ARDNF-nin 2025-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil etmişdir.
Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):
Neft-qaz gəlirləri
2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olmuşdur, o cümlədən:
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olmuşdur.
İnvestisiya və büdcədənkənar gəlirlər
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat təşkil etmişdir.
Dövlət büdcəsinə transfert və xərc istiqamətləri
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilmişdir, o cümlədən:
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil etmişdir.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2025-ci ilin 9 ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.
Maliyyə bazarları baxımından, 3-cü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olmuşdur. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunmuşdur. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-nin borc öhdəliklərindən əldə etdiyi gəlirlər artmışdır.
Qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirmişdir. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərmişdir. Bu müsbət dinamika rüb ərzində ARDNF-nin səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.
Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir.