Mərkəzi Bank saxta məktuba görə hüquq-mühafizə orqanlarına müraciət edəcək
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Lent.az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurum sosial şəbəkələrdə yayılan saxta məktubla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür: “Məsələnin hüquq müstəvisində araşdırılması üçün müraciət edəcəyik”.
Mərkəzi Bank bu orqanın İdarə Heyəti sədrinin müavini adından sosial şəbəkələrdə məktubun yayılmasına münasibət bildirib.
"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda deyilir: "Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".