Yeni qaydalar avtobus qəzalarını azaldacaqmı?
Azərbaycanda "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" təsdiq edilib.
Qaydalarda xüsusi diqqət çəkən məsələ sürücülərin iş vaxtı ilə bağlıdır. Belə ki, qaydalara əsasən, iki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının müddəti 7 saatdan çox olmamalıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bu çoxdan gözlənilən bir tələb idi: "Azərbaycanda Əmək Məcəlləsində müxtəlif sahədə çalışan insanların, o cümlədən sürücülərin iş və istirahət rejimi müəyyən olunub. Amma nəqliyyat sahəsində sürücülük peşəsi ilə məşğul olanlar üçün iş və istirahət rejminin xüsusi özəllikləri var. Bunların nəzərə alınaraq bu istiqamətdə ayrıca qaydaların hazırlanmasına zərurət var idi".
Ə.Hüseynovun sözlərinə görə, yeni qaydaların hazırlanmasında məqsəd ondan ibarətdir ki, sürücülər normal iş rejmində çalışsınlar, sürücü yorğunluğu kimi hallar baş verməsin, sürücü həmişə gümrah olsun, yola və idarə etdiyi nəqliyyat vasitəsinə tam nəzarət etsin: "Bu həm də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Qaydalar eyni zamanda, insan hüquqları ilə bağlı olan bir məsələdir. Çünki sürücülər insanların həyatına, sağlamlığına zərər yetirə biləcək dərəcədə istismar edilməməlidirlər".
Ə.Hüseynov hesab edir ki, yeni qaydaların tətbiq olunması avtobus qəzalarının azalmasına da səbəb olacaq: "Əsas hədəflərdən biri də odur ki, qəzalar baş verməsin. Sürücünün yorğunluğu ən azından qəzanın baş verməsinə zəmin yaradır. Əgər sürücü vaxtında istirahət edə bilmirsə, fiziki gərginliyə məruz qalırsa və əsəbi olursa, nəqliyyat vasitəsinə tam nəzarət edə bilmir. Bu isə qəza baş vermə riskini xeyli artırır və bəzən hətta qəzalara səbəb olur. Bu baxımdan hesab edirəm ki, yeni qaydalar zəruri idi".