Saxta baytarlıq preparatları aşkarlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Bakıda və respublikanın digər bölgələrində bir sıra hallarda keyfiyyətsiz baytarlıq preparatlarının satıldığı aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli qurumlarının mütəxəssisləri “Baytarlıq haqqında” Qanunun tələbləri əsas götürülməklə mənşəyi və keyfiyyəti şübhə doğurduğuna görə Bakı şəhəri Nəsimi rayonu, R. Cavadxan küçəsi, 1, mənzil 62 ünvanında və Quba şəhəri, 22-ci məhəllədəki ticarət bazarında yerləşən baytarlıq apteklərindən “Qelmisid” qranula antihelmintik baytarlıq preparatından nümunə götürərək rəy üçün Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutuna göndərilib. Ekspertiza zamanı həmin baytarlıq preparatlarının saxta olması müəyyən edilib.
Həmçinin Yevlax rayonu Cavadxan küçəsi, 37 ünvanında yerləşən anbarda saxlanılan 23 adda 700 kq-dan çox baytarlıq preparatlarının 400 kq-dan çoxunun istifadə müddətinin bitdiyi, qeydiyyatdan keçirilmədiyi üçün Xaldan kəndi ərazisindəki baytarlıq aptekindən 8 adda baytarlıq preparatları, S. Ruhulla küşəsi, 37 ünvanında yerləşən baytarlıq preparatlarının saxlanıldığı anbarda saxlanılan və rayondakı həmin kənddə fəaliyyət göstərən baytarlıq aptekində isə 31 adda baytarlıq preparatının satışı dayandırılıb.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, keyfiyyətsiz baytarlıq preparatlarından istifadə xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında təlafat hallarının baş verməsinə səbəb olur.