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!


"Vətən üçün doğulduq", "Vətən", "Azərbaycan əsgəri ən igid əsgər" kimi vətənpərvər ruhlu mahnılar da şanlı salnaməmizin yazıldığı o günlərdə yaradılıb.

 Müharibədən sonra da bəstəkar Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə, sözləri və musiqisi özünəməxsus olan "Zəfər döyüşü" adlı mahnı yazıb. 

Anar öz dəst-xəti olan bəstəkarlardandır. Onun bəstələrinin biri digərini təkrarlamır. Mövzular da, musiqi də rəngarəngliyi ilə seçilir.

Anar İlhamlının yaradıcılığında Elçin Mirzəbəylinin sözlərinə yazılmış "Qayıdış" marşının özünəməxsus yeri var:


Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün, 

30 illik ümiddir yaddaşına hördüyün,

Bir işıq topasıdır uzaqdan bəri gəlir,

Qəhrəman övladların qayıdır geri gəlir,

gəlir yurdun sahibi,  gəlir evin  yiyəsi,

Gəlir məğrur millətin, qalib əsgəri gəlir! 


Bəstəkarın "Qayıdış" marşı xalqımızın ən böyük arzusunun gerçəkləşməsini - torpaqlarımıza dönüş sevincini musiqidə yaşadan mənəvi bir simvoldur. O həm bəstəkar, həm də ifaçı kimi sənətini Vətənə borc bilir və yaratdığı hər əsərlə bu amalını daha da möhkəmləndirir.

100-dən çox musiqinin, əsgər marşının, musiqili kompozisiyanın, mahnının müəllifi, muğamlarımızın, xalq və bəstəkar musiqilərinin bənzərsiz ifaçısı, vokalist, bəstəkar Anar İlhamlı 2010-cu ildən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrində xidmət edir. O, qüsursuz xidmətinə və xidmətdə fərqləndiyinə görə Fövqəladə Hallar Nazirliyi tərəfindən yubiley medalları və fəxri fərmanlarla mükafatlandırılmışdır.

Anar İlhamlı bu gün Azərbaycan musiqisində vətənpərvərlik ruhunun yaradıcılarından biri kimi seçilir. Onun yaratdığı hər bir marş, hər bir musiqi nümunəsi xalqın yaddaşına hopan bir qürur sədasıdır. Sənətini Vətənə xidmət kimi dəyərləndirən bəstəkar, həm səhnədə, həm də xidmətdə göstərdiyi fədakarlıqla mənəvi bir məktəb formalaşdırıb. Anar İlhamlı kimi sənətkarlar Vətən sevgisini daha uca zirvələrə daşıyır və gələcək nəsillər üçün örnək yaradır.


Elşən QƏNİYEV,

"Azərbaycan"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi